Ermənistan rəhbərliyi özünün ehtiyatsız hərəkətləri və bəyanatları ilə Qarabağda müharibəni yaxınlaşdırmaq üçün hər şeyi etdi.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunları Ermənistanın keçmiş prezidenti Robert Köçəryan “5-ci kanal”a müsahibəsində deyib.

“Əminəm ki, müharibəni qaçılmaz etmək üçün rəhbərlik hər şeyi etdi. Əvvəla, danışıqlar prosesi dalana dirəndi. Biz bəyanatlarımızla elə durum yaratdıq ki, həmsədrlər erməni tərəfinin nə istədiyini bilmədi. Elə təəssürat yarandı ki, sanki Ermənistan hər şeyi dalana dirəmək üçün edir. Müharibə də elə bir vaxt başladı ki, heç kim danışıqların Ermənistan tərəfindən pozulmasına şübhə etmədi”, – Köçəryan bildirib.

Onun sözlərinə görə, Ermənistan tərəfi Azərbaycanın Qarabağda hərbi əməliyyatlara başlamasını legitimləşdirdi:

“Artsax”ın əsas varlığı öz müqəddəratını təyinetmə hüququnun olmasıdır. Ancaq İrəvan açıqlamaları ilə məsələni ərazi bütövlüyü müstəvisinə sürüklədi. Nəticədə, müharibəyə başlayan Azərbaycanı heç bir ölkə qınamadı”.

Köçəryan bu səhvlərin birbaşa günahkarı kimi Ermənistanın baş nazirini göstərib. Keçmiş prezident bildirib ki, hər şey erməni tərəfinin iyul ayında Tovuz istiqamətində sərhəd qarşıdurmasına səbəb olması ilə başladı.

“Bir ay öncə baş qərargah rəisinin Ermənistanın müharibəyə hazır olmadığını bildirdiyini nəzərə alsaq, bu, ölümcül bir səhv idi”, – Köçəryan bildirib.

Erməni siyasətçi həmçinin, keçmiş müdafiə naziri David Tonoyanı da “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatına görə də tənqid edib:

“Əslində nazirin ağzı ilə Azərbaycana qarşı elə bir təhdid səsləndirdik ki, bu təhlükəni aradan qaldırmağın ən qısa yolu Türkiyəni Bakının tərəfində müharibəyə birbaşa cəlb etmək idi”.

Köçəryan hesab edir ki, Qarabağ səmasını dronlar üçün bağlaya bilməmək rəhbərliyin daha bir səhvi idi:

“Məmurlara 120 milyon dollar mükafat vermək əvəzinə, bir neçə müasir müdafiə məhsulları almaq olardı”.

Baş qərargah rəisinin məruzəsindən sonra Baş nazir Paşinyan “Lavrov planı”nı qəbul etməli və müharibəni dayandırmalı idi.

Onun sözlərinə görə, müharibənin 4-cü günü Onik Qasparyanın müharibənin dayandırılması ilə bağlı məlum məruzəsindən sonra Azərbaycan Ordusu bir neçə kilometr irəliləmişdi və erməni tərəfinin cəmi 500 nəfər itkisi var idi. Məhz onda Nikol Paşinyan müharibəni dayandırmalı idi.

“Ancaq müharibəni 44-cü gün dayandırdılar. Başa düşə bilmirəm ki, generallar məğlubiyyətin qaçılmaz olduğunu deyəndə niyə Paşinyan müharibəni dayandırmadı”, – Köçəryan bildirib.

Keçmiş prezident bildirib ki, əgər hökumət əvvəldən müharibənin real miqyası və itkiləri ilə bağlı xalqa məlumat versəydi, o zaman heç kim Paşinyanı satqınlıqda günahlandırmayacaqdı. Ancaq yalan üzərində qurulan təbliğat ölkə üçün ölümcül oldu.

“Əgər mən lider olsaydım, müharibə olmayacaqdı. Diplomatik axmaqlıqlar da olmayacaqdı. Əliyev mənimlə müharibəyə qərar verməyəcəkdi. Əgər qərar versəydi belə, məğlubiyyətin qarşısını mütləq almaq olardı. Mən məğlubiyyətə gətirib çıxaran kobud səhvlərə yol verməzdim”, – Köçəryan iddia edib.

Nikol Paşinyanın birbaşa sifarişi ilə ordu rəhbərliyi oktyabrın əvvəlində cənub cəbhəsində hərbi əməliyyatla bağlı qərar qəbul etdi. Bu, o zaman effektivliyi çox ciddi şübhə doğuran bir qərar idi.

“Bu, ilk ən böyük uğursuzluq idi: nəticədə ordunun korpuslarından biri və Xankəndi alayı darmadağın oldu. Bundan sonra bizim bölmələrin effektiv müdafiə üçün döyüş imkanları qalmamışdı”, – Köçəryan bildirib.

Köçəryanın sözlərinə görə, bu əməliyyat Paşinyanın 7 oktyabrda RBK-ya coşqu ilə danışdığı əməliyyat idi:

“Biz elə bir yol seçdik ki, o, faciəyə aparırdı. Azərbaycan Ordusu cəbhəni yararaq, 14 km irəliləmişdi. Ancaq bu əməliyyatın sayəsində Hadrut, Qubadlı, Zəngilan, Xudafərin və b. ərazilərə gəlib çıxdı”.

Köçəryan deyib ki, Azərbaycan atəşkəsə razı ola bilməzdi, çünki hər gün ordusu irəliləyirdi. Uğur qazanan heç bir tərəf isə atəşkəsə razı olmaz.

Köçəryan bütün yanlış qərarların bir adam tərəfindən qəbul edildiyini deyib. O, müharibədə xalqın deyil, baş nazir və onun komandasının, apardığı siyasətin məğlub olduğunu bildirib.

“Hakimiyyətin daha bir kobud səhvi şanlı döyüş yolu keçən keçmiş generalları hərbi əməliyyatlara yaxın buraxmaması idi”.

Qarabağdakı müharibədən sonra Ermənistanın qarşısında bir neçə böyük vəzifə durur ki, bunların həlli üçün Rusiya ilə daha çox inteqrasiya və əməkdaşlığın inkişafı tələb olunur.

Köçəryanın sözlərinə görə, bu vəzifələrdən biri ordunun və hərbi texnikanın yenidən bərpasıdır:

“Ordu texnikada böyük itki verib. İnsanları rəqəmlərlə qorxutmaq istəmirəm. Bizim Sünikin (Zəngəzur mahalı) sərhədini qorumağa döyüş qabiliyyətli ordumuz da yoxdur. Dövlət sərhədini milis dəstələri qoruyur. Hardadır bizim hökumət?”

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın