“Millət ölüm hökmünün yenidən tətbiq olunmasını tələb edir”. Bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Qurban bayramı münasibətilə “79 milyon bir bayraq altında” adlı toplantıda bildirib.
YALAN.info Haber7-yə istinadən xəbər verir ki, Türkiyə prezidenti R.T.Ərdoğan qeyd edib ki, əgər Türkiyə Böyük Millət Məclisi bununla bağlı qərar qəbul edərsə, kimsənin ona qarşı çıxmaq səlahiyyəti yoxdur: “Avropalı bəzi liderlər deyirlər ki, siz edamı müdafiə edirsiniz. Mən də onlara cavab verdim ki, bunu millət istəyir. Parlament qərar çıxarsa, siz buna qarışa bilməzsiniz”.
Fətullahçı Terror Təşkilatının (FETÖ) bu il iyulun 15-də dövlət çevirilişinə cəhddən danışan R.T.Ərdoğan deyib ki, bu çox böyük oyundur: “İyulun 15-də baş verənlər bu oyunun sonu deyil, bir mərhələsidir. İraqı, Əfqanıstanı, Liviyanı, Misiri qarışdırdılar. Millətimiz bizdən bu oyunu kökündən pozmağımızı istəyir”.
“İndi Türkiyədə edam cəzası yoxdur. Avropanın xaricində dünyada bir çox ölkədə edam hələ də varmı, var. Amerika Birləşmiş Ştatları, Yaponiya, Çin, Hindistan, İndoneziya, Banqladeş, İran, Pakistan, Tayvan, Belarus, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Dominikan, Kuba, Baham adaları, bütün bunlarda hələ də edam var. Yalnız Avropa Birliyinə üzv ölkələrdə yoxdur.”
Ərdoğan onu da deyib ki, aparılan araşdırmalara görə, Türkiyə əhalisinin 75 %-i ölüm hökmünün bərpasını istəyir.
Bəs əslində durum necədir? Türkiyədə edam cəzası görünürmü?
Bu məsələni Sputnik-ə şərh edən tanınmış vəkil Fuad Ağayev yada salıb ki, Türkiyə hələ də İnsan Hüquqlarının Müdafiəsi haqqında Konvensiyanın və ona dair protokolların iştirakçısıdır: “Türkiyə öz üzərinə beynəlxalq öhdəlik götürüb ki, ölkədə ölüm cəzası tətbiq olunmayacaq. Nə qədər ki, həmin protokol qüvvəsini saxlayır, bu məsələnin referenduma çıxarılması Türkiyənin beynəlxalq hüquqi öhdəlikləri ilə bir araya sığmır”. Vəkilin sözlərinə görə, referenduma çıxarılacağı və hətta müsbət dəstəklənəcəyi təqdirdə belə Türkiyə Respublikasına müəyyən müddət lazımdır ki, qanunvericiliyə müvafiq dəyişikliklər etsin. Yəni, ən azı Türkiyənin ölüm cəzasını qadağan edən beynəlxalq müqavilələrdə iştirakına xitam verilməlidir. Bu isə bir həftəlik, bir aylıq məsələ deyil.
“Türkiyə ölüm cəzasının qadağan olunması ilə bağlı üzərinə beynəlxalq öhdəlik götürməsəydi, bu məsələni referendumsuz da həll edə bilərdi. Parlament səviyyəsində qanunvericiliyə dəyişiklik etməklə bunu həll etmək olardı. Ancaq müəyyən öhdəliklər artıq götürülüb”- deyə vəkil əlavə edib.
Media hüququ üzrə tanınmış mütəxəssis Ələsgər Məmmədli də Sputnik-ə deyib ki, ölüm hökmü ilə bağlı Avropa İnsan Hüquqları Konvensiyasının bununla bağlı xüsusi protokolu var və həmin protokola Türkiyə də qoşulub. Bu baxımdan, Türkiyənin Avropa Şurasında qaldığı müddətdə bu addımı atması mümkün görünmür.
“Hüquqda hadisə baş verən zaman mövcud olan hüquqi qaydalar tətbiq olunur. Türkiyədə çevriliş cəhdinə qatılanların bilavasitə edamla mühakimə məsələsi hüquqi baxımdan mümkün deyil. Çünki, hadisə baş verən zaman qüvvədə olan qanunvericilikdə edam cəzası yox idi. 15 iyuldan sonra gələn prosedurlar 15 iyuldan sonra törənən hadisələr üçün keçərli ola bilər. Bu baxımdan, Ərdoğanın ortaya atdığı məsələnin daha çox ictimai rəyə oynanılan bir siyasi gediş olduğunu düşünürəm” — deyə ekspert bildirib.
Ə.Məmmədli əlavə edib ki, yaxın vaxtda Türkiyənin belə sürətli geriyə addım atıb, Avropa Şurasından çıxıb, Avropa Konvensiyasının qoşulduğu protokollardan imtina edib, ölüm hökmünü bərpa ehtimalını az görür.
“Əlbəttə, bu da ola bilər. Ancaq bu, Türkiyənin beynəlxalq imicinə böyük zərbə olar. Çünki, özəlliklə də Avropada edam hökmü sivil dönəmdə, yəni, müharibə durumunda olmayan dövrdə tətbiq olunmur”, – deyə Ələsgər Məmmədli bildirib.