Bu gün futbol üzrə Avropa çempionatı EURO 2020-in açılış oyunu Romadakı “Olimpika” stadionunda İtaliya və Türkiyə yığmaları arasında olacaq. Niderland Futbol Birliyinin hakimi Denni Makkelinin yönəldəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, koronavirus (COVID-19) pandemiyasına görə təxirə salınan qitə çempionatına ilk dəfə ikidən çox ölkə ev sahibliyi edəcək. Oyunlar İtaliyanın Roma, İngiltərənin London, Niderlandın Amsterdam, Danimarkanın Kopenhagen, Rumıniyanın Buxarest, Macarıstanın Budapeşt, Rusiyanın Sankt-Peterburq, Almaniyanın Münhen, İspaniyanın Sevilya, Şotlandiyanın Qlazqo şəhərləri ilə yanaşı, Azərbaycanın paytaxtı Bakıda keçiriləcək.

UEFA-nın 60 illiyi ilə bağlı Avropa çempionatının 12 şəhərində keçirilməsi düşünülsə də, sonradan İrlandiyanın paytaxtı Dublin qitə futbol qurumuna azarkeşlərlə bağlı təminat verə bilmədiyindən say 11-ə endirilib. Bundan başqa, analoji problemlə üzləşən İspaniyanın Bilbao şəhərini Sevilya əvəzləyib.

İndiki durumla bağlı olaraq Budapeşt istisna olmaqla, başqa şəhərlərdəki qarşılaşmalara məhdud sayda azarkeş buraxılacaq. Bakı Olimpiya Stadionu (BOS) A qrupunun İsveçrə-Uels, Türkiyə-Uels və Türkiyə-İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. BOS-da hər görüş üçün arenanın toplam tutumunun 50 faizi qədər tərəfdar yer alacaq.

24 yığma hərəsində 4 komanda olmaqla, 6 qrupda mübarizə aparacaq. 31 gün davam edəcək turnirdə toplam 51 oyun baş tutacaq. Qruplarını ilk 2 sırada tamamlayan yığmalar, həmçinin dörd ən yaxşı qrup 3-cüsü 1/8 finala çıxış qazanacaq. Yarımfinal və final qarşılaşmaları Londondakı “Uembli” stadionunda oynanılacaq.

A qrupu: Türkiyə, İtaliya, Uels, İsveçrə
B qrupu
: Danimarka, Finlandiya, Belçika, Rusiya
C
qrupu: Niderland, Ukrayna, Avstriya, Cənubi Makedoniya
D
qrupu: İngiltərə, Xorvatiya, Şotlandiya, Çex Respublikası
E
qrupu: İspaniya, İsveç, Polşa, Slovakiya
F
qrupu: Macarıstan, Portuqaliya, Fransa, Almaniya

AVRO-2020-dəki yeniliklərdən biri də komandaların iştirak ərizəsindəki futbolçu sayının artırılmasıdır. Bu dəfəki turnirdə hər kollektiv 26 oyunçu sifariş edib. Onların 3-ü qapıçıdır.

Avropa çempionatına ilk dəfə qadın hakim təyinat alıb. Türkiyə-İtaliya açılış oyununda 4-cü hakim funksiyasını yerinə yetirəcək fransalı FIFA referisi Stefani Frappar turnirin tarixinə düşəcək. Başqa bir yenilik EURO 2020-də VAR sisteminin tətbiqi ilə bağlıdır.

Birinci dəfə 1960-cı ildə Fransada Avropa Millətlər Kuboku adı altında keçirilmiş turnirin ilk qalibi SSRİ yığması olub. Avropa çempionatının ən uğurlu kollektivi isə Almaniya millisidir. Altı dəfə final oynayan Bundestim bunların 3-də (1972, 1980, 1996) qalib olub. Almanlarla yanaşı, İspaniya yığması da 3 dəfə (1964, 2008, 2012) Avropa çempionluğunu qazanıb. Pireneylilər bir dəfə isə (1984) finalda uduzublar. Almaniya və İspaniyanı 2 çempionluğu olan Fransa millisi izləyir. Turnirin son qalibi isə Portuqaliya seçməsidir.

Öncəki xəbərUxnaagiin Xurelsux Monqolustanın yeni prezidenti seçildi
Sonrakı xəbərPedro Kastilyo Perunun yeni prezidenti seçildi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın