Türkiyə Superliqasında nəfəskəsən çempionluq yarışını “Beşiktaş” JK qazandı

“Beşiktaş” JK Türkiyə Superliqasında 2020/21 mövsümünün çempionu kimi başa vurdu.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, son tura, hətta son dəqiqəyə qədər davam edən çempionluq yarışında qalib “Beşiktaş” JK olub.

Ümumiyyətlə, son oyun günü qızıl medallarla yanaşı, həm də başqa mükafatçıların sahiblərinə də aydınlıq gətirib. Maraqlıdır ki, üç İstanbul nəhəngi “Beşiktaş”, “Qalatasaray” və “Fənərbaxça” son ana qədər qızıl medallara iddia edirdi. Bu səbəbdən eyni saatda başladılan axırıncı oyunlar olduqca maraqlı və kritik alınıb.

Kayseridə yerli “Kayserispor” üzərində əzmkar qələbə qazanan “Fənərbaxça” üçün qalibiyyət yetərli olmayıb və komanda son tur öncəsi olduğu mövqeyində – üçüncü yerdə qalıb.

Çempionluğa əsas iddiaçı və həlledici oyunlara eyni – 81 xalla girən “Qalatasaray” və “Beşiktaş”ın başqa-başqa şəhərlərdəki “qiyabi mübarizəsi” daha həyəcanverici olub.

Öz meydanında “Yeni Malatyaspor” önündə hesabda geri düşən “Qalatasaray” Xəlil İbrahim Dərvişoğlu, Rayan Babel və Oğulcan Çağlayanın ikinci yarısındakı qolları ilə 3:1 hesablı qələbə qazanıb. Ancaq bu, çempionluq üçün yetərli olmayıb.

Çünki İzmirdə “Göztəpə” ilə üz-üzə gələn “Beşiktaş” rəqibini 2:1 hesabı ilə məğlub edib. “Qara qartal”ın heyətində Domaqoy Vida və Raşid Qezzal fərqlənib.

“Beşiktaş”la “Qalatasaray” mövsümü eyni xalla (84) tamamlamasına baxmayaraq, müsbət top fərqi rəqibindən daha çox olan “ağ-qaralar” finişə birinci çatıb.

Beləliklə, 3 illik həsrətə son qoyan “Beşiktaş” 16-cı dəfə Türkiyə çempionluğunu qazanıb.

Bununla 2021/22 mövsümündə Türkiyəni avrokuboklarda təmsil edəcək komandalar da bilinib. “Beşiktaş” və “Qalatasaray” Çempionlar Liqasında mübarizə aparacaqsa, “Fənərbaxça” ilə 4-cü yeri tutan “Trabzonspor” yeni yaradılmış Konfrans Liqasında çıxış edəcəklər.

Bundan başqa, “Dənizlispor”, “Ərzurumspor” və “Ankaragücü”nün ardından “Gənclərbirliyi” də elitanı tərk edib.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir