Ermənistan Respublikası Müdafiə Nazirliyinin (MN) yeni əmrinə əsasən, bu ölkənin hərbi qulluqçuları Azərbaycanla sərhəddə eskalasiyaya səbəb olmamalı, təxribatlar yaratmamalıdırlar.

YALAN.info bildirir ki, bununla bağlı Ermənistanın Baş naziri Nikol Paşinyan Britaniya parlamentinin İcmalar Palatasının üzvü Con Uittinqdeylin başçılıq etdiyi nümayəndə heyətinin nümayəndələri ilə görüşündə deyib.

“Sizin səfəriniz Azərbaycanla sərhəddə yeni eskalasiya ilə üst-üstə düşdü. Hökumətimiz sülh prosesini davam etdirəcək, çünki əminik ki, bunun alternativi yoxdur. Ermənistan Müdafiə Nazirliyindən heç bir eskalasiyaya yol verməmək, təxribatlar yaratmamaq barədə çox sərt göstəriş var”, – Paşinyan bildirib.

“Təbii ki, biz sülh prosesində konkret nəticələr əldə etmək üçün hər şeyi etməliyik və bunu edirik. Ancaq heyif ki, qarşı tərəfin siyasi iradəsi olmadan nəticə əldə etmək mümkün deyil”, – o əlavə edib.

Yada salaq ki, dünən Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə açılan atəş nəticəsində hərbi qulluqçu yaralanıb. Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb. Hərbi qulluqçu helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib.

13 fevral tarixində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri Ermənistan silahlı qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “Qisas əməliyyatı” keçirib. Əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.

Ermənistan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq keçirilən “Qisas əməliyyatı” nəticəsində məhv edilən erməni hərbçilərinin sayı dördə çatıb, daha bir erməni əsgər isə yaralanıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın