Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin İnformasiya və Çap departamentinin açıqlamasına görə, Dağlıq Qarabağda atəşkəsin əsasını təşkil edən 1994 və 1995-ci illərdə əldə olunan razılaşmalar müddətsiz xarakter daşıyır.

Bu barədə Rusiya XİN-in yaydığı məlumatda bildirilir:

“Dağlıq Qarabağ ətrafında vəziyyətin inkişafı kontekstində Rusiya tərəfinin qəti mövqeyi ondan ibarətdir ki, atəşin dayandırılmasına dair 1994-cü il tarixli Razılaşma və bu razılaşmanın möhkəmləndirilməsi üçün qəbul olunmuş Dağlıq Qarabağ münaqişəsində atəşkəsin möhkəmləndirilməsinə dair 1995-ci il tarixli Razılaşma müddətsiz xarakter daşıyır və münaqişə zonasında atəşkəsin əsasını təşkil edir”.

Məlumatda qeyd olunur ki,  ATƏT-in Minsk Qrupunun həmsədrlərinin ümumi yanaşmasına tamamilə uyğun olan bu prinsipial mövqe Rusiyanın ATƏT-dəki daimi nümayəndəliyinin aprelin 12-də Azərbaycanın qurumdakı daimi nümayəndəliyinə təqdim etdiyi notasında öz əksini tapıb.

Türkiyə XİN-inin başçısı Mövlud Çavuşoğlu Ermənistanın işğalını pislədi

Rusiyadan fərqli olaraq Türkiyə rəsmiləri Azərbaycan torpaqlarının işğalını qəbuledilməz pozuntu adlandırır.

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu

ANS PRESS-in məlumatına görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Beynəlxalq gənc diplomatlar təhsil proqramı” ilə əlaqədar gənc diplomatlarla görüşü zamanı bildirib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxlaması qəbuledilməzdir.

Çavuşoğlu həmçinin qeyd edib ki, Ermənistan ordusunun atəşkəsi pozması təəssüfləndirici haldır.

Azərbaycan-Ermənistan təmas xəttində vəziyyət gərginləşdikdən sonra Türkiyə rəsmiləri münaqişənin həlli ilə bağlı bəyanatlar verməyə başladılar.

Rəsmilərin çıxışlarında Azərbaycanın mövqeyinin haqlı olduğu ifadə edilir. “Azərbaycan və Türkiyə bu münaqişənin sülh yolu ilə həll ediməsini istəyir. ATƏT-in Minsk qrupu istəsə, bu məsələni bir həftədə həll edər. Amma onlar addım atmırlar. Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxlayır”.

Çavuşoğlu Ermənistan ordusunun Naxçıvanı atəşə tutmasını çox ciddi pozuntu adlandırıb.
O deyib ki, Ermənistan Naxçıvanı atəşə tutmaqla təxribat axtarışında olduğunu göstərir. “Azərbaycan bu məsələdə çox səbirli davranır”.

 

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın