Bu gün Ukrayna Prezidenti Vladimir Zelenskinin iştirakı ilə Ukrayna Müdafiə Nazirliyi və Türkiyənin “Baykar Savunma” şirkəti Kiyevdə təlim və sınaq mərkəzinin tikintisi ilə bağlı memorandum imzalayıb.
YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Ukrayna tərəfindən sənədi müdafiə naziri Andrey Taran, Türkiyə tərəfdən isə “Baykar Savunma”nın baş direktoru Haluk Bayraktar imzalayıb.
“Biz bu anı çoxdan gözləyirdik. Bu, bizim üçün önəmli bir hadisədir”, – deyə Vladimir Zelenski memorandumun imzalanmasından sonra vurğulayıb.
Ukrayna dövlətinin başçısı bu layihənin həyata keçirilməsinə dəstək verdiyi üçün öz adından və Ukrayna xalqı adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib:
“Bu, irəliyə doğru böyük bir addımdır. Prezident Ərdoğana minnətdaram. Bu, Ukraynanın suverenliyi və müstəqilliyinə əsl dəstəkdir”.
Məlumatda həmçinin qeyd olunur ki, Vasilki yaxınlığında tikiləcək mərkəzdə türkiyəli mütəxəssislər “Bayraktar” pilotsuz uçuş aparatının istismarı ilə bağlı ukraynalılara kadr hazırlığı da keçəcək.
Qaynaq: Ukrayna Prezidentinin saytı (President.gov.ua)