“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 5 aprel 2020-ci il tarixində Chess.com saytında Sürətli Şahmat üzrə Onlayn Respublika Birinciliyi keçiriləcəkdir.

Yeni növ koronavirus (COVID19) pandemiyası səbəbilə çoxsaylı respublika və beynəlxalq yarışlar təxirə salındı. Bu yarışlar içərisində 12-17 mart 2020-ci tarixlərində Sumqayıt şəhərində keçirilməsi düşünülmüş “Təhsil” Respublika İdman Mərkəzinin Sürətli Şahmat üzrə Respublika Çempionatı da var. Karantin dövründə məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, sürətli şahmat üzrə qaliblərin müəyyən edilməsi, müasir texnologiyalardan istifadə etməklə şahmatçıların yarış təcrübələrinin artırılması məqsədilə həmin yarışın onlayn qaydada keçirilməsi barədə qərar qəbul olunmuşdur.

Yarış www.chess.com internet portalı üzərindən 5 aprel 2020-ci il tarixində saat 17:00-da start götürəcək. İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq yarışda nəzarət vaxtı 3 dəqiqə + 2 saniyə/hər gedişə-dir. Sonda toplanan xallar üzrə yaş qruplarına görə (7, 9, 11, 13, 15, 17 yaşadək oğlanlar və qızlar) qaliblər müəyyən ediləcək. Yarışın nəticələri 1 gün ərzində elan olunacaqdır. Yarışda iştirak edən şahmatçının qeydiyyat adı (nik) ad və soyadı olmalıdır.

Yarışa 7-17 yaşlı məktəblilər, o cümlədən Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən UGİŞM-lərin, şahmat klublarının qeyd olunan yaş qrupu üzrə şahmatçıları qoşula bilərlər. Yarışa qatılmaq üçün hər bir iştirakçı www.chess.com saytı üzərindən qeydiyyatdan keçməlidir. İştirak hüququ qazanmaq üçün birinci növbədə qeyd olunan sayt vasitəsilə “Azerbaijan Chess Schools” elektron klubuna üzv olmaq tələb olunur. Daha sonra “Məktəblilərin respublika birinciliyi – Blitz” adlı yarışdan qeydiyyatdan keçmək mümkün olacaqdır. Qeydiyyatdan keçmiş hər bir iştirakçıdan 5 aprel 2020-ci il tarixində yarışın başlamasına 1 saat qalmış – 16:00-dan etibarən şəxsiyyət vəsiqəsinin və kompyuter (ya da başqa cihaz) qarşısında olan şəklinin +994 55 896 98 68 WhatsApp nömrəsinə göndərilməsi tələb olunur.

Ümumi hesabda bütün iştirakçılar arasından ilk 3 yeri tutan şahmatçıya www.chess.com saytında 1 illik üzvlük hədiyyə olunur:
I yer – “Brilyant” üzvlük (dəyəri 99$)
II yer – “Platin” üzvlük (dəyəri 49$)
III yer – “Qızıl” üzvlük (dəyəri 29$).

Bundan başqa hər yaş qrupunda I, II, III yeri tutan oğlan və qız şahmatçılar “Təhsil” RİM-in müvafiq dərəcəli diplomu ilə təltif olunacaqlar. Diplomlar skan olunmuş formada qalibin təqdim edəcəyi elektron ünvana göndəriləcəkdir.

Yarışın əsasnaməsi ilə tanış olmaq, ətraflı məlumat əldə etmək üçün www.tehsilchess.az/asobc2020/ səhifəsinə daxil ola bilərsiniz.

“Təhsil” Respublika İdman Mərkəzinin Sürətli Şahmat üzrə Onlayn Respublika Birinciliyi

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın