Erməni əsilli SSRİ-nin xalq artisti Armen Ciqarxanyan 86 yaşında vəfat edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “RIA Novosti” xəbər yayıb.

“Görkəmli sənətkar və lider, adını daşıyan teatrın rəhbəri Armen Borisoviç Ciqarxanyan öldü”, – deyə məlumatda bildirilib. Onun ölümünün səbəbi dəqiqləşdirilməyib.

Qeyd edək ki, artist hər zaman Azərbaycana qarşı isti münasibəti ilə fərqlənib. Müsahibələrinin birində o, Bakıda dəfələrlə səfərlərdə olduğunu, qastrollarda çıxış etdiyini, filmlərə çəkildiyini və buraların onun üçün çox xoş olduğunu demiş və “Əgər sabah məni Bakıya çağırsalar, məmnuniyyətlə gedərəm”, – deyə əlavə etmişdi.

Tanınmış aktyorun müsahibələrinin birində Dağlıq Qarabağ problemi ilə bağlı sualları necə cavabladığını diqqətinizə çatdırırıq.

– Armen Borisoviç, keçən il sizin Azərbaycanın media orqanlarından birinə verdiyiniz müsahibə Ermənistanda birmənalı qarşılanmadı. Müsahibədə Qarabağ probleminin həllindən söhbət gedirdi. Faktiki olaraq Qarabağ və onun ətrafındakı…

– Mən sənin sözünü kəsirəm. Çünki mən həyatım boyu Qarabağ problemi ilə məşğul olmağa risk etmərəm. Amma mən bir şeyi bilirəm. Öz gözlərimlə görmüşəm. Bunu lentə almışdılar. Qarabağ məsələsi ilə bağlı bir qocanı döymüşdülər və onun ağzından qan gəlirdi. O ağlayır və anlamırdı ki, onu niyə vururlar. Mənim anladığım budur: biz yanaşı yaşayırıq və danışıb razılığa gəlməliyik. Əgər biz bundan yaxşı yol biliriksə, onda gəlin müharibə edək. Bu, boş və mənasız işdi. Biz səninlə çoxdan anlamışıq ki, heç kimə kimisə məğlub etmək müəssər olmayıb. Hər iki tərəf uduzur. Əgər yanaşı yaşayırıqsa, razılığa gəlməliyik.

– Razılığa gəlmək – tarixi erməni torpaqlarını qaytarmaq deməkdir?

– Danışıb anlaşmaq lazımdır. Üç metr götürmək… Azərbaycanlılar və ermənilər su üstündə dalaşanda Avanes Tumanyan ata minib gedir və onları fikirlərindən daşındırmağa çalışırdı. Ədavəti qızışdırmağa yox ha, aralarında anlaşma yaratmağa çalışırdı. Deyirdi ki, sənə də su lazımdı, mənə də. Gəlin cəhd edək, bu gün sən burax suyu, sabah mən. Yəni ra-zı-lı-ğa gəlmək lazımdır!

– Sizcə, razılığı necə əldə etmək olar? Onlar torpaqları istəyirlər. Bəzi əraziləri – Qarabağa status verilməsi əvəzində Azərbaycana qaytarmaq?

– Əgər mən bu məsələ ilə məşğul olsaydım – ölkənin prezidenti olsaydım, 2-3 gecə yatmazdım, fikirləşərdim ki, bunu necə eləmək olar? İndi bu suala cavab verə bilmərəm. Torpaqları qaytaraq, yoxsa yox – mən bilmirəm. Mənim bildiyim budur ki, insanlar yanaşı yaşayırlarsa, mütləq razılığa gəlməlidirlər.

– Bəs bir erməni kimi siz ərazilərin status müqabilində qaytarılmasının əleyhinəsiz?

– Mən onun əleyhinəyəm ki, ermənilər ölməsinlər. Yaxşı yaşasınlar. Mənə desinlər ki, qazı Urenqoydan daşıyıb gətirmək lazım deyil, yaxınlıqda -Türkiyənin qazı var. Mən bax bunu istəyirəm. Amma necə razılıq əldə edilməlidir və s. kimi məsələlərlə prezidentlər məşğul olmalıdırlar. Mən, sadəcə klounam. Vəssalam…

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın