Azərbaycan futbolunda meydanların süni örtüyü ilə bağlı məsələ yenidən gündəmə gəlib. Zaman-zaman bu məsələni məşqçilər, mütəxəssislər və jurnalistlər tez-tez qaldırıblar. Onların fikrincə, süni örtüklü meydanlar futbolçuların zədələnməsinə gətirib çıxarır. Azərbaycanın iqliminin Rusiya və Skandinaviya ölkələrindəki kimi çox soyuq olmadığını deyən mütəxəssislərə görə, bütün meydanlar təbii örtüklə əvəz olunmalıdır. Özü də təkcə böyük yox, həm də uşaq futbolunda. Ancaq bununla bağlı məşqçilərlə AFFA arasında fikir ayrılıqları var.

Təsadüfi deyil ki, problemin olmağı ilə bağlı illərdir danışılsa da, federasiyanın xətti və dəstəyi ilə ən son üç meydanda (Tovuz, Bayıl və Şamaxı stadionlarında) quraşdırılan qazonun örtüyü süni olub. Ölkəmizdə süni örtüklü meydanların salınması ilə əsasən AFFA məşğuldur. Qurumdan bildirirlər ki, onların dəstəyi ilə salınan bütün süni örtüklər ən yüksək beynəlxalq standartlara uyğundur.

Qurban Qurbanov: “Birdəfəlik bu vəziyyətdən çıxış yolu tapmaq lazımdır”

Qurban Qurbanov
Qurban Qurbanov

Ancaq o da qeyd edilməlidir ki, futbol federasiyasının bu mövqeyi süni örtüklü meydanlarla bağlı narazılıqları zərrə qədər də azaltmır. Bir müddət öncə “Sabah”ın baş məşqçisi Murad Musayev bunun futbolçulara problem yaratdığını dilə gətirmişdi. Dünən isə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da mətbuat konfransında şikayətlənib. “Turan Tovuz”la səfərdə süni örtüklü meydanda keçirilən oyundan sonra Ağdam klubunun baş məşqçisi deyib:

“Tovuz şəhər stadionunun qazonu yeni olsa da, dəfələrlə demişəm ki, süni örtüyün tərəfdarı deyiləm. “Turan Tovuz”un 7 futbolçusu zədəlidir. Bu gün bizim heyətdə Marko Veşoviç ağrılar yaşadı. Birdəfəlik bu vəziyyətdən çıxış yolu tapmaq lazımdır. Bu cür meydanda oyundan sonra futbolçular yalnız 5-6 gündən sonra özünə gəlir. Mikrozədələr həddindən artıq çoxalır. Məncə, gələcəkdə bu məsələ ilə bağlı tədbir görülməlidir. Mən bütün stadionların qazonunun təbii olmasının tərəfdarıyam”.

Ayxan Abbasov: “Komandanın heç olmamağındansa…”

Ayxan Abbasov

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov isə hesab edir ki, indiki durumda komandanın heç olmamağındansa, süni örtüklü meydanda oynayıb mövcud olması daha yaxşıdır. A.Abbasov həmkarı Qurban Qurbanovun bununla bağlı dediklərinə belə münasibət bildirib: “Təbii ot örtüyü olsaydı, daha yaxşı olardı. Ancaq təbii ot örtüyü olub, komandanın olmamağındansa, süni ot örtüyündə oynayan komandanın olması daha yaxşıdır. Bəzi legionerlər bura gələnə qədər heç vaxt süni örtüklü meydançada oynamayıblar. Bütün bunlar maliyyəyə bağlı məsələdir. Təəssüf ki, indiki durumda rəhbərlikdən bunu tələb edə bilmərik. İnanıram ki, gələcəkdə tezliklə bu problem də yoluna qoyulacaq”. 

Firuz Abdulla: “Süni örtüklər ən yüksək beynəlxalq standartlara uyğundur”

Firuz Abdulla

Bəs, ən son Qurban Qurbanovun qaldırdığı problemə futbol qurumlarının münasibəti necədir? Görünən odur ki, bu məsələdə tərəflər məsuliyyəti tam olaraq öz üzərinə götürmür. Məsələn, AFFA-dan bildirirlər ki, bəli, bəzi meydanları bu qurum salır, ancaq qərarı klublar və Peşəkar Futbol Liqası verir.

AFFA-nın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla Qol.az saytının bununla bağlı sorğusuna cavab olaraq deyir ki, Premyer Liqada oyunlarını keçirəcəyi stadionları klublar özü təqdim edir, PFL tərəfindən də qəbul olunur: “Odur ki, klublar və PFL-dən mövqe öyrənsəniz, daha yaxşı olar”.

Qurum rəsmisi süni örtüklü meydanların durumundan isə razıdır. Onun sözlərinə görə, indi Premyer Liqada oyunların keçirildiyi bütün süni örtüklər ən yüksək beynəlxalq standartlara uyğundur və uyğunluq sertifikatları vardır. Bəs, süni örtüklü meydanların yaxın gələcəkdə təbii otla əvəzlənməsi gözlənilirmi? AFFA rəsmisi bununla əlaqədar isə deyib: “Gələcəkdə bu məsələ ilə bağlı hər hansı yeniliklərin olub-olmayacağını indidən deyə bilmərəm”. 

Aslan Şahgəldiyev: “Əsəs meydanı təbii örtük etməklə məsələ həll olunmur”

Aslan Şahgəldiyev

Peşəkar Futbol Liqası (PFL) isə Qurban Qurbanovun fikirlərinə hörmətlə yanaşdığını bildirir, ancaq problemin həlli üçün zamanın vacib olduğunu qeyd edir. Qurumun vitse-prezidenti Aslan Şahgəldiyev Qol.az-a açıqlamasında deyir ki, süni örtüklü meydanlarla bağlı məsələni izləyir və müzakirə edirlər: 

“Hər iki baş məşqçinin səsləndirdiyi fikirlərə hörmətlə yanaşırıq. Əlbəttə ki, bütün oyunların daha yaxşı, keyfiyyətli, təbii olan meydanlarda keçirilməsini biz də istərdik. Ancaq bütün bunlar ciddi maliyyə və zaman tələb edən məsələlərdir. Misal üçün, bir neçə il əvvələ qayıtsaq, görərik ki, Zirə İdman Kompleksinin stadionu, “Kapital Bank Arena” süni örtüklü idi, eləcə də infrastrukturla bağlı ciddi problemlər vardı. Ancaq illər keçdikcə çatışmazlıqlar aradan qaldırıldı. Bu gün Tovuz şəhər stadionu, Şamaxı şəhər stadionu, “ASCO Arena”nın ot örtüyü süni olsa da, yeni quraşdırılıb”. 

Aslan Şahgəldiyevin fikrincə, zədələrin hamısını süni örtüklə əlaqələndirmək olmur: “Bu gün həm məşqlərini, həm də oyunlarını təbii meydana keçirən komandaların heyətində də zədəlilər var. Mövsüm uzun, qrafik sıxdır, zədələrin olması qaçılmazdır. Təbii ki, zədələrdə süni örtük amili də var və süni örtükdəki oyunlardan sonra futbolçuların bərpası daha çox zaman alır.

Bir məsələni də vurğulayım, təkcə oyunların keçirildiyi stadionun əsas meydanını təbii örtük etməklə məsələ həll olunmur. Əsas meydançadan əlavə, məşq meydanı da təbii örtüklü olmalıdır ki, futbolçular hər gün məşq edə bilsinlər. Çünki qarşılaşmaların keçirildiyi meydanda məşqlər keçirilsə, o meydanı yüksək səviyyədə saxlamaq mümkün olmaz.  Bilirsiniz ki, Şamaxı şəhər stadionunda 2-ci mövsümdür ki, Premyer Liqa oyunları keçirilir, “Turan Tovuz” isə uzun fasilədən sonra geridönüş edib”. 

PFL-in vitse-prezidenti bildirir ki, süni örtük olan stadionlarda təkcə qazonlar yox, işıqlandırma və çəkiliş platformaları, eləcə də infrastrukturla bağlı başqa məqamlar da diqqət mərkəzindədir. Onun sözlərinə görə, çatışmazlıqları aradan qaldırmaq üçün vaxta və planlı işə ehtiyacı var.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın