Rio-de Janeyroda keçirilən 2016-cı il XXXI Yay Olimpiya Oyunlarının yunan-Roma güləşi yarışlarında 130 kq çəki dərəcəsində çıxış edən Azərbaycan güləşçisi Sabah Şəriəti bürünc medal qazanıb.

Azərbaycan Dövlət İnformasiya Agentliyi AZƏRTAC xəbər verir ki, mübarizəyə səkkizdəbir final mərhələsindən qoşulan Sabah Şəriəti ilk görüşündə ABŞ idmançısı David Timoti Robert Smitdən üstün olub. Dörddəbir final mərhələsində isə güləşçimiz dünya və Avropa çempionu, “Bakı-2015” ilk Avropa Oyunlarının qalibi, “London-2012″nin bürünc mükafatçısı türkiyəli Rza Kayaalpa uduzub. Rəqibin finala yüksəlməsi güləşçimizə təsəlliverici görüşlərə qatılmaq imkanı verib. Belə ki, Sabah Şəriəti Venesuela idmançısı Ervin Coz Karaballo Kabreraya qalib gələrək bürünc medal uğrunda güləşməyə nail olub. Almaniya idmançısı Eduard Poppa da qalib gələn Sabah Şəriəti “Rio-2016″nın bürünc medalına sahib olub və Azərbaycana üçüncü medalı qazandırıb.

Sabah Şəriətinin uğur zolağı

Sabah Şəriəti 1989-cu il yanvarın 1-də İranda anadan olub. Güləşçi Azərbaycanın paytaxtında keçirilən “Bakı-2015” ilk Avropa Oyunlarının gümüş medalçısıdır. 2013 və 2014-cü ildə Bakıda keçirilən və Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri turnirinin qızıl medalına sahib olub. Sabah Şəriəti I Avropa Oyunlarında qazanılmış yüksək uğurlara və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Qeyd edək ki, ilk iki medalı Azərbaycana cüdoçular – Rüstəm OrucovElmar Qasımov qazandırmışdılar.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın