“Bu gün ABŞ Dövlət katibi Blinkenlə müzakirəmizin mövzusu Ukraynanın sərhədlərindəki təhlükəsizlik vəziyyəti və müvəqqəti işğal olunmuş Donbasdakı durum idi”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba ABŞ Dövlət katibi Entoni Blinkenlə Kiyevdə keçirdiyi mətbuat konfransında deyib.

“Rusiyanın birinci planı odur ki, Ukrayna dövlət kimi mövcud olmasın, ancaq Ukrayna mövcuddur və o inkişaf edir. Biz çətin zamanlardan keçmişik, keçirik. Bizim vətəndaşlarımız həlak olur, bunlar çətindir, amma biz güclüyük və deyərdim ki, həmişəkindən daha güclüyük. Bizim güclü ordumuz, çox güclü diplomatiyamız və güclü tərəfdaşlarımız var. Biz Rusiyanın aqressiyasının risklərini başa düşürük, ancaq inanırıq ki, bu çətinliklərin öhdəsindən gələcəyik və xilas olacağıq.

Rusiyanın bu gün görmək istədiyi ən böyük şey Ukraynada panika və inamsızlıqdır. O, Ukraynanın daxildən zəifləməyini, bizim maliyyə sistemimizin zəifləməsini görmək istəyir. Ancaq biz ölkədə maliyyə sisteminin stabilliyi üçün bütün səyləri göstəririk. Bizim iqtisadiyyatımız çətinliklərdən zərər görməyəcək. Biz bilirik ki, ABŞ bizim yanımızdadır və bu təkcə təhlükəsizlik məsələsində deyil, həmçinin daxili güclənmə, islahatlar sahəsində də belədir”, – XİN başçısı bildirib.

O vurğulayıb ki, Ukraynanın iştirakı olmadan Ukrayna barədə danışıqlar getmir, qərarlar verilmir: “Bizim tərəfdaşlarımız əgər danışıqlar aparırsa, onlar bizi məlumatlandırır, biz onların nəyi müzakirə etdiyini bilirik”.

Nazir bildirib ki, amerikalı həmkarı ilə “Normand formatı”nı da müzakirə edib: “Bizim bu münaqişə üçün yalnız bir həllimiz var və bu diplomatik həldir. Əgər Rusiya da doğurdan siyasi həll istəyirsə və bunu yalnız şüarlarla ifadə etmək istəmirsə, o zaman bu ölkə diplomatik müzakirələrdə iştirak etməlidir. Bu münaqişə yalnız o zaman həll oluna bilər ki, axırıncı rus əsgəri Luqansk, Donetsk bölgəsini, Krımı və Sevastopol şəhərini də tərk etsin”.

Kuleba ABŞ-ın Ukraynaya göstərdiyi hərbi yardıma görə Bayden administrasiyasına təşəkkür edib: “Bir daha qeyd edim ki, Ukrayna heç kimə hücum etməyi planlaşdırmır. Biz yalnız öz müdafiə qabiliyyətimizi gücləndirmək üçün çalışırıq və bu mənada ABŞ bizim bir nömrəli partnyorumuzdur”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın