Beynəlxalq Şahmat Federasiyası (FIDE) dünyanın ən güclü şahmatçılarının yeni reytinq siyahısını açıqlayıb.
YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, FIDE-nin saytında açıqlanan reytinq cədvəlinin ilk 10-luğunda Azərbaycanın iki təmsilçisi – Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov yer alıb.
Şəhriyar Məmmədyarov bir pillə geriləyərək səkkizinci sıraya düşüb. Onun aktivində 2770 xal var.
2765 xalı olan Dünya Kubokunun qalibi Teymur Rəcəbov isə 10-cu yerdəki mövqeyini qoruyub.
Qadın şahmatçılarımızdan ən yüksək xalı olan Günay Məmmədzadədir. 2443 xalı olan G.Məmmədzadə 28-ci sıradan 31-ci mövqeyə geriləyib. Gülnar Məmmədova 2382 xalla yeddi pillə geriləyərək, 80-ci sırada yer alıb. 2376 xalı olan Xanım Balacayeva da eyni sayda geriləmə ilə 89-cu yerə enib.
Qeyd edək ki, reytinq cədvəlinə yenə norveçli dünya çempionu Maqnus Karlsen 2862 xalla başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana 2823 xalla ikinci, çinli Dinq Liren 2791 xalla üçüncüdür.