“Düşünürəm ki, “Kayrat”la Bakıdakı oyunumuz maraqlı alındı. Komandalar eyni səviyyədə olduğundan bu cür qarşılaşmalarda az səhv buraxan tərəf 3 xal götürür. Həmin vaxt bizim günümüz idi və önəmli qələbə qazandıq”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu “Qarabağ” FK-nun kapitanı Maksim Medvedev Qazaxıstanda “Kayrat” klubuna qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup oyunundan öncə “Sports.kz” saytına müsahibəsində deyib.

32 yaşlı müdafiəçi Almatı təmsilçisinin intizamlı komanda olduğunu bildirib: “Komandanın öz fəlsəfəsi və oyun üslubunun olduğu görünür. İlk oyunda bir neçə qol epizodu yaratdılar. Ümumiyyətlə, “Kayrat” nəzarətsiz qalanda çox təhlükəli olur. Təkcə ilk yarıda deyil, bütün oyun boyunca bizim üçün çətinlik yaratdılar. Ancaq onları dayandıra bildik. Eyni zamanda, öz qol vəziyyətlərimizi yaratdıq”.

Təcrübəli oyunçunun sözlərinə görə, Konfrans Liqasının oyunu ilə çempionat görüşü arasında fərq var: “Bunlar tamam başqa qarşılaşmalardır. Burada oyuna müəyyən hazırlıq olur. Avrokubok oyunundan öncə baxmırıq ki, çempionatda qalib gəlmişik, yoxsa uduzmuşuq. Meydana öz işimizi görməyə çıxır, əlimizdən gələni edirik.

Səfərdə oynayacaqlarını yada salan Azərbaycan millisinin üzvü rəqibin yerli azarkeşlərdən dəstək alacağını söyləyib: “Ancaq oyunlarımızı analiz edəndə görürük ki, biz ən yaxşı oyunlarımızı məhz səfərdə keçiririk. Belədə daha böyük motivasiyamız olur. Aqressiyaya və başqa hər şeyə hazırıq. Artıq bununla bağlı böyük təcrübəmiz var”.

Medvedev oyunla bağlı proqnoz vermək istəmədiyini deyib: “Görüşün necə keçəcəyini dəqiq deyə bilmərəm. Hər iki komandanın ifasında baxımlı oyun olmasını istərdim. Şanslar bərabərdir. Oyunun gedişatını zaman göstərəcək”.

Təcrübəli oyunçu qrupdakı hər komandanın ilk yeri tutmaq şanslarının olduğunu vurğulayıb: “Nəticələrin statistikası baxımından indi 7 xalı olan “Bazel” və “Qarabağ” ilk 2 sıranı bölüşdürür. Ancaq riyazi baxımdan hər bir klubun şansı var”.

Futbolçu Almatıya qələbə üçün gəldiklərini əlavə edib: “Bizi bu oyunda qələbə qane edəcək. Bunun üçün meydanda çox iş görmək gərəkdir”.

Qeyd edək ki, noyabrın 4-də Almatı şəhərindəki “Ortalık” stadionunda keçiriləcək “Kayrat” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın