13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “Qisas əməliyyatı” keçirilib. 

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub. Bildirilib ki, məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar var.

Ermənistan tərəfinin Azərbaycan-Ermənistan şərti dövlət sərhədində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn hər bir təxribatına bundan sonra daha ciddi və qəti tədbirlərlə cavab veriləcək. Baş vermiş hadisəyə görə məsuliyyətin tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb.

Yada salaq ki, dünən Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə açılan atəş nəticəsində hərbi qulluqçu yaralanıb. Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb. Hərbi qulluqçu helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib.

Ermənistan mətbuatının yaydığı məlumata görə, təxribat törədənlər Ermənistanın “Yerkrapa” terror təşkilatının üzvləri olublar. Ermənistanda fəaliyyət göstərən “Yerkrapa” (ermənicə – “Yurdun qoruyucuları”) Birinci Qarabağ müharibəsinin iştirakçıları tərəfindən yaradılmış Ermənistan qeyri-hökumət təşkilatıdır. Vazgen Sarkisyanın təşəbbüsü ilə yaradılmış təşkilatın tərkibi altı min erməni vətəndaşından ibarətdir. “Yerkrapa”nın üzvləri Birinci Qarabağ müharibəsində fəal iştirak ediblər. Təşkilatın fəaliyyəti Azərbaycanda terror təşkilatı kimi qiymətləndirilir.

Ermənistan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq keçirilən “Qisas əməliyyatı” nəticəsində məhv edilən erməni hərbçilərinin sayı dördə çatıb, daha bir erməni əsgər isə yaralanıb. Hələlik Ermənistan tərəfi öldürülən erməni hərbçilərin adlarını ictimailəşdirməyib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın