HƏMAS qruplaşmasının İsrailə son qanlı hücumu zamanı beynəlxalq siyasətlə az-çox maraqlanan hər kəsin ağlına bir ölkənin adı gəldi – İran.

Doğrudur, ABŞ rəsmiləri, o cümlədən Dövlət katibi Entoni Blinken HƏMAS-ın İsrailə qarşı həyata keçirdiyi əməliyyatda İranın iştirakını təsdiq edən hər hansı sübutun olmadığını bəyan etdi, ancaq İranın HƏMAS təşkilatı ilə əlaqələri və ona göstərdiyi hərtərəfli dəstək o qədər aydın və aşkardır ki, burada hansısa xüsusi sübut axtarmağa ehtiyac da yoxdur.

Bununla bağlı ortada çoxsaylı faktlar, o cümlədən HƏMAS rəhbərlərinin İrandan aldıqları yardımlar barədə müxtəlif açıqlamaları və etirafları vardır. Onlardan biri xüsusi diqqət çəkir və vaxtilə geniş rezonans doğurub.

HƏMAS-ın liderlərindən biri və təşkilatın beynəlxalq əlaqələr üzrə keçmiş təmsilçisi Mahmud əz-Zəhar 2020-ci ilin sonlarında “Əl-Aləm” televiziya kanalına verdiyi müsahibədə 2006-cı ildə Tehrana səfərlərindən və “Sepah”ın “Qüds” qüvvələrinin o zamankı komandanı general Qasım Süleymani ilə görüşlərindən danışarkən deyib:

“Qasım Süleymani ilə görüşdə əsas çətinliyimizin işçilərin əmək haqqının ödənilməsi olduğunu bildirdik, Qəzzə əhalisinə ictimai xidmətlər və digər yardımlar sahəsində problemlərdən söz açdıq. Qasım Süleymani bizim istəyimizə dərhal reaksiya verdi: belə ki, ertəsi gün səfərimiz başa çatdığı üçün Tehran aeroportuna gələndə çamadanlarda 22 milyon dolların olduğunu gördüm”.

Əz-Zəhar daha sonra əlavə edib: “O bizə daha böyük məbləğ vermək istəyirdi, amma HƏMAS nümayəndə heyəti cəmi 9 nəfərdən ibarət olduğu üçün bundan artığını daşıya bilməzdik, çünki hər çamadanın tutumu 40 kiloqram idi”.

HƏMAS-ın rəhbər heyətinə daxil olan şəxsin, İrandan nağd şəkildə 22 milyon dolar alması barədə açıqladığı epizod, bu təşkilatla Tehran rejiminin xususi münasibətlərindən xəbər verir. Əlbəttə, İranın HƏMAS-a maddi yardımları heç də epizodik xarakter daşımır.

İran hakimiyyəti bu təşkilata stabil olaraq ildə 100 milyon dolar pul verir və HƏMAS İranın maliyyələşdirdiyi proksiqüvvələr içərisində yalnız Livan Hizbullahından az vəsait alır. Aralarındaki məzhəb və ideologiya fəqlərnə baxmayaq, İranın HƏMAS-a göndərdiyi bu səxavəti səbəbsiz deyildir və İsrail dövlətinə münasibətlə onların məqsəd ümumiliyindən qaynaqlanır. Yəni, HƏMAS da İran rejimi kimi İsraili Yer üzündən silimək hədəfini qarşıya qoyub və bu, onlar arasında digər məsələlər üzrə digər ixtilafları arxa plana çəkir.

İranın HƏMAS-a yardımı təkcə maliyyə dəstəyi ilə məhdudlaşmır. HƏMAS dövüşçülərinə İran zabitləri tərəfindən təlim keçirilməsi də bilinən bir faktdır. Yeni zamanda, İran rejiminin HƏMAS-a silah və kəşfiyyat informasiya dəstəyi verməsi də şübhə doğurmayan məsələdir. Üstəlik İran rəsmiləri HƏMAS-a və Fələstinin digər cihadçı qruplarına ağıla gəlməyən yollarla silah çatdırmaları ilə öyünmüşlər.

2021-ci ilin mayında HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmail Həniyyə, göstərdiyi pul və silah yardımına görə İran İslam Respublikasına açıq şəkildə təşəkkürünü bildirmişdi. HƏMAS-ın İsrailə son hücumunda istifadə olunan rakit və dronların əkisəriyəti də İran mənşəlidir.

SEPAH-a bağlı Təslim informasiya agentiliynin yazdığı kimi, İranın HƏMAS-la münasibətləri enişli-yoxuşlu olub. Xüsusən, Suriyada vətəndaş müharibəsi başlayandan sonra, Bəşər Əsədin rejiminə münasibətdə tərəflərin fikirləri haçalanıb. Bununla belə, 2017-ci ildən etibarən münasibətlər normallaşıb və İranın HƏMAS-a yardımları əvvəlkindən də sıx və sistemli xarakter alıb. Eyni zamanda HƏMAS liderlərinin Tehrana səfərləri ardıcıl səciyyə kəsb edib.

Sonuncu belə səfər bu ilin iyun ayında olub. Tehrana gələn İsmail Həniyyə İran rəsmiləri ilə, o cümlədən ölkənin ali rəhbəri Ayətulla Əli Xameneyi ilə görüşüb. Həmin görüşdə Xameneyi Qəzzanı müqavimətin mərkəzi adlandıraraq deyib: “Düşməni diz çöktürəcəyimiz bölgə İordan çayının qərb sahilidir ki, bu regionda da yaxşı irəliləyişlər əldə olunub. Kim təsəvvür edərdi ki, Fələstin cavanları İsrail hərbçilərinə meydanı o qədər dar edəcəklər ki, onlar mühasirədən xilas olmaq üçün qırıcı təyyarələrdən istifadə etməyə məcbur olacaqlar”.

Bu sözlər nəzərə alındıqda, cəmi üç ay sonra Qəzzada baş verən dəhşətli hadisələrin arxasında kimin durduğuna dair daha aydın sübuta ehtiyac varmı?!

HƏMAS-ın arxasındakı İran

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın