İyulun 10-da “Əziz Şuşa” beynəlxalq velosiped yarışının ikinci mərhələsi keçirilib. 8 ölkəni təmsil edən 13 komandadan toplam 75 idmançının qatıldığı yarışın bu mərhələsi Füzuli Beynəlxalq Hava Limanından start götürməklə Şuşa şəhərindəki “Qarabağ” otelinin qarşısına qədər davam edib.

YALAN.info bildirir ki, idmançılar Prezident İlham Əliyevin tapşırığı ilə tikilən “Zəfər yolu” ilə 71 kilometr məsafədə şose velosipedinin qrup ötüşməsi növündə güclərini sınayıblar. Yarış gərgin və maraqlı idman mübarizəsi şəraitində keçib.

İkinci mərhələnin nəticələrinə görə, Türkiyənin “Sakarya BB Pro Team” klubunun tərkibində yarışan, Azərbaycan milli komandasının üzvü Elçin Əsədov hamıdan sürətli olaraq qızıl, Özbəkistanın “Tashkent City” klubunun üzvü Akramjon Sunnatov gümüş, Monqolustan milli komandasının üzvü İderbold Bold isə bürünc medal qazanıb.

Yarışın lideri olduğuna görə Elçin Əsədova sarı köynək təqdim edilib. İki günün sonuna görə, komanda proqramında 1-ci yerə Türkiyənin “Sakarya BB Pro Team” klubu, 2-ci yerə Özbəkistanın “Tashkent City” klubu, 3-cü yerə Monqolustan milli komandası çıxıb. Şuşa qalasının önündə keçirilən mükafatlandırma mərasimində birinci yerə çıxan idmançı və komandaya kubok, medal, dəyərli hədiyyələr, digər qaliblərə isə medal və dəyərli hədiyyələr verilib.

Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev Federasiya adından yarışın qalibi Elçin Əsədova 3 otaqlı mənzil hədiyyə edib. İdmançılara mükafatları Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, Azərbaycan Respublikası gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə heyətinin sədri Məftun Abbasov, gənclər və idman nazirinin müavini Mariana Vasileva, AVF-nin vitse-prezidenti Robert Eyyubov təqdim ediblər. Bununla da “Əziz Şuşa” beynəlxalq velosiped yarışı sona çatıb.

Elçin Əsədov: “Söz vermişdim ki, Şuşadakı yarışın qalibi olacağam”

Bunu “Report”a açıqlamasında “Əziz Şuşa” beynəlxalq velosiped yarışının qalibi olan Azərbaycan millisinin və Türkiyənin “Sakarya BB Pro Team” kontinental klubunun velosipedçisi Elçin Əsədov deyib. 35 yaşlı idmançı Azərbaycan hərbçilərinin Şuşanı əlbəyaxa döyüşlə işğaldan azad etdiklərini bildirib: “Allah məni utandırmadı. İnandığım şeyi etdim. Allah bütün şəhidlərimizə rəhmət etsin. Ali Baş Komandanımıza və qazilərimizə can sağlığı arzulayıram. “Dəmir yumruq” yerindədir. Onun gənc igidləri öz sözünü dedi. Bu turnirin qalibi olmaq böyük sevincdir”.

Əsədov ilin sonunda karyerasını başa vurmaq istədiyini söyləyib: “Bu, mənim müqavilələrimdən asılı olacaq. Uzun anlaşma olsa, davam etmək şansım var. Ancaq indiki durumda karyeramı bitirmək gündəmdədir. Karyeramı bitirmək üçün bundan gözəl yer ola bilməz”.

Yada salaq ki, yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına uyğun olaraq, “Şuşa İli”nə həsr olunmuş tədbirlər çərçivəsində keçirilib. Yarışın birinci mərhələsi Bakının Pirallahı rayonunda Nərəkənd parkının yaxınlığında fərdi ötüşmə növü üzrə keçirilib. Bu mərhələdə velosipedçilər 21 kilometr məsafə qət ediblər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın