Futbol üzrə Azərbaycan Milli Komandası 2022-ci Dünya Çempionatının (DÇ-2022) seçmə mərhələsində son oyununu keçirib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı sonuncu sınağında Lüksemburq yığmasını qəbul edib. Bakı Olimpiya Stadionunda (BOS) oynanılan və iki kollektiv arasında sayca altıncı olan qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

DÇ-2022: Azərbaycan – Lüksemburq 1:3

Bu qələbədən sonra xallarını doqquza çatdıran Lüksemburq seçməsi qrup üçüncülüyünü təmin edib. Azərbaycan isə seçmə mərhələni bir xalla sonuncu sırada başa vurub.

Lüksemburq yığması 2 rekorda imza atıb

Səfər oyununda Azərbaycanı udan “cırtdanlar” dünya çempionatlarının seçmə mərhələlərində xal rekordunu yeniləyib. Belə ki, Lüksemburq DÇ-2014 və DÇ-2018-in seçmə oyunlarını 6 xalla başa vurmuşdu. Hər iki tsikldə indikinə nisbətən daha az qol vurulub.

Komanda 2014-cü il mundialından öncə seçmə oyunlarda 7, sonrakında isə 8 dəfə fərqlənmişdi. Lüksemburq millisi DÇ-2022-nin seçmə mərhələsində rəqib qapılarından 8-ci topu keçirməklə DÇ-2018 rekordunu təkrarlayıb.

Qeyd edək ki, Lüksemburq yığması xal və qol rekordunu daha da yeniləyə bilər. Bunun üçün noyabrın 14-də İrlandiya ilə ev matçında qol vuraraq, uduzmamaq lazımdır.

Azərbaycan Milli Komandasından anti-rekord

1998-ci ildən Dünya Çempionatının seçmə mərhələlərində iştirak edən Azərbaycan Milli Komandası ilk dəfə cəmi 1 xal toplaya bilib. Bundan öncəki seçmə mərhələlərdən ən zəif çıxış etdiyi 1998-ci ildə 1 qələbə ilə 3 xal və 2006-cı Dünya Çempionatının seçmə mərhələsində isə 3 heç-heçə edərək 3 xal toplaya bilmişdi.

Canni De Byazi: Belə bir oyundan sonra müqavilə haqqında danışmağın mənası yoxdur

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Lüksemburq yığmasına 1:3 hesabı ilə uduzduqdan sonra mətbuat konfransında oyuna azarkeş, ya da jurnalist kimi baxmaqla baş məşqçi kimi baxmağın tamam fərqli olduğunu söyləyib: “Düzdür, nəticə çox önəmlidir. Sabah oyuna təkrar baxıb analiz etsəniz, inkişafı görə bilərsiniz. Son oyunlarda öz meydanımızda 3 top buraxırıq. Bu, heç kim üçün xoş deyil. Ancaq reallıq başqa cürdür. İnkişaf gözə çarpır”.

De Byazi deyib ki, belə bir oyundan sonra müqavilə haqqında danışmağın mənası yoxdur: “Noyabrın 30-dək sözləşməm var. Federasiya agentimlə danışacaq. Mən də peşəkar kimi müqaviləmin sonunadək işimin başında olacağam”.

Öncəki xəbərBritaniyada Bakıya qarşı yeni cəbhə: Milli Şuranın yer aldığı planın hədəfi nədir?
Sonrakı xəbər“Kalmar oyunu” məşhurluğuna görə “Taxt Oyunları”nı keçdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın