Belçika millisi Futbol üzrə Dünya Çempionatı 2018-də (DÇ-2018) mundialın bombardiri Hari Keynin (Harry Kane) komandası İngiltərəni udaraq III yeri tutdu.
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Belçika qrupda yendiyi (1:0) İngiltərəni bu dəfə Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda 2-0 hesabı ilə udub.
Hesabı 4-cü dəqiqədə Tomas Mönyö açıb. 82-ci dəqiqədə isə kapitan Eden Azar son nəticəni müəyyənləşdirib.
Bununla da Belçika tarixində ilk dəfə futbol üzrə dünya çempionatında bürünc medal qazanıb. “Qırmızı şeytanlar”ın bunadək ən böyük uğuru DÇ-1986-da 4-cü yer olub. Bu komandanın aktivində 1980-ci il Avropa çempionatında gümüş, AVRO-1972-də isə bürünc medal da var.
DÇ-2018 3-cü yer uğrunda oyun: Belçika – İngiltərə: 2-0
14 iyul 18:00, Sankt-Peterburq. “Sankt-Peterburq” stadionu.
Qollar: Tomas Mönyö, 4. Eden Azar, 82
Hakimlər: Alireza Faqani, Reza Soxandan, Məhəmmədreza Mansuri (hamısı İran), Malanq Didyu, Cibril Kamara (hər ikisi Seneqal)
Belgium v England – 2018 FIFA World Cup Russia™ – Play-off for third place
Hari Keynin kapitanı olduğu İngiltərə milli komandası isə mundialdan medalsız qayıdır. Başqa bir möcüzə baş verməzsə çempionatda 6 qol vurmuş Hari Keyn bombardir kimi tarixə düşəcək.

Qeyd edək ki, sabah finalda Fransa və Xorvatiya milliləri qarşılaşacaq. Çempionatın bu son oyunu Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.