71 kq çəki dərəcəsində yarışan yunan-Roma güləşi üzrə idmançımız Rəsul Çunayev Dağıstanın Kaspiysk şəhərində keçirilən Avropa çempionatında (AÇ) qızıl medal qazanmağa çox yaxın idi.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, dörd il öncə Finlandiyanın Vantaa şəhərində keçirilmiş AÇ-nin finalında macar Tamaş Lörinçə uduzmuş Çunayev bu dəfə həlledici görüşdə rus Adam Kuraka uduzdu.

Lakin sonradan bilindi oldu ki, Çunayevin uduzmağında zədə amili rol oynayıb. Belə ki, Olimpiya mükafatçımız, dünya çempionatı və Avropa Oyunlarının qalibi finaldan sonra verdiyi açıqlamasında belində ciddi zədə olduğunu, hətta buna görə karyerasını bitirmək istədiyini bildirdi.

Bununla belə, idmançımız Adam Kurakla görüşdə özünü qonaq kimi duymadı. Bunu Oxu.Az-a açıqlamasında Çunayev belə əlaqələndirib:

“Mənim babam Dağıstandan Balakənə köçənlərdəndir. Özüm Balakənin Yeni Şərif kəndində anadan olsam da, Dağıstanda çoxlu yaxın qohumlarım var. Məsələn, xalalarım orada yaşayır. Fikir verdinizsə, hər iki güləşçini dəstəkləyənlər vardı. Ancaq bəlkə də, ən çox dəstək mənə verilirdi. Bildiyiniz kimi, milliyyətcə avaram. Buna görə, Dağıstandakı qohumlarımdan başqa, yerli camaat da mənə dəstək olurdu. Burda bəziləri elə bilir ki, mən Dağıstanda doğulmuşam…

Yəqin ki bilirsiniz, Dağıstanın keçmiş rəhbəri mənə Mahaçqalada mənzil verib. Ancaq ora təmirsizdir. Demək olar ki, ora getmirəm”.

İdmançının finaldan sonra bir xanıma forma verməsi də diqqətimizdən qaçmadı. Bəs o qız kim idi?

“Açığı, onu tanımıram. Qohumum deyil. Sadəcə olaraq, görüşdən sonra yaxınlaşıb mənə demişdi ki, sizin fanatınızam. Mən də üzərində Azərbaycan bayrağı olan ağ formamı verdim”, – deyə Çunayev bildirir.

Dağıstana tez-tez öz şəxsi maşını ilə gəldiyini bildirən Rəsul Çunayev millimizin dağıstanlı legionerləri ilə rus dilindən çox, yerli dildə danışdıqlarını bildirib:

“Bizim güləş millimizdə legionerlərdən Şərif Şərifov, Camaləddin Məhəmmədov milliyyətcə Dağıstan avarıdır. Onlarla avar dilində danışırıq. Ancaq bölgələr üzrə ləhcə fərqləri var. Şəxsən Şəriflə bir-birimizi yaxşı başa düşürük (gülür). Onun doğulduğu Qunux kəndində tanışlarım yaşayır”.

Rəsul Çunayev hər zaman müsahibələrində soyadının düzgün yazılmamasını irad tutur. Bəs bu yanlışlıq düzəldilibmi?

“Mənim ilk dəfə soyadımı səhv deyən AzTV-nin idman müxbiri Fikrət Adıgözəlli olub. Adımı hər dəfə “Cunayev” kimi çəkirdi. Bir dəfə ona iradımı da bildirmişəm. Amma onun belə deməsindən sonra çox adam soyadımı Çunayev yox, Cunayev kimi tanıdı.

“İdman Azərbaycan” telekanalının verilişlərindən birində qonaq olarkən vurğuladım ki, soyadımdakı ilk hərf “çay” sözünün birinci hərfidir”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın