“Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasəti möhtərəm Prezident İlham Əliyev uğurla davam etdirir. Federasiyamızda gözəl infrastruktur yaradılıb”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunları Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) yeni seçilmiş prezidenti Mədət Quliyev mətbuat konfransında deyib.

Tədbirdə çıxış edən Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev qarşıda idmançılarımızı nüfuzlu yarışların gözlədiyini bildirib və daha böyük uğurların qazanılması üçün lazımi işlərin görüləcəyini vurğulayıb. Federasiya prezidenti iclasda qaldırılan məsələlərin yerinə yetirilməsi üçün səylə çalışacaqlarını qeyd edib.

M.Quliyev bu idman növünə sevgi yaranması üçün əllərindən gələni etmələrinin vacibliyini vurğulayıb: “Çalışmalıyıq ki, insanlar işlərə və b. yerlərə velosipedlə getsin. Federasiya olaraq peşəkar idmançılar yetişdirmək istəyirik. Elçin Əsədov Olimpiya Oyunlarında iştirak edib. Regionlarda bu idman növünə marağı artırmalıyıq. Öz kadrlarımızın üstündə işləməyə çalışacağıq. Böyük nailiyyətlər əldə edəcəyimizə inanıram. Dünyada 40-a yaxın peşəkar velosiped komandası var. Çalışmalıyıq ki, ölkəmiz də burada təmsil olunsun”.

Xatırladaq ki, noyabrın 26-da Gənclər və İdman Nazirliyinin inzibati binasında Azərbaycan Velosiped İdmanı Federasiyasının hesabat-seçki konfransı keçirilib. Səsvermə nəticəsində Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev 4 il müddətinə federasiyanın prezidenti seçilib.

Sahib Ələkbərov federasiyanın 1-ci vitse-prezidenti kimi işini davam etdirəcək. Azərbaycan Respublikası Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev federasiyanın vitse-prezidenti seçilib. AzVİF-in prezident və vitse-prezidentləri həm də İcraiyyə Komitəsinə üzv kimi təsdiqlənib. Eyni zamanda Elşən Həsənov, Nadim Babayev və Vüqar Salahov İcraiyyə Komitəsinə üzv seçilib. Fərhad Əliyev federasiyanın baş katibi kimi fəaliyyətinə davam edəcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın