Amerikalı milyarder İlon Mask insanlara kömək etmək üçün müxtəlif tapşırıqları yerinə yetirə biləcək humanoid (insanabənzər) robotunun növbəti nəsli – “Optimus Gen 2”ni təqdim edib.

YALAN.info bildirir ki, robotun yeni versiyası “Tesla” tərəfindən hazırlanmış sensorlarla təchiz edilib. O, öncəki versiyasından 30 % daha sürətli yeriyə bilir, həmçinin çəkisi 10 kq-a yaxın azalıb.

İnsanabənzər robotun ən çətin hissələrindən biri də qollardır. Onlar ağır yükləri daşımaq üçün kifayət qədər güclü, eyni zamanda kövrək obyektləri idarə etmək üçün yetərli qədər dəqiq olmalıdırlar. “Optimus Gen 2”nin də bütün barmaqları taktil (toxunma) hissinə malikdir. Bunu kadrlarda humanoidin yumurta ilə bağlı hərəkətlərində görmək olur.

“Tesla” şirkəti yaxın vaxtlarda robotu öz istehsalat əməliyyatlarında istifadə etməyə başlamağı planlaşdırdığını bildirib. Faydalı olduğu sübut edildikdən sonra robotun satışına başlanması planlaşdırılır.

Yada salaq ki, robot ilk dəfə 2021-ci ilin avqustunda “Tesla” tərəfindən təqdim edilib. Cihazın yaradılmasının əsas məqsədi ağır əşyaların daşınması və ya ərzaq alış-verişi kimi adi, yaxud da potensial təhlükəli işləri yerinə yetirməkdir.

Optimus – Gen 2

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın