Artıq bir neçə aydır ki, ürək xəstəliklərindən qəfil vəfat edənlərin sayı artmaqdadır. Ürək xəstəlikləri ilbəil cavanlaşır.

Həkimlərin sözlərinə görə, ürək çatışmazlığının iki cür gedişatı var: kəskin və xroniki. Üstəlik, ürək çatışmazlığına gətirib çıxaran amillər içərisində koronar damar patologiyası ön sıradadır.

Azərbaycan ürək-damar xəstəlikləri ilə bağlı dünya statistikasında, təəssüf ki, ikinci yerdədir. Cənubi Koreya, Yaponiya, Sinqapur, İsrail, Fransa kimi ölkələr isə siyahıda ən son yerlərdədir. Mütəxəssislər bildirirlər ki, ürək xəstəliklərinin çox olmasında milliyyətin önəmi yoxdur.

Ürək problemlərinin yaranmasında genetik faktor var?

Mütəxəssislər düşünürlər ki, ürək xəstəliklərinə tutulma riskini artıran məsələlər – şəkərli diabet, təzyiq, xolesterinin yüksək səviyyəsi, tütün məmulatlarının istifadəsi, alkoqol, artıq çəki, hərəkətsizlik və stresin çox olmasıdır.

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun elmi katibi Təranə Cavadova Oxu.az-a mövzu ilə bağlı açıqlamasında bildirib ki, genetik amillər bir sıra ürək xəstəliklərinin əsasında dayanır:

“Lakin xəstəliyin cavanlaşmasını buna bağlamaq olmaz. Bunu qismən stres hallarının çoxalması, iş şəraiti, zərərli vərdişlərə aludəçiliyin artması, energetik içkilərdən həddən artıq istifadə edilməsi, hazırda oturaq həyat tərzinin geniş yayılması ilə (məsələn, işlərin əksəriyyəti avtomatlaşdırılıb) izah etmək olar”.

Ölkədə ürək və qan-damar xəstəlikləri səbəbindən qeydə alınan ölümlər nə qədərdir?

Bakı Baş Səhiyyə Mərkəzinin sonuncu hesabatına görə, cari ilin təkcə yanvar ayı ərzində 901 ölüm hadisəsindən 613-ü ürək və qan-damar xəstəlikləri səbəbindən baş verib. Bu isə ümumi ölüm hadisələrinin 68%-nə bərabərdir.

Statistikaya görə, dünyada və o cümlədən də Azərbaycanda ölüm hallarına görə ürəyin işemik xəstəlikləri (tromb, infarkt, stenokardiya və s.) birinci yerdədir.

Təranə Cavadovanın sözlərinə görə, ölkə əhalisinin fiziki fəallığı aşağıdır:

“Ölkəmizdə insanlarımız fərdi və ya ictimai nəqliyyat vasitələrinə üstünlük verirlər. Nəzərə alsaq ki, bizim ənənə ilə Azərbaycan toyları axşam saatlarında olur və bu saatda yeməklərdən istifadə olunur, burada sağlam həyat tərzindən danışmaq olmaz. Bildiyimiz kimi, bütün xəstəliklərinin profilaktikasında düzgün qidalanma başlıca meyarlardan biridir. Eyni zamanda, qida rasionu da bizdə sağlam qidalanma çərçivəsində deyil. Bildiyiniz kimi, əhalimiz yağlı, duzlu yeməyi sevir. Bu isə ürək-damar xəstəliklərinin əmələ gəlməsinin risk amillərindəndir”.

Həkim deyir ki, ürək xəstəliklərinin əmələ gəlməsinin risk amilləri – arterial təzyiqin yüksək olması, qanda lipid səviyyəsinin yüksək olması, tütünçəkmə, stres halları, oturaq həyat tərzi, düzgün qidalanmamaqdır.

Bəs dünya ölkələrinin ürək və qan-damar xəstəlikləri ilə bağlı statistik rəqəmlərində Azərbaycan hansı yerdədir?

Dünyaca məşhur və ən çox istinad edilən mənbələrdən biri olan “worldlifeexpectancy”nin məlumatına görə, ölkəmizlə bağlı vəziyyət heç də ürəkaçan deyil.

Görünən odur ki, ürək, qan-damar sistemi xəstəliklərindən baş verən ölüm hallarına görə ölkəmiz Tacikistandan sonra ikinci yerdədir. Azərbaycanın 183 ölkə sırasında reytinq dərəcəsi isə 388,41 kimi göstərilib.

Dünyada qan-damar sistemi xəstəliklərindən baş verən ölüm halları

Rusiya siyahıda 27-ci yerdə qərarlaşsa da, 204,5 reytinq dərəcəsinə görə ürək, qan-damar sistemi xəstəlikləri üzrə Azərbaycanla yanaşı ən riskli ölkələrdən biri sayılır. Statistikaya görə, Türkiyə ürək, qan-damar sistemi xəstəliklərinə görə riskin daha az olduğu ölkə sayılır, reytinqdə isə 127-ci yerdə qərarlaşıb.

Dünyada qan-damar sistemi xəstəliklərindən baş verən ölüm hallarına görə ölkələrin reytinq sıralaması

Avropada çalışan həkim-kardioloq Firudin Qurbanov mətbuata açıqlamalarından birində qeyd edib ki, Almaniyada aparılan bir elmi araşdırmaya görə, kəskin miokard infarktı keçirən xəstələr 120 dəqiqə ərzində angioqrafiya (anju) olunub stent taxılarsa, bu, infarktdan ölümü 50 faiz azaldır. Bu isə çox ciddi rəqəmdir.

Bəs niyə insanlar ürək xəstəliklərinin simptomlarını hiss etmirlər?

Həkimlər deyirlər ki, əksər insanlarda şəkər xəstəliyindən dolayı sinir ucları zədələnir və onlar ürək ağrılarını hiss etmirlər. Belə xəstələrdə şiddətli infarkt da gizli şəkildə gedə bilir.

Sosioloq Əhməd Qəşəmoğlu isə bildirib ki, bu problemin yaranmasının bir neçə səbəbi var:

“Əhalinin qida mədəniyyətinin arzuolunan səviyyədə olmaması, səhiyyə sisteminin yüksək səviyyədə olmaması, ölkəyə həddən artıq təhlükəli qida, ərzaq məhsullarının gətirilməsi, ekologiyaya ciddi nəzarətin olmaması və s. Bütün bu məsələlərin hər biri diqqət mərkəzində saxlanılmalıdır. İnsanlar qida istehlakına diqqət etməlidirlər ki, orqanizm zəruri olan mineralları qəbul edə bilsin. Qida mədəniyyəti məktəb yaşlarından insanlara aşılanmalıdır. İnsanlar bu istiqamətdə ciddi maariflənməlidirlər. Bu dünyada insanın canından, sağlamlığından önəmli nə var?

Apteklərdən mənşəyi məlum olmayan dərmanlar almaq yerinə hər cür müalicəvi otlardan istifadə etmək olar. Yaxud da bəzi həkimlər hər hansı apteklərlə işgüzar əlaqə yaradaraq bir adama gərək oldu-olmadı beş-altı dərman yazırlar. Bu da nəinki ürək xəstəliklərinə, eləcə də, digər xəstəliklərə gətirib çıxarır”.

Sosioloq onu da qeyd edir ki, bugünkü cəmiyyət 20 il əvvəlkindən fərqlidir:

“Stres həddən artıq çoxalıb. Cəmiyyət mürəkkəbləşir, həssaslıq artır. İnsanlar arasında münasibətlərdə gərginlik yaranıb. Bunlar elə-belə məsələlər deyil. Ölkələr sosial siyasəti müəyyənləşdirməlidir, sosial problemləri aşkarlayıb həll yolları axtaran təşkilatlar olmalıdır. Bu gün ürək xəstəlikləri çoxalıb, sabah da başqa problemlər arta bilər. Ürək xəstəlikləri artıbsa, mütləq araşdırılmalıdır. Bu, bir sosioloqun, bir jurnalistin fikir bildirməsi ilə həll olunacaq iş deyil. Bununla bağlı dövlət səviyyəsində, ciddi düşünülmüş, elmi əsaslarla hazırlanmış proqram olmalıdır. Təəssüf ki, bu sahəyə diqqət hələ də arzuolunan səviyyədə deyil”.

Həyəcan təbili: risk qrupu getdikcə cavanlaşır

Həkim-kardioloq Şəfəq Nəzirova mövzu ilə bağlı Oxu.az-a açıqlamasında bildirib ki, dünyada ölüm səbəbləri arasında ilk sırada yer alan ürək-damar xəstəlikləri öncəki illərin əksinə olaraq, təkcə yaşlı insanları deyil, gəncləri də hədəf alır:

“Bu mövzuda ən önəmli səbəb isə dəyişdirilə bilən və önlənə bilən faktorlara rəğmən, sağlam olmayan həyat tərzi olaraq göstərilir. Keçdiyimiz illərdə 50 yaşlarda daha çox rast gəlinən koronar yetməzlik və infarkt hadisələri artıq daha gənc insanlarda müşahidə olunur. Bu göstərici təxminən 20 yaşlara enib. Bu vəziyyətin qarşısı alınmazsa, 30 il kimi qısa müddətdə ürək-damar xəstəliklərinin rastgəlmə yaşının 15 yaşa düşə biləcəyi təxmin edilir”.

Ürək xəstəliklərinin simptomsuz və gizli getməsi ilə bağlı iddialara cavab verən həkim-kardioloq qeyd edir ki, ürək-damar xəstəliklərinin, xüsusilə də stenokardiya və infarkt kimi xəstəliklərin insanlarda yaratdığı tipik simptomları olur:

“Bu simptomlar döş sümüyü arxasında və kürək arası nahiyədə başlayıb hər iki qola, çənəyə yayıla bilən göynədici xarakterli ağrılardır. Bəzən xəstələrdə bu tipik simptomlar yerinə atipik simptomlar olur. Məsələn, mədə nahiyəsində olan ağrı, təngnəfəslik, tək bir qolda olan ağrılar və s. kimi. Bəzən də xəstələrdə heç bir simptom olmadan ürək-damar xəstəliyi görülür. Bu cür simptomsuz hallar, adətən, şəkərli diabet xəstələrində, çox yaşlı xəstələrdə görülür. Ürək-damar xəstəlikləri bəzən xüsusilə şəkərli diabeti olan xəstələrdə ya tam simptomsuz, ya da sadəcə təngnəfəsliklə müşayiət oluna bilir”.

Bəs soyuq tər, halsızlıq kimi simptomlar ürək üçün həyəcan təbili ola bilər?

Həkim qeyd edir ki, soyuq tərləmə və halsızlıq bir çox xəstəlik və ya vəziyyətlərin əlaməti olduğu kimi, ən təhlükəli ürək-damar xəstəliyi hesab olunan qeyri-stabil stenokardiya və ya infarktın xəbərvericisi ola bilər:

“Bu cür şikayətləri olan insanlar müayinə üçün mütləq şəkildə həkimə müraciət etməlidirlər və səbəblər araşdırılmalıdır”.

Ümumiyyətlə, ürək-damar xəstəlikləri o qədər gəncləşib ki, artıq azyaşlılar arasında da ürək çatışmazlığından vəfat edənlər var. Bunun səbəbi nədir?

Kardioloq Şəfəq Nəzirova bunu sağlam həyat tərzinə riayət olunmaması ilə izah edib:

“Həyat tərzində stres faktorunun yüksək olması ürək-damar xəstəliklərinin həm artmasına, həm də cavanlaşmasına səbəb olub. Bu səbəblərdən dolayı bütün insanlarda sağlam həyat tərzi uşaq yaşlarından başlamalıdır. Hər bir valideyn övladını körpə yaşlarından sağlam həyat tərzinə alışdırmalı, irəlidə yarana biləcək ürək-damar xəstəliklərindən qorumalıdır”.

Bəlkə, Azərbaycanda statistika doğru aparılmır?

Həkim qeyd edir ki, Bakı Şəhəri Səhiyyə Mərkəzinin hesabatına görə, 2023-cü ilin təkcə yanvar ayında 900 ölüm hadisəsindən 610-u ürək-damar xəstəlikləri səbəbindən baş verib:

“Ölümlə nəticələnən xəstəliklər içərisində ürək-damar xəstəlikləri üstünlük təşkil edib. Bu isə ölüm səbəblərinin 68%-i deməkdir. Bu cür həyati risklərdən qorunmaq üçün vətəndaşların ilkin səhiyyə xidmətlərindən vaxtında keçmələri tövsiyə olunur. Statistikaya görə, dünyada, o cümlədən Azərbaycanda ölüm hallarına görə ürəyin işemik xəstəlikləri (infarkt, stenokardiya) birinci yerdədir. Bunun əsas səbəblərindən biri də insanların müntəzəm olaraq həkim müayinələrindən, tibbi yoxlamalardan keçməməsidir. Ürək-damar xəstəliklərindən yaranan ölümlərin statistikasında ani ürək ölümlərinin payı da çoxdur. Ani ürək ölümlərinin bir çox səbəbləri var. Bunlardan biri də insanların vaxtında profilaktik müayinələrdən keçməyərək, yaranan bəzi simptomlara əhəmiyyət verməmələridir. Halbuki, erkən diaqnozun qoyulması insanları həyati təhlükədən xilas edə bilər”.

COVID-19 üçün vurulan vaksinlərlə ürək-damar xəstəlikləri arasında əlaqə varmı?

Şəfəq Nəzirovanın sözlərinə görə, COVID-19 virusuna qarşı peyvənd sonrası bəzi insanlarda çox nadir olsa da, miokardit və perikardit əlamətləri görülüb:

“COVID-19 pandemiyası dövründə xəstəliyi yaradan virusun bütün digər daxili orqanlar kimi, ürəyə də bir sıra zərərləri olub. Virusa yoluxmuş insanlarda, xüsusilə də gizli ürək xəstəliyi, artıq çəkisi, şəkərli diabeti, hipertoniya xəstəliyi olan insanlarda COVID-19 virusu ürəklə bağlı problemlərin üzə çıxmasına şərait yaradıb. Lakin COVID-19 virusuna qarşı vurulan peyvəndin birbaşa və ya dolayı yolla ürək xəstəliklərinə və bu səbəbdən ölümlərə yol açması elmi olaraq sübut olunmayıb. COVID-19 virusuna qarşı peyvənd sonrası bəzi insanlarda çox nadir də olsa, miokardit və perikardit əlamətləri görülüb. Lakin bu xəstəliklər əksər hallarda müalicə ilə aradan qalxıb və ölümcül olmayıb”.

Vaxtsız gələn ölüm…

Bütün hallarda sağlamlığımızın qeydinə öncə özümüz qalmalıyıq. İnsan özü-özünün həkimi olmalıdır. Bəzi tibb müəssisələrinə, bir çox həkimlərə güvənsizlik olsa belə, işinin peşəkarı olan tibb işçilərinin də sayı az deyil. Günü-günə satmaqla vaxtsız ölümü tezləşdiririk. Səhhətinizdə yaranan ən kiçik problemin belə, mütləq bir səbəbi var. Vaxtında üzərinə düşüb, müayinə olunmaq önəmlidir. Sağlamlıq bu dünyada ən gözəl nemətdir, vaxtında qədrini bilmək lazımdır. Gəncik, cavanıq deyib diqqət etmədiyimiz hər şey ağırlaşaraq müəyyən yaşdan sonra həyatımızda geri dönülməz problemlərə yol aça bilir…

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın