Azərbaycanın Əməkdar artisti Sevda Ələkbərzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda keçirilən bayram konsertində müğənni Türkan Vəlizadənin mahnısını tənqid etməsinə münasibət bildirib.

YALAN.info bildirir ki, bununla bağlı Əməkdar artist öz “Instagram” səhifəsində paylaşım edib.

Müğənni bildirib ki, bu cür mahnının İçərişəhərdə səsləndirilməsinin yanlış olduğuna diqqət çəkmək istəyib:

“Mənim adımı heç kimlə birgə hallandırmayın, şəklimi belə, yanaşı paylaşmayın. Mən oradakı ifaçını tanımıram. Azərbaycanın mədəniyyət, Vaqif Mustafazadə, xalçaçılıq ocağında, bir çox turistlərin olduğu yerdə belə musiqi səsləndirilməsi məni dəhşətə gətirdi. Bu, Azərbaycanın ən əsas, gözəl Novruz bayramında olan bir konsertdir.

Lap turistlər yox, azərbaycanlı insanlar, uşaqlar gəlirlər. Zövqdən danışırıq, belə bir musiqi səslənə bilər? Biz avtovağzalda, taksidə, bazarda hansı musiqi səslənir – bundan danışmırıq. Biz İçərişəhərdə Novruz bayramında səslənən musiqidən danışırıq. Mənim sözüm onlaradır ki, bu işlə kim məşğul olur? Belə özəl gündə və özəl yerdə niyə belə musiqi səslənir? Əgər ona musiqi demək olarsa”.

Qeyd edək ki, S.Ələkbərzadə şəhərdəki konsertlərin birində səsləndirilən mahnını tənqid etmişdi. Sözügedən mahnı Türkan Vəlizadənin “Ağlıma bir ad gəlir” olub. 

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın