Azərbaycan Ordusu Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planına uyğun olaraq “Dövlət sərhədinin pozulması hallarının qarşısının alınması üzrə sərhəd axtarışının təşkili” mövzusunda birgə taktiki təlim keçirilib.

YALAN.info bildirir ki, bununla bağlı “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC məlumat yayıb.

Bildirilib ki, təlimin ssenarisinə görə, sərhəd pozucuları dövlət sərhədini pozaraq Naxçıvan Muxtar Respublikasının ərazisinə keçməyə çalışırlar. Sərhəd naryadından daxil olmuş siqnala uyğun olaraq sərhəd bölmələrinin şəxsi heyəti “Silaha” komandası ilə qaldırılır.

“Həyəcan qrupu” hadisə baş vermiş əraziyə, “Hərbi pərdələyici dəstə” sərhəd naryadları isə dövlət sərhədinin pozulduğu istiqamətdə təyin olunmuş hüdudlar boyu ərazinin qapadılması üçün hərəkət edirlər. Dövlət sərhədinin pozulması əlamətləri aşkar edildikdən sonra sərhədin mühafizəsi gücləndirilməklə aidiyyəti qurumların müvafiq bölmələri xəbərdar edilir. Sərhəd komendantlığının mobil qrupları və sərhəd zastavalarından cəlb olunmuş axtarış qrupları tərəfindən dövlət sərhədinin pozulduğu istiqamətdə axtarış tədbirləri həyata keçirilir.

Əməliyyat-axtarış tədbirlərinin daha effektli həyata keçirilməsi üçün əməliyyat rayonunda birgə qərargah yaradılır. Axtarış rayonunda sərhəd pozucularının dərinliyə sızmasına imkan verməmək məqsədilə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının bağlama qrupları ilə birgə Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələrindən və Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının xüsusi təyinatlı dəstəsindən ayrılmış qruplar da cəlb edilməklə təyin olunmuş hüdudlar boyu ərazi qapadılır. 

Birgə fəaliyyət zamanı təcrid edilmiş ərazilərdəki yaşayış məntəqələrində naməlum şəxslər haqqında məlumatların toplanılması məqsədilə əraziyə yaxın yollarda reydlər keçirilir, əməliyyat rayonunun giriş-çıxış yollarında nəzarət məntəqəsi xidməti təşkil olunur.

Aparılmış uğurlu axtarış tədbirləri nəticəsində aşkar olunmuş sərhəd pozucuları mühasirəyə alınaraq yaxalanır və sərhəd axtarışı ərazisində fəaliyyət dayandırılaraq rejimə qoyulmuş məhdudiyyətlər aradan qaldırılır.

Təlimin yekununda “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası komandirinin birinci müavini – qərargah rəisi, polkovnik Muxtar Həmzəyev birgə fəaliyyət nəticəsində təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunduğunu bildirib.

Naxçıvan Qarnizonu Qoşunlarında taktiki təlim keçirilib

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın