Qarabağ müharibəsindəki uğursuzluğun məsuliyyətini üzərimə götürən kimi maraqlı proses başlayıb: hamı son 25-30 ildəki səhvləri mənə və indiki hakimiyyətə yükləməyə çalışır.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib.

“O səviyyətə çatıb ki, Dağlıq Qarabağı danışıqlar prosesindən çıxaran və danışıqları Ermənistan-Azərbaycan müstəvisində aparan şəxs (Robert Köçəryan nəzərdə tutulur – red.) Qarabağın ərazi bütövlüyü kontekstində mübahisələndirilməsinə görə bizi günahlandırır. Bu məsələ ərazi bütövlüyü çərçivəsinə o vaxt gəlib ki, Ermənistan danışıqları Qarabağın əvəzinə aparıb və bu, 20 il öncə olub”, – Paşinyan deyib.

Nikol Paşinyan eyni zamanda bu savaşla dünyanın Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyini qəbul etməsində də onu günahlandıran Köçəryana bu cür cavab verib:

“Bu ittihamı o adam səsləndirir ki, öz hakimiyyəti dövründə erməni cəmiyyətinə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi haqda qəbul edilən beynəlxalq sənədlərin “heç bir təhlükə yaratmadığını” deyirdi. O deyirdi ki, təyyarədə tualetə girərkən və qapını bağlayarkən də “occupated” yazılır. Yəni “işğal edilmiş” sözündə dəhşətli heç nə yoxdur”.

Qeyd edək ki, ötən gün “5-ci kanal”a müsahibəsində Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Nikol Paşinyanın ünvanına sərt ittihamlar səsləndirib.

“Təxmin edirəm, indi çoxları təəccüblənir ki, mən nə danışıram. Mən o şeylərdən danışıram ki, onları 2000-ci illərdə hər bir erməni vətəndaşı bilirdi. Onlar ən yüksək səviyyədə izah edirdilər ki, bütün bunlar Ermənistanın diplomatik uğursuzluğudur. Ancaq vaxt, görünür, unutqanlıq yaradır, ya da yaddaşı dumanlandırır, bəziləri isə bundan istifadə edirlər”.

Paşinyan deyib ki, beynəlxalq ictimaiyyətin münasibəti 2020-də deyil, 25 il əvvəl formalaşıb:

“Dağlıq Qarabağın ərazi bütövlüyü çərçivəsində mübahisələndirilməsi 25 il öncə yaranıb. Həmin vaxt Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən işğalçı kimi tanınmağa başlayıb. Son iki ildə isə biz bundan çıxmağa çalışmışıq.

Bizi günahlandırırlar ki, müharibə Ermənistanın diplomatik uğursuzluğu nəticəsində baş verdi. Heç kəs soruşmur ki, Ermənistan nə vaxt Qarabağ məsələsində diplomatik uğur qazanıb? 1995-ci il ATƏT-in Lissabon sammiti uğurlu diplomatiya idimi? Hansı ki, Birinci Qarabağ savaşından dərhal sonra beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ probleminin Azərbaycanın tərkibində həll edilməsi barədə mövqe ortaya qoydu. 1998-ci ildə “ümumi dövlət” prinsipi masada olarkən 7 rayonun qaytarılması və Dağlıq Qarabağın Azərbaycanın tərkibində olması barədə dəqiq göstərilən tələblə müzakirə diplomatik uğur idi? Yoxsa 1999-cu ildə ATƏT-in İstanbul memorandumunda konfliktin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin nəzərdə tutulması diplomatik uğur sayılır?

Madrid prinsipləri diplomatik uğur kimi təqdim edilir. Halbuki orda aydın şəkildə göstərilir ki, Dağlıq Qarabağ yalnız Azərbaycan razı olduğu halda müstəqil ola bilər. Budurmu diplomatik uğur?

2011-ci ilin Kazan danışıqları diplomatik uğur sayıla bilər? Hansı ki, Azərbaycan qapını çırpdı, ancaq Ermənistan rəhbərliyi müsahibələr verdi ki, biz 7 rayonu qaytarmağa hazırıq, ancaq Azərbaycan daha çox istəyir”.

Paşinyan Rusiyanın mövqeyinə də diqqət çəkib və bu ölkənin də əraziləri qaytarmağı tələb etdiyini vurğulayıb:

“Yaxşı, biz Rusiya ilə münasibətləri korladıq, siz isə yaxşı saxlayırdınız. Əgər siz belə yaxşı münasibət saxlayırdınızsa, bizim strateji müttəfiqimizlə Qarabağın statusunu niyə həll etmədiniz? Niyə 2016-cı il aprel savaşından sonra Azərbaycan cəzalanmadı? Çünki siz getdiniz və başaşağı anlaşdınız ki, Azərbaycanın müharibə aparmaq haqqı var və Bakının haqqını legitimləşdirdiniz”.

Aprel savaşını bu cür dayandıra bildiniz – Paşinyan

Aprel savaşı Ermənistan hakimiyyətinin Azərbaycana əraziləri qaytarmaq barədə şifahi razılığı əsasında dayandı.

“Əgər siz müharibədən qaça bilirdinizsə, onda 2016-cı ildə bunu edərdiniz. Siz bunu edə bilmədiniz. Siz müharibəni əraziləri qaytarmaq sözü verərək dayandırdınız. Bəs biz niyə buna nail ola bilmədik?

Çünki bizə deyildi ki, Ermənistan artıq bir neçə dəfə söz verib və vədini yerinə yetirməyib, ona görə də danışıqlar yalnız yazılı və konkret müddətə ola bilər”, – Paşinyan deyib.

O bildirib ki, müharibəni yalnız 10 noyabrda imzalanan Bəyanatda nəzərdə tutulan şərtlər daxilində dayandırmaq olardı:

“Müharibənin ilk günündə parlament kürsüsündən savaşı hansı şərtlərlə dayandıra biləcəyini elan etdim. Ancaq bu şərtlərə razılaşan olmadı.

İndi aydın olur ki, hamı rayonların 5+2 formatında qaytarılmasının tərəfdarı imiş. Əgər belədirsə, 2016, 2017-ci illərdə edərdiniz, müharibənin qarşısını alardınız, problemi həll edərdiniz. Özəlliklə Aprel müharibəsindən sonra bütün xırdalıqları bilirdiniz. Bəzilərinə elə gəlir ki, Azərbaycan 5+2 formatına razı idi. Bu, yalnız müzakirə üçün bir təklif idi, Ermənistan bu təklifə razı olacağı təqdirdə Bakı Şuşa və Laçını də tələb edəcəkdi”.

O, Türkiyəni münaqişəyə yaxın buraxdığına görə tənqid olunmasına da qarşı çıxıb. Bildirib ki, Türkiyəni illər öncə İrəvanda futbol oyununa çağıranlar rəsmi Ankaranı bu problemin həllinə artıq cəlb etmişdilər.

Nikol Paşinyan xalqa müraciəti zamanı deyib ki, müharibə zamanı Dağlıq Qarabağ səması qapadılmamışdı, çünki 42 milyon dollara alınan radio-elektron mübarizə sistemləri işləmədi.

“Xanımlar və cənablar, 2017-ci ildə erməni ordusu üçün 42 milyon dollara sistemlər aldınız. Bəlli oldu ki, onlar işləmirlər. Bu anlaşmanın həmmüəllifi guya sensasion bəyanat verir və deyir ki, ona bu sistemi almaq yerinə Su-30 almaq imkanı yaradılıb, ancaq o razılaşmayıb. İşləməyən sistemləri xeyirxahlığınıza görə almısınız?”

Paşinyan guya 2,5 il müddətində nə mümkündürsə, o silahları da aldığını iddia edib. O deyib ki, əsgərin ayaqqabısı, geyimindən tutmuş avtomata, patrona, təyyarəyə, müdafiə sistemlərinə qədər, hər şeyi almalı idilər:

“Biz 20 ildə alınmayan bu şeyləri almalı idik. Hə, 2 il müddətində biz bunları etmədik, bəs 18-20 il müddətində siz niyə etməmişdiniz? Xaricdə ada, mülklər, villalar ala bilirdiniz, bunları yox?”

Nikol Paşinyan: Qarabağ bəyanatında “Mehri dəhlizi” anlayışı yoxdur, ancaq infrastrukturun açılması var.

“Əgər biz gələcək haqqında danışırıqsa, o zaman iqtisadiyyatda yeni faktorlar barədə düşünməliyik. Ermənistan-İran və Ermənistan-Rusiya dəmiryol kommunikasiyalarının bərpası bizim iqtisadiyyatımızda çox şeyi dəyişəcəkmi? Məncə, hə. Əgər məsələyə bu kontekstdə baxsaq, görüntü tam fərqlidir, ancaq bu gün daha prioritet məsələlər var”, – deyə o bildirib.

Qeyd edək ki, Ermənistan-Rusiya dəmiryol xəttinin bərpası yalnız Mehri (Zəngəzur) dəhlizi açıldığı halda ola bilər.

10 noyabrda imzalanan üçtərəfli Bəyanata görə, regionda bütün iqtisadi və nəqliyyat əlaqələri açılır, Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında birbaşa nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat əlaqəsinə Rusiya Sərhəd Xidməti nəzarət edir. Bəyanatda həmçinin Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən yeni kommunikasiyaların tikilməsi də nəzərdə tutulur.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın