Dünya Güləş Birliyi (UWW) 2017-ci il sərbəst güləş üzrə Avropa Çempionluğunu Rusiya millisindən alaraq, Azərbaycana verib.

YALAN.info bildirir ki, buna həmin vaxt Rusiya yığmasının heyətində mübarizə aparmış Anzor Boltukayevin dopinq testinin müsbət çıxması səbəb olub.

97 kq çəki dərəcəsində çıxış edən idmançı Serbiyanın Novi Sad şəhərində təşkil olunmuş qitə birinciyilinin finalında türkiyəli Rıza Yıldırıma uduzaraq, ölkəsinə 9 xal qazandırıb. Ancaq antidopinq qaydalarını pozduğu üçün güləşçinin nəticələri ləğv edilib.

Bununla da komanda hesabında Rusiyanın aktivindən 9 xal silinib və 58 xalı olan Azərbaycan komandası avtomatik olaraq ikinci yerdən birinci sıraya yüksələrək, Avropa Çempionu olub. Xalı 53-ə enən Rusiya 3-cü yerə geriləyib. İkinci yeri isə eyni xalı olan Türkiyə tutub.

2017-ci il Avropa Çempionatında Azərbaycanı 97 kq çəkidə Aslanbek Alborov təmsil edib. Onun 1/4 finalda uduzduğu Gürcüstan güləşçisi Elizbar Odikadze finala yüksələ bilmədiyindən, Alborov mübarizəni dayandırıb və sonda 6-cı yerin sahibi kimi 5 xal əldə edib.

Onu da yada salaq ki, Azərbaycanın sərbəst güləş yığması 2017-ci Avropa Çempionatında 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıb. Həmin vaxt sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Firdovsi Umudov olub. Milli komanda ilk qitə çempionluğunu 2009-cu ildə Litvanın paytaxtı Vilnüsdə, üçüncüsünü isə 2022-ci ildə Macarıstanın paytaxtı Budapeştdə əldə edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın