Azərbaycanın ən güclü qrossmeysteri Şəhriyar Məmmədyarov 3-cü ShamkirChess turnirinin qalibi oldu. Vüqar Həşimovun xatirəsinə həsr olunmuş turnirdə iki il ard-arda 6-cı yeri tutmuş şahmatçımız axır ki, öz sözünü dedi. 31-yaşlı Şəhriyar 2 dəfə U20 Uşaqlar Arası Dünya Çempionatının qalibi olmuş yeganə şahmatçıdır. Hər zaman liderliyə yaxın olmuş şahmat ustası 2 dəfə də Mixail Tal Memorial turnirinin qalibi olmaqdan başqa elə də böyük uğurları olmamışdı. Əlbəttə ki, doğma vətəndə keçirilən elit turnirin qalibi olmağın başqa dadı var.

Bu gün Azərbaycanın ən böyük yerli holdinqlərindən olan Synergy Groupun dəstəyi və sponsurluğu ilə keçirilən Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2016 super-turnirində sonuncu – IX turun oyunları keçirilib. Son tur Azərbaycan təmsilçiləri üçün uğurlu olub.

Belə ki, milli komandamızın lideri Şəhriyar Məmmədyarov hollandiyalı Aniş Qiriyə qalib gələrək liderliyə yüksəlib.

Digər şahmatçılarımızdan Rauf Məmmədov çinli Hou Yifana, Eltac Səfərli isə Hindistan təmsilçisi Pentala Harikrişnaya qalib gəlib. Teymur Rəcəbov isə ənənəsinə sadiq qalaraq ukraynalı Pavel Elyanovla sülhə razılaşıb.

9 gün müddətində davam edən gərgin mübarizənin final günündə həmyerlimiz Şəhriyar Məmmədyarov 7 saatdan bir az çox şahmat taxtasında mübarizə aparıb. Bütün turnir boyu amerikalı Fabiano Karuana və hindistanlı Aniş Qiri turnir cədvəlinə başçılıq etmələrinə baxmayaraq şahmatçımız onları yarım xaldan uzağa buraxmadan izləyib. 

Son turda Sergey Karyakinlə heç-heçə oynayan Fabiano Karuana 1-ci 2-ci yerləri bölüşdürdüyündən qalibi müəyyən etmək üçün Şəhriyar Məmmədyarovla tay-brek oynamalı olub.

Liderlər arasındakı ilk iki partiya rapid oyunu hərəyə bir qələbə ilə başa çatıb. Blits qarşılaşmalarında isə millimizin lideri qalib gəlib – 2,5:1,5.

ShamkirChess 2016

IX tur, 4 iyun

Şəhriyar Məmmədyarov (Azərbaycan, 2748) – Aniş Qiri (Hollandiya, 2790) – 1:0

Sergey Karyakin (Rusiya, 2779) – Fabiano Karuana (ABŞ 2804) – 0,5:0,5

Pentala Harikrişna (Hindistan, 2763) – Eltac Səfərli (Azərbaycan, 2664) – 0:1

Pavel Elyanov (Ukrayna, 2765) – Teymur Rəcəbov (Azərbaycan, 2726) – 0,5:0,5

Hou Yifan (Çin, 2663) – Rauf Məmmədov (Azərbaycan, 2655) – 0:1

Turnirin Yekun Cədvəli

1-2. Şəhriyar Məmmədyarov, Fabiano Karuana – 6;
3. Qiri – 5,5;
4. Karyakin – 5;
5. Rauf Məmmədov – 4,5;
6-7-8. Harikrişna, Rəcəbov, Səfərli – 4;
9. Elyanov – 3,5;
10. Hou Yifan – 2,5

Tay-Breklər

Şəhriyar Məmmədyarov (Azərbaycan, 2748) – Fabiano Karuana (ABŞ 2804) – 2,5:1,5 (1:1 iki partiya rapid, 1,5:0,5 iki partiya blits)

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın