Azərbaycanlı şahmatçı Vüqar Həşimovun xatirəsinə 3-cü dəfə keçirilən ShamkirChess-2016 superturnirinin qalibi qrossmeyster Şəhriyar Məmmədyarov yarışın rəsmi saytına müsahibə verib. YALAN.info online xəbərlər saytı həmin müsahibəni təqdim edir.

– Sizi qələbə münasibətiylə təbrik edirik. Müsahibəyə ShamkirChess2016-nın yekunlarıyla bağlı başlamaq istərdik.

– Ardıcıl üçüncü dəfə keçirilən yarışda bu dəfə qalib olmaq bizə nəsib oldu. Qələbəni sözlə ifadə etmək çətindir. Sözsüz ki, çox xoşdur. Yarışa o qədər yaxşı başlamamışdım. Bununla belə ümidimi itirmirdim. Şəmkirə gələndə də düşünürdüm ki, niyə bizim şahmatçılar çempion olmasın. Niyə biz yarışı birinci pillədə başa vurmayaq. Ölkəmizdə keçirilən yarışda qələbə qazanmaq daha şirin olur. Turnir mənim üçün uğurlu başa çatdı. Şəmkir yarışı zamanı mənə dəstək olan bütün insanlara təşəkkür edirəm. İnanın ki, oyun zamanı da bu dəstəyi hiss etmişəm və o mənə qələbə qazanmağa kömək olub.

– Hansı turdan sonra Şəmkirdə qələbə qazanacağınıza inam daha artdı?

– 8-ci turda Fabiano Karuana üzərində qələbədən sonra. Karuana çox güclü şahmatçıdır. FİDE reytinqində 2-3-cü yerlərdə qərarlaşıb. Ona qarşı qara fiqurlarla çıxış etmək asan deyil. 8-ci turda Karuananı məğlub edən sonra inam daha da artdı. Düşündüm ki, çempionluğa çox yaxınam. Son turda Aniş Girini məğlub etmək lazım idi. 9-cu turda qarşıya qoyulan məqsədə çatdım. Karuanayla xalımız bərabər olduğu üçün tay-brek qaçılmaz oldu. Tay-brek futbolda penalti kimidir. Bununla belə tay-brekdə də uğur qazanaraq qalib oldum.

-ShamkirChess2016 Şəhriyarın həyatında nəyi dəyişəcək?

– Daha Azərbaycandakı yarışlar mənim üçün uğurlu olmur deməyəcəm. Şəmkirə qədər elə düşünürdüm. Ölkədəki yarışlarda hər zaman reytinq itirmişəm. ShamkirChess2016 yanlış düşündüyümü göstərdi. Digər tərəfdən indiyə qədər Azərbaycan şahmatçıları 20-ci kateqoriyalı superturnirdə çempionluq sevinci yaşamayıb. Bu da ilk oldu. Teymur Rəcəbovla mən bir sıra yarışlarda qalib olmuşuq. Bəzən Veyk-An-Zee və ya başqa turnirdə şərikli olaraq 1-2-ci yerləri bölüşdürmüşük. Lakin tək çempionluq olmamışdı. Şəmkirdəki qələbə bu mənada bizim üçün çox vacib idi.

– İstirahət günündən sonra oyunun dəyişdi. Bəlkə bir günlük istirahətə ehtiyacın var idi?

– Bəzən düşünmək vacibdir. İstirahət günümüz çox maraqlı oldu. Təşkilatçılar hər məqamı diqqətdə saxlamışdı. Səhər Şəmkirdə şahmatla məşğul olan yeniyetmələrə seans keçdik. Sonra futbol oynadıq. Düzdü, şahmatçıların komandasının oyunu o qədər uğurlu olmadı. İlk görüşdə uduzduq. Ardınca Sergey Karyakinlə Göy-gölə getdik. Maraqlı gün keçirdik.

– Qələbəni kimə həsr edirsən?

– Şəmkir yarışında hamını birləşdirən bir ad var – Vüqar Həşimov. İştirakçılar, təşkilatçılar, qonaqlar Vüqar Həşimovun adına toplaşıb. Vüqar həmişə Azərbaycan şahmatçılarının qələbəsini arzulayıb. Çox vaxt uğur qazanmaq üçün birgə çalışmışıq. Şəmkirdəki qələbə vaxtı Vüqarla birlikdə Serbiyada ilk Avropa çempionluğumuzu qazanan günlər yadıma düşdü. Vüqar hər zaman bizimlədir. Ona görə də qələbəmi Vüqar Həşimova həsr edirəm.

– Artıq Şəmkirdə də sənin çoxlu sayda azarkeşlərin var…

– Şəmkirdə şahmatı çox sevirlər. Saatlarla davam edən oyun zamanı zalda çoxlu sayda adam olurdu. Bütün qonaqlara eyni səviyyədə yüksək diqqət göstərilirdi. Çətin dönəmdə belə Vüqar Həşimovun xatirə turnirini təşkil edən insanlara, xüsusilə Synergy Group-a təşəkkür edirəm. Əvvəlki illərdə olduğu kimi turnir yüksək səviyyədə təşkil olunmuşdu.

– 2016-cı il Azərbaycan şahmatı üçün çox vacibdir. Payızda Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadası keçiriləcək. 

– İlk dəfə Bakı Şahmat Olimpiadasına ev sahibliyi edəcək. Çox böyük yarışdır. Şahmatçılar məsuliyyəti başa düşür. Tezliklə olimpiadaya hazırlığa başlayacağıq. Olimpiadaya qədər istirahət barədə düşünməyəcəyik. Hər zaman olduğu kimi bu dəfə də hamını sevindirməyə çalışacağıq.

Xatırladaq ki, 10 gün ərzində davam edən ShamkirChess-2016 superturniri şahmat həvəskarları üçün əsl bayram yaşatdı. Şəmkirdə qələbə uğrunda dünyanın aparıcı şahmatçıları mübarizə apardı. Çinli qadın şahmat ustası Hou Yifan, Hollandiya təmsilçisi Aniş Qiri, hindistanlı Pentala Harikrişna, amerikalı Fabiano Karuanaukraynalı Pavel Elyanov, Rusiyadan Sergey Karyakin, ev sahibi olan ölkəmizdən isə Teymur Rəcəbov, Eltac SəfərliRauf Məmmədovun daqoşulduğu  bu yarışda ilk dəfə Azərbaycan şahmatçısı qələbə qazandı. Azərbaycanın ən güclü qrossmeysteri Şəhriyar Məmmədyarov ShamkirChess-2016 turnirinin qalibi oldu.


ShamkirChess-2016 (25 may – 04 İyun, Şəmkir, Azərbaycan)

 

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın