Azərbaycan cüdoçuları 29 aprel-1 may tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa Çempionatında 1 qızıl və 2 bürünc medal qazanıb.

YALAN.info bildirir ki, Avropanın 40 ölkəsindən 362 idmançının qatıldığı çempionatı cüdo üzrə Azərbaycan Milli Komandası ümumi sıralamada 8-ci, kişilər arasında isə 4-cü yerdə başa vurub.

Baş məşqçi Riçard Trautmanın rəhbərliyi altında Azərbaycan komandası Avropa çempionatına 9 oğlan 2-i qız olmaqla, 11 idmançı ilə qatılıb. 3 gün davam edən yarışın ilk günü oğlanlar arasında -60 kq. çəki dərəcəsində Balabəy Ağayev və Əhməd Yusifov, -66 kq. çəki dərəcəsində İbrahim Əliyev və Yaşar Nəcəfov, qızlar arasında isə -48 kq. çəkidə Şəfəq Həmidova və Ramilə Əliyeva tatamiyə çıxıb. -60 kq. çəkidə yarışan idmançımız Balabəy Ağayev və -66 kq. çəkidə yarışan idmançımız Yaşar Nəcəfov 5-ci yerlə kifayətləniblər.

Yarışın ikinci günü -73 kq. çəki dərəcəsində favorit idmançılarımız Rüstəm Orucov və Hidayət Heydərov medallar uğrunda mübarizə aparıblar. İlk olaraq Rüstəm Orucov bürünc medala sahib olub, digər idmançımız Hidayət Heydərov isə bütün rəqiblərini geridə qoyaraq qızıl medal qazanıb.

Çempionatın sonuncu günü 3 cüdoçumuz mükafatlar uğrunda mübarizə aparıb. -90 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Məmmədəli Mehdiyev və -100 kq. çəkidə yarışan cüdoçumuz Elmar Qasımov çempionluğa çox yaxın olduğu halda bürünc medal uğrunda yarışmaq şansı əldə ediblər. Məmmədəli Mehdiyev Avropa 3-cüsü olub, Elmar Qasımov isə çempionatı 5-ci yerdə tamamlayıb. +100 kq. çəkidə mübarizə aparan cüdoçumuz Uşanqi Kokauri yarışda 7-ci yeri tutub.

Hidayət Heydərov: “Bu qələbə mənim üçün daha dəyərlidir, çünki sabit inkişafımın sübutudur”

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatının ikinci günü -73 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov bütün rəqiblərini geridə qoyaraq final mərhələsində italiyalı rəqibi Covanni Esposito ilə üzləşib. O, rəqibinə “golden score” bölümündə 24 saniyəyə “vaza-ari” ilə qalib gələrək, ikiqat Avropa çempionu olub.

İkiqat Avropa çempionu Hidayət Heydərov Avropa Cüdo Birliyinin (EJU) son məqaləsi üçün müsahibə verib: “2017-ci ildə Avropa çempionu titulu aldığıma çox sevinirdim, ancaq bu qələbə mənim üçün daha dəyərlidir, çünki sabit inkişafımın sübutudur”.

Heydərov EJU-yə müsahibəsində öz qələbəsini belə şərh edir: “81 kq-dan sonra 73 kq çəki ilə yarışlara qayıtdığım üçün çox şadam. Bu çəki dərəcəsində özümə daha çox hakim olduğumu hiss edirəm və bu turnirdə yenidən iştirak etdiyim üçün çox xoşbəxtəm”.

Çempionun sözlərinə görə, karyerasının çox maraqlı tarixi var. O artıq yeniyetmələr, gənclər və böyüklər arasında titula sahibdir. Eyni zamanda, məqalədə bildirilir ki, cüdo sahəsində olan bir çoxları Rüstəm Orucov və Hidayət Heydərov arasında olan əzəli rəqabətdən məlumatlıdır. Ancaq Hidayətin uğurundan sonra iki cüdoçu bu qələbəni qardaş kimi bayram ediblər.

Rüstəm Orucov və Hidayət Heydərov
Rüstəm Orucov və Hidayət Heydərov

Eyni çəki dərəcəsində yarışan R.Orucov təsəlliverici mərhələdə rumıniyalı Alexandru Raykunu geridə qoyaraq bürünc medal görüşünə vəsiqə qazanıb. Daha sonra rumıniyalı idmançı Adrian Sulkanı məğlub edərək millimizi aktivinə bürünc medal qazandırıb. Qeyd edək ki, R.Orucov artıq Avropa Çempionatında 5-ci dəfə mükafatçı olub. Onun artıq qitə çempionatından 1 qızıl, 1 gümüş və 3 bürünc medalı var.

İdmançıları müşahidə edən baş məşqçi Riçard Tarutman yarışlar zamanı həyəcanlı və eyni zamanda gərgin görsənirdi. Məşqçi Avropa Cüdo Birliyinə verdiyi müsahibədə bildirib ki, cüdo Azərbaycanda olimpiya medalı gözlənilən 3 əsas idman növlərindən biridir. “Təzyiqi hiss etsə də, bu, Heydərov üçün yaxşı çağırışdı”, – Trautman deyib.

1 AÇIQLAMA

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın