Dünyanın ən böyük robot yarışı “Robotex International” “Global Olympic Center”in təşkilatçılığı, Avropa Birliyinin dəstəyi ilə ilk dəfə Azərbaycanda keçiriləcək.

YALAN.info bildirir ki, məktəbəqədər yaşdan etibarən ali məktəblərdə təhsil alan tələbələrə qədər hər kəs öz bilik və bacarığını bu yarışda nümayiş etdirə biləcək.

İlk dəfə Azərbaycanda keçiriləcək Robotex yarışında iştirakçılar 2 əsas, 19 alt kateqoriyada yarışacaqlar. İştirakçılar öz robotlarını yarışdırmaqla yanaşı, həm də startaplarını da təqdim etməyə şans qazanacaqlar. Bu yolla onlar dünyanın ən məşhur sahibkarları, mühəndisləri, investorları ilə tanış olacaqlar.

Yarışın seçim turu bir sıra ölkələrin iştirakı ilə mart ayının 2-3-ü tarixlərində Azərbaycanda keçiriləcək. Seçim turunda qalib olan komandalar 20-21 aprel tarixlərində Antalyada təşkil olunacaq yarımfinalda iştirak hüququ qazanacaq. Bu turda uğur qazanan komandalar isə 15-19 noyabr tarixlərində Estoniyanın paytaxtı Tallində ölkəmizi təmsil edəcəklər.

Azərbaycanda təşkil olunacaq mərhələdə 19 kateqoriya üzrə ən yaxşı 3 komanda müfakatlandırılacaq, eyni zamanda münsif heyəti tərəfindən xüsusi seçilən bir komanda da öz kateqoriyasında yarımfinala yüksəlmiş olacaq.

2001-ci ildən təşkil olunan bu nüfuzlu tədbirin final mərhələsində hər il hər qitədən minlərlə robotika mühəndisləri, peşəkarları və həvəskarları eyni dam altında toplanır, global bilik və təcrübə mübadiləsi edilir. Məktəbəqədər yaşdan etibarən ali məktəbdə təhsil alan 4-cü kurs tələbələrinədək hər kəs “İnternational Robetex”də iştirak edə bilər.

Son qeydiyyat tarixi 20 yanvar 2024-cü ildir.

Onu da bildirək ki, Beynəlxalq Robotex Yarışının məqsədi XXI əsrin çətinliklərinə qarşı çıxmaq üçün gənc nəsillər yalnız elm və texnologiya ilə maraqlanmamalı, həm də bu sahələrdə təcrübə qazanmağı öyrətmək, həmçinin robotexnika, süni intellekt və avtomatlaşdırmanın getdikcə daha mühüm rol oynadığı dünyamızda uşaqları və gəncləri bu məsələlərlə bağlı məlumatlandırmaq, onların istedadlarını üzə çıxarmaq, potensiallarını ən yüksək səviyyədə istifadə etmək imkanı yaratmaqdır.

Robotex iştirakçılara şəbəkələşmə, beynəlxalq inkişaf, akademik səviyyədə yüksəliş qazandırır. Bu festivalın məqsədi yalnız yarışmaq və ya öyrənmək deyil; həm də iştirakçıları sənaye liderləri ilə, mühəndislərlə, idarəçilərlə, tələbələrlə və şagirdlərlə birləşdirən geniş kommunikasiya şəbəkəsi yaratmaqdır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın