İsraildə Fələstinin HƏMAS (Hərəkət əl-Müqavəmə əl-İslamiyyə) yaraqlılarının hücumu nəticəsində ölənlərin sayı 700-ə yüksəlib.

YALAN.info bildirir ki, bununla bağlı “Kan” dövlət teleradioşirkəti məlumat yayıb.

Məlumata görə, hücum zamanı daha 2,2 mindən çox israilli xəsarət alıb.

Daha öncə 600 nəfərə yaxın insanın öldüyü, 2 minə yaxın sakinin yaralandığı bildirilirdi. İsrail rəsmiləri bu rəqəmlərin son olmadığını, ölənlərin sayının hələ də hesablandığını, onlarla yaralının durumunun ağır olduğunu, buna görə də qurbanların sayının artacağını bildirir.

İsraildə Fələstinin HƏMAS yaraqlıları keçmiş futbolçu Lior Assulini qətlə yetiriblər. Təl-Əvivin “Hapoel” klubu sosial şəbəkədə bununla bağlı məlumat yayıb. Bildirilib ki, 43 yaşlı idmançının meyiti Reim kibutsunun (kommuna) yanında aşkarlanıb.

İsraildə hərbi vəziyyət elan edilib

İsrailin mərkəzinin Qəzza zolağından raket atəşinə tutulması ilə əlaqədar ölkə üzrə hərbi vəziyyət elan edilib. Bununla bağlı məlumat yayan “Əl-Cəzirə” bildirib ki, ölkədə oktyabrın 7-nə nəzərdə tutulan bütün etiraz nümayişləri təxirə salınıb.

Qeyri-rəsmi məlumatlara görə, naməlum silahlılar ölkə ərazisinə daxil olublar. Bir sıra şəhərlərdə küçə döyüşlərinin getdiyi də vurğulanıb. Hakimiyyət əhalini sığınacaqdan və təhlükəsiz yerlərdən çıxmamağa çağırır.

Qəzza zolağına nəzarət edən HƏMAS İsrailə qarşı “Əl-Əksa tufanı” adlı əməliyyata başladığını bildirib. İsrailin özünü müdafiə ordusu müharibəyə hazırlıq vəziyyəti elan edib. Məlumata görə, Qəzza zolağından 20 dəqiqə ərzində İsrailə 5000 raket buraxılıb.

İsrail ordusunun əsgərlərindən əsir götürüldüyünə dair xəbərlər də yayılıb. İsrailin müdafiə naziri Yoav Qalant ehtiyatda olanların kütləvi səfərbərliyini elan edib.

HƏMAS “böyük inqilab”ın başladığını bildirərək İsraildə və onun ətrafında yaşayan ərəbləri birləşməyə çağırıb. İranın dəstəklədiyi “İslami cihad” silahlı təşkilatının rəhbərliyi “Əl-Əksa” əməliyyatına qoşulduğunu açıqlayıb.

“Əl-Cəzirə”nın məlumatına görə, İsrail ordusu Qəzzadakı “Ərəz” nəzarət buraxılış məntəqəsinə nəzarəti itirib.

Qeyd edək ki, hərbi əməliyyat ərəb-İsrail müharibəsinin başlamasının 50-ci ildönümünə təsadüf edir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın