Bu gün Azərbaycanın görkəmli xanəndəsi, xalq artisti Xan Şuşinskinin 115 illik yubileyidir.

Xan Şuşinski Fondunun rəhbəri, tanınmış muğam ustadının qızı Bəyimxanım Verdiyeva-Cavanşir Report-a bildirib ki, ilin sonunadək yubiley tədbirləri keçiriləcək: “Bu gün “Mədəniyyət” kanalında Xan Şuşinskiyə həsr olunmuş veriliş göstəriləcək. Yubiley tədbirlərimiz ilin sonunadək sürdürüləcək. Xan Şuşinskinin 115 illik yubileyi ailəsi, onun sənətini sevənlər tərəfindən keçiriləcək”.

Qeyd edək ki, əsl adı İsfəndiyar Aslan oğlu Cavanşir olan Xan Şuşinski 1901-ci il avqustun 20-də Şuşada anadan olub. 16 yaşında olarkən ustadı İslam Abdullayevlə birlikdə iştirak etdiyi məclisdə “Kürd-Şahnaz” muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi, təbrizli xanəndə Əbdülhəsən xan ona Xan Şuşinski adını verib. Xanın bir xanəndə kimi yetişməsində həmçinin Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin böyük qatqısı olub.

Xan əsl yaradıcı sənətkar kimi milli musiqi xəzinəsini yeni mahnılarla zənginləşdirib. Bu baxımdan onun “Qəmərim”, “Şuşanın dağları” mahnıları dillər əzbəri olub. Xan Şuşinski öz yaradıcılığında bəstəkar mahnılarına da müraciət edib. Bu mənada Üzeyir bəy Hacıbəylinin “Qara göz” mahnısının ilk ifaçısı olub və mahnını yüksək zövqlə oxuyaraq yaşadıb.

Xan Şuşinski 1979-cu il martın 18-də 77 yaşında vəfat edib.

Xan Şuşinski – Şuşanın dağları

Şuşanın Dağları (Söz/Müsiqi: Xan Şuşinski)

Şuşanın dağları başı dumanlı,
Qırmızı qoftalı yaşıl tumanlı,
Dərdindən ölməyə çoxdu gümanım.

Ay qız, bu nə qaş göz, bu nə tel,
Ölərəm dərdindən, onu bil,
Danışmasanda balam, barı gül.

Şuşada axşamlar yanar ulduzlar,
Onlardan gözəldi gəlinlər, qızlar,
Oturub yol üstə yarını gözlər.

Ay qız, bu nə qaş göz, bu nə tel,
Ölərəm dərdindən, onu bil,
Danışmasanda balam, barı gül.

Şuşanın hər yandan gəlir sorağı,
Tərifə layiqdir İsa bulağı,
Dağları, bağları, qızlar oylağı.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın