Apple şirkətinin planları ilə yaxından əlaqəli olan şəxslərin sözlərinə görə şirkət öz elektromobilinin yaradılması prosesini sürətləndirməyə nail olmaq istəyir. Bundan başqa yeni məlumata əsasən Apple elektromobili tamamilə pilotsuz etmək niyyətindədir. Son bir neçə il ərzində şirkət Project Titan adlı layihə çərçivəsində həm tam avtopilot sistemli elektromobillərin, həm də məhdud imkanlara sahib avtopilot sistemli elektromobillərin istehsalını nəzərdən keçirdib.

İndi isə Apple mühəndisləri öz diqqətlərini tam avtopilot sistemli elektromobilə yönləndiriblər. Bununla bağlı Bloomberg saytı xəbər verib. Məlumatda qeyd edilib ki, mühəndislər Kevin Lynch-in rəhbərliyi altında çalışırlar. Bu şəxs daha öncə Apple Watch üçün proqram təminatının yaradılması şöbəsinə rəhbərlik edib.

Anonim şəxslərin sözlərinə görə, məhz Kevin Lynch tam avtopilot sistemli elektromobilin yaradılmasında israr edib. Bu, Apple şirkətinin avtomobil şöbəsində baş vermiş son dəyişiklikdir. Apple şirkətinin planları çox iddialıdır. Belə ki, Tesla da daxil olmaqla elektromobil bazarının başqa liderləri tam avtopilot sistemli elektromobilin bazarda satışa çıxarılmasından hələ çox uzaqdırlar.

Apple isə bu cür elektromobili 4 ildən sonra satışa çıxartmağı planlaşdırır. Halbuki, bu ilin əvvəlində güman edilirdi ki, bunun üçün minimum 7 il vaxt lazım olacaq. Təbii ki, təyin edilmiş müddətdə dəyişikliklər ola bilər. Belə ki, yekun məhsulun satışa çıxarılması Apple şirkətinin 2025-ci ilə kimi avtonom idarəetmə sistemi üzərində işləri bitirib-bitirməyəcəyindən asılıdır.

Məlumata əsasən şirkət öz elektromobilini sükansız və pedallarsız təsəvvür edir. Apple elektromobilinin salonunun mərkəz hissəsində böyük ölçülü sensorlu ekranın yerləşdirilməsini nəzərdən keçirdir. İstifadəçi öz növbəsində səyahət zamanı həmin ekranla qarşılıqlı əlaqədə ola biləcək.

Elektromobil eyni zamanda Apple şirkətinin başqa məhsulları ilə sıx inteqrasiya ediləcək. Bu layihə ilə əlaqəli olan şəxslər qeyd ediblər ki, şirkət avtonom idarəetmənin baza sisteminin yaradılmasında önəmli mərhələyə çatıb. Bu sistem üçün nəzərdə tutulmuş prosessor iPhone, iPad və Mac üçün prosessorları yaradan şəxslər tərəfindən hazırlanıb.

Yaxın gələcəkdə Apple sözügedən texnologiyanın testlərinə start verə bilər. Şirkət yeni prosessorun və avtonom idarəetmə üçün nəzərdə tutulmuş müxtəlif sensorların testlərini təkmilləşdirilmiş avtomobillərdə reallaşdırmağı planlaşdırır.

Məlumatda qeyd edilib ki, yeni prosessor Apple tərəfindən hazırlanmış ən təkmilləşdirilmiş məhsullardan biridir. Belə ki, yaradılmış çip əsasən machine learning və süni zəka tapşırıqlarının emal olunmalarından cavabdeh olan neyron prosessorlardan ibarətdir. Güman olunur ki, sözügedən prosessorun çalışması üçün yüksək sayda resurs və güclü soyutma sistemi tələb olunacaq.

Apple öz gələcək nəqliyyat növünün təhlükəsizlik məsələsinə özəl diqqət ayırır. Təhlükəsizlik sistemlərində və elektromobilin idarəsində nasazlıqların yaranmaması üçün şirkət çoxsəviyyəli ehtiyat kopyalama sistemini yaradır. Apple həmçinin insanın avtonom nəqliyyat növü ilə qarşılıqlı əlaqədə olması üçün nəzərdə tutulmuş funksiyaların yaradılması istiqamətində mühəndis proqramçıları işə cəlb edir.

Elektromobil üçün olacaq proqram təminatı Apple şirkətinin mobil əməliyyat sistemlərinə oxşar olacaq. Bundan başqa Apple öz elektromobillərinin CCS standartlı şarj sistemi ilə uyğunlaşmalarını da müzakirə etdiyi bilinir. Bunun sayəsində Apple elektromobilləri şarj cihazlarının geniş qlobal şəbəkəsinə qoşula bilər.

Apple həmçinin öz elektromobilləri üçün bəzi biznes modelləri də müzakirə edib. Onların arasında Uber, Lyft və Waymo kimi servislərlə rəqabət apara biləcək avtomobil parkının yaradılması da var. Ancaq çox güman ki, şirkət öz elektromobillərini fiziki şəxslərə satacaq. 

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın