“Avropa və onun tərkibində olan Azərbaycan futbolu çətin günlər keçirdi. Xoşbəxtlikdən qısa müddətdən sonra futbolumuzu davam etdirə bildik. Pandemiya zamanı davam etdirilən yeganə idman növü futbol oldu. Milli komanda səviyyəsində nəticələr qənaətbəxş olmadı. Ancaq oyunlar göstərdi ki, daha çox xal toplaya bilərik”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) bugünkü Konfransında qurumun icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

E.Məmmədov məktəblərdə idman dərslərinin həftədə iki dəfədən çox olmasını təklif edib: “Bunun ancaq müsbət təsiri olar. Uşaqlıqdan məktəblərdə sağlam həyat tərzi təbliğ olunmalıdır. Təəssüf ki, pandemiya uşaqların sayına da təsir göstərdi. 20 faiz azalma var. Pandemiyadan əvvəl uşaq futbolçularının sayı 10 196 idisə, indi 8 351-ə düşüb”.

Elxan Məmmədov bölgə futbolundakı aktivliyin bir müddət öncə azaldığını vurğulayıb: “Qaydalar yumşaldıqdan sonra bölgələrə səfərlərimiz oldu. Futbol ictimaiyyəti, azarkeşlərlə, icra nümayəndələri ilə görüşdük. Təklifləri dinlədik, yaxın və orta planlarımızı qurduq. Bəzi bölgələrdə yeni meydançalar inşa olundu.

Ötən ilin ən əhəmiyyətli infrastruktur layihəsi Şamaxı şəhər stadionunun açılışı oldu. Orada artıq mini-meydançalar da inşa olunub. Belə bir stadionun olması “Keşlə”nin ora köçməsinə vadar etdi. “Keşlə”nin adının “Şamaxı”ya dəyişdirilməsi ilə bağlı müraciətlər FIFA, UEFA və PFL-ə göndərilib. Ümid edirəm ki, bu mövsümün sonları komanda Şamaxıda fəaliyyətə başlayacaq”.

Onun sözlərinə görə, AFFA-nın strategiyasına uyğun olaraq növbəti mövsüm Premyer Liqada komandaların sayı 10-a çatacaq: “Bu istiqamətdə hazırlıq işləri gedir və fors-major olmasa, böyük ehtimalla, nəhayət, yenidən 10 komandalı Azərbaycan Premyer Liqasını izləyəcəyik”.

Çıxışının sonunda Elxan Məmmədov AVRO-2020-nin 4 oyununun Bakı şəhərində təşkil olunmasından danışıb və ölkəmizin idman tarixində xüsisi əhəmiyyətə malik hadisə olduğunu vurğulayıb.

AVRO-2020 ilə bağlı videoçarxın nümayişindən sonra AFFA-nın İnfrastruktur şöbəsinin müdiri Kamran Vəliyev “AVRO-2020-nin irsi” mövzusunda, Marketinq və Sponsorluq Departamentinin müdiri Tural Piriyev isə “Futbolun İnkişafı Fondu” çərçivəsində tətbiq olunacaq yeni layihə barədə təqdimatla çıxış ediblər. Ardınca Hakimlər Komitəsinin sədri Fritz Stuchlik VAR sisteminin tətbiqi ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib.

Konfransda iştirak edən UEFA nümayəndəsi Cozef Kliment və FIFA rəsmisi Nodar Axalkatsi çıxış edərək AFFA-ya və Azərbaycan futbol ailəsinə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxışında qeyd edib ki, hesabat dövrü ərzində futbolun inkişafı, kütləviliyinin təmin olunması istiqamətində çoxsaylı işlər görülüb və layihələr icra olunub.Çıxışlar başa çatdıqdan AVRO-2020-nin Bakıda keçirilmiş oyunlarında və AFFA-nın müxtəlif tədbirlərində səmərəli fəaliyyətinə görə 12 nəfər könüllü plaketlə təltif olunub. Plaketləri AFFA-nın prezidenti Rövnəq Abdullayev təqdim edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın