Ünsiyyət baxımından “Qarabağ” “Bayer 04”dən daha rahatdır.

YALAN.info bildirir ki, bunu “Qarabağ” FK-nın rusiyalı qapıçısı Andrey Lunyov “RB Sport” dərgisinə müsahibəsində deyib.

UEFA Avropa Liqasının qrup mərhələsində Almaniyanın “Bayer 04” klubu ilə keçirilən oyunda zədələnən 32 yaşlı qolkiper problemin ciddi olmadığını bildirib: “Bayer 04”lə oyunda rəqibin futbolçusu ilə toqquşmadan sonra zədələndim. Ancaq bu, kritik deyil, oynamağa imkan verir. Ümid edirəm ki, tətil faydalı olacaq və diz daha tez sağalacaq. Düşünürəm ki, formamı bərpa edə bilmişəm. Bundan sonra onu inkişaf etdirməyə çalışacağam”.

Rusiya millisinin üzvü sabiq komandası “Bayer 04”də işlərinin yolunda getmədiyini etiraf edib: “Burada yeni səhifə açmışam, mənim üçün yeni mərhələ başlayıb. İndi itirilənləri qaytarmaq lazımdır. İstənilən halda iki il oynamamaq asan deyil. Əsas odur ki, zədələr təkrarlanmır. “Bayer 04”dəki karyeram ümidlərimi doğrultmayan, arzularımın reallaşmadığı bir dövr oldu. İndi həyatımın başqa mərhələsindəyəm. Əlimdə olanlardan maksimum yararlanmağa çalışıram”.

İndi Azərbaycandan kənarda istirahətdə olan rusiyalı futbolçu mövsümün əvvəlində keçdiyi “Qarabağ”a çox tez uyğunlaşdığını bildirib: “Qarabağ”da uyğunlaşma dönəmim çoxdan geridə qalıb. Burada insanlar rus dilini bilirlər. Bu məqam gündəlik həyatda işimi asanlaşdırır. Yerli sürücülük tərzinə alışmaq daha çətin idi. Misirdəki kimi, sürücülər daim siqnal verir, avtomobili istədikləri kimi sürürlər”.

“Bir gün ailəmi ticarət mərkəzinə aparıb, getdim bazaya. Birdən polis maşını məni saxladı. Dedilər ki, sən sürətlə sürürdün, tez-tez zolaqları dəyişirdin. O vaxt hələ də soyuqdəyməm var idi. Elə bildilər ki, içmişəm, məni şöbəyə apardılar. Nəticədə “Qarabağ”dan bir nəfərə zəng etdim, kömək üçün gəldi. Ancaq yenə də cəriməni ödəməli oldum”, – Lunyov bildirib.

Onu da bildirək ki, bu mövsüm Andrey klubunun heyətində 15 oyun keçirib, 14 qol buraxıb və yeddi dəfə qapısını toxunulmaz saxlayıb. Onun “Qarabağ”la müqaviləsi 2024-cü ilin yayında başa çatır. “Müqaviləniz mövsümün sonuna kimidir. Gələcək karyeranızla bağlı “Qarabağ”la söhbətimiz olubmu?” sualına 31 yaşlı qolkiper belə cavab verib: “Danışıqlar gedir. Bununla məşğul olan insanlar var. Mənim işim isə meydanda nəticə verməkdir”.

Lunyov gələcəkdə Rusiya Premyer Liqasına qayıtmasının mümkünlüyü haqda suala isə belə cavab verib: “Prinsipcə, istənilən təklifə açığam. Gələcək inkişaf və ailə üçün hansı variantın daha yaxşı olduğunu araşdırmaq lazımdır”.

“Qarabağ” FK qapıçısının polis bölməsinə aparılması ilə bağlı açıqlama

“Qarabağ”ın mətbuat katibi Anar Hacıyev Lunyovun polis bölməsinə aparılmasına açıqlama verib: “Lunyov Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıb. Onlar hesab ediblər ki, Andrey yol hərəkəti qaydalarını pozub. Lunyov bununla razılaşmayıb və avtomobil qaydalarını pozduğunu ona sübut etmək üçün bölməyə dəvət edilib.

“Nəticədə Lunyov başa düşüb ki, o, doğurdan da qaydaları pozub və bütün dünyada olduğu kimi cərimə ödəyib. Andrey özü də iddia edir ki, müsahibə verdiyi rusiyalı jurnalist onun dediklərini müəyyən qədər təhrif edib”, – deyə mətbuat katibi bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın