Azərbaycanın ilk rok-qrupu olan Yuxunun canlı əfsanəsi – yaradıcısı və bass-gitaristi İbrahim Emin yenidən səhnəyə çıxıb. O, Bəndə qrupunun vokalisti Ramin Quliyevlə bir səhnəni bölüşüb. Azərbaycan Dövlət İnformasiya Agentliyi AZƏRTAC-ın verdiyi məlumata görə, həmin konsertdə Yuxu qrupunun unudulmaz mahnıları səsləndirilib.


“Yuxu” qrupunun yaradıcısı İbrahim Emin yenidən səhnədə

80-ci illərin sonu 90-cı illərin başlanğıcında Sumqayıt şəhərində yaranmış Yuxu rok qrupu Azərbaycan musiqisinin ən unudulmazlarından biri idi.

Yuxu qrupunun ilk addımları

Qrupun yaradıcısı İbrahim Emin 80-ci illərdən musiqi ilə məşğul olmağa başladığını deyir. “Yeniyetmə çağlarımızda biz BBC radio dalğasında Deep Purple, Led Zeppelinə qulaq asırdıq, daha sonra onlar bizim üçün məktəb oldu, onların musiqilərindən ilhamlanıb rokla məşğul olmağa başladıq. Daha sonra isə 88-ci ildə qrupumuz yarandı. “Xəzərin sahilində” mahnsını yazdırdıq. Mahnının sözləri atama aid idi, mən bəzi sözləri dəyişdim və biz mahnını ifa etdik. Bir il sonra bu mahnı ilə Qızıl Payız musiqi festivalında qalib olduq və hər şey bununla başlandı.”

İbrahim Eminin Türkiyə xatirələri

“Xəzərin sahilində” mahnısı Yuxu üçün viza rolu oynayır. Çox keçmir ki, fransız xanım Paskal “Xəzərin sahilində” mahnısının klipini görür və onları Fransada çalışmaq üçün çağırır.


Yuxu – Xəzərin sahilində

Həmin vaxtlar Fransaya birbaşa çıxmaq olmadığından onlar Türkiyədən getməyə qərar verirlər. Ancaq hələ də bilinməyən səbəblərdən onlar Fransaya gedə bilmir və Türkiyədə qalıb çalışmalı olurlar. Qrupun hava limanında soyulduğu xəbərləri yayılsa da, bu şayiə olaraq qalır.

Türkiyədə işləməyə başlayandan qısa müddət sonra qrup tanınmağa başladı. Türkiyədə qrupun üç – “Xəzərin sahilində” (1988), “Sumqayıt” (1994), “Ölümə çarə yox” (1998) albomları yayımlandı. “İstanbula yenicə gəlmişdik. Klubların birində ilk dəfə çıxış edəcəkdik, axşam uşaqlarla birgə ora yollandıq. Ancaq geyimimiz uyğun olmadığı üçün, bizi içəri buraxmaq istəmədilər. Biz tipik rokçu kimi yox, adi geyinirdik. Onlar da bizi ciddi qəbul etməyib küçümsəyirdilər. Bizi ora göndərən təşkilatçı ilə bağlantı qurduqdan sonra içəri keçə bildik. Öncə adambaşı bir şüşə araq içdik. Onları təəccübləndirən ilk şey elə bu oldu, çünki Türkiyədə araq heç vaxt bu cür içilmirdi. Daha sonra isə səhnə alma sırası bizə gəldi və biz mahnımızı səsləndirdik. Hamı təəccüb içində qaldı. Hə, çünki heç kəs Azərbaycan qrupundan bu cür çıxış gözləmirdi. Axı necə ola bilərdi ki, Azərbaycan kimi qapalı, keçmiş sovet respublikasından belə musiqi çıxsın. Biz musiqimizə və özümüzə qarşı olan bütün önyarğıları elə ilk çıxışımızda qırdıq.”

Bu çıxış qrupun Türkiyədə məşhurlaşmasının başlanğıcı olur, tezliklə yeni toplantılara, televiziyalara çağrılır və yeni qruplara müəllimlik edirlər. Türkiyənin məşhur eksisozluk.com saytında Yuxu qrupu bir zamanlar onları canlı dinləyən insanlar tərəfindən “Ata qrup” deyə adlandırılır: “Bir dəfə canlı izlənildisə, ömür boyu unudula bilməyəcək, bütün qruplara örnək göstərilə biləcək rok qrupudur. Zamanında onları “Caravan” barda canlı dinləyə bildiyim üçün çox şanslıyam.”; “Kaş yenidən birləşib ifa etməyə başlayaydılar, biz də ötən günlərə qayıdardıq dedirdən ata qruplardan biri.”

90-larla müqayisədə indi

90-cı illərdə Türkiyədə baş vermiş zəlzələ musiqi dünyasına durğunluq gətirdi. Durğunluq Yuxu qrupuna da təsir etdi. Qrup dağıldı və üzvlər hərəsi bir işlə məşğul olmağa başladı. İbrahim Emin 90-cı illərdəki problemləri yada salır: “Bilirsiniz, biri var imkansız uşaq, biri də var tənbəl uşaq. Biz 90-ların imkansız uşaqları kimi idik. İndiki tənbəl uşaqların sahib olduğu heç bir imkan demək olar ki, bizdə yox idi. İndi tanınmaq, yıxıldığın yerdən davam etmək daha asandır. Amma dövrə görə yenə də yenilik etməyə, nələrisə dəyişməyə çalışırdıq. O vaxt roku anlayan, sevən daha çox idi nəinki indi. Yeni qrupları çalışdırırdıq, ümidlər çox idi, lakin indi durum dəyişib, rok burda özünə yer tapa bilmir. Təbii ki, indi musiqi ilə məşğul oluram, hətta yoldaşlarım da məni həvəsləndirir, ancaq hələ də biz burda öz auditoriyamızı tapa bilməmişik. Buna görə də məni bura anamdan başqa bağlayan heçnə yoxdur, o da olmasaydı yəqin ki, burda qalmazdım, çıxıb gedərdim.”

Roku heç vaxt dəyişmərəm

İbrahim Emin deyir: “Məni tanıyanlar yaxşı bilir, həmişə deyirəm roku heç vaxt dəyişmərəm. Mən roku duyuram, rok azadlığın, üsyankarlığın musiqisidir, mənim musiqimdir.”

Yuxu rok-qrupunun üzvlərinin sonrakı fəaliyyəti

Qrupun yaradıcısı İbrahim Emin 2004-cü ildə Sumqayıtda “Sirr” adlı yeni rok qrupu yaradır. Fəaliyyəti boyunca “Yoruldum” (2014) albomu işıq üzü görür. Ancaq albomdan bir müddət sonra qrup fəaliyyətini dayandırır. İndi İbrahim Emin hərdən rəsm əsərləri çəkərək yoldaşlarına satmaq və hədiyyə etməklə yaşayır. Qrupun gitaristi Namiq Nəqdəliyev Türkiyədə musiqiçi fəaliyyətini davam etdirir. Orada Kıraç, Haluk Levent, Funda Arar və başqaları ilə birlikdə çalışır. Zərb alətləri ifaçısı Çingiz Eyvazov isə qrup dağıldıqdan sonra Türkiyədə qalır, musiqi fəaliyyətinə davam edirdi. Lakin eyni zamanda tatu ustası idi. Yaxın zamanlarda Azərbaycana qayıdan Çingiz musiqi fəaliyyətini dayandırsa da, tatu işinə davam edir. Qrupun vokalisti Cəsur Nemətov isə Rusiyada yaşayır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın