“Ermənistan XİN-in Azərbaycanı üçtərəfli bəyanatı pozmaqda ittiham etməsi riyakarlıqdan başqa bir şey deyildir”.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin açıqlamasında deyilir.

Azərbaycan XİN yada salır ki, Ermənistan tərəfindən üç ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarının yerinə yetirilmədiyi, özəlliklə də erməni silahlı dəstələrinin hələ də Azərbaycan ərazilərindən çıxarılmadığı dəfələrlə bəyan edilib. Üçtərəfli bəyanatın 4-cü maddəsinə görə, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. 

“Qanuni erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərində qalması ilə bağlı Azərbaycan tərəfində olan çoxsaylı dəlillərə əlavə olaraq, bu fakt erməni rəsmiləri tərəfindən də etiraf edilib. Belə ki, Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisinin müavini Saak Saakyanın bu il 29 iyun tarixində hərbi xidmətə çağırılan vətəndaşların valideynləri ilə görüşdə “Qarabağ bölgəsində erməni müddətli hərbi xidmətçilərinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları ilə əvəzlənəcəyini” deyib.

Eyni zamanda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan 19 iyul 2022-ci il tarixli müsahibəsində “Ermənistan silahlı qüvvələrinin bölmələrinin Qarabağdan çıxarılmasının bu ilin sentyabr ayında başa çatacaq” söyləməsi Ermənistanın üzərinə götürdüyü öhdəliklərə zidd olaraq, hələ də silahlı hərbi birləşmələrini qonşu dövlətin ərazisində qanunsuz olaraq saxladığını bariz şəkildə göstərir.

Vurğulayırıq ki, yaşanan son gərginliyin səbəbi, məhz qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərində qalması və təxribatlara əl atmasıdır. 3 avqust tarixində Azərbaycan əsgərinin şəhid olması ilə nəticələnən qanlı insident də məhz Ermənistanın öhdəliklərinin yerinə yetirməməsinin nəticəsidir.

Üçtərəfli bəyanatın 6-cı bəndinə istinad edərək, Azərbaycanı uyğun müddəanın pozuntusunda ittiham edən Ermənistan XİN-in diqqətinə çatdırırıq ki, Laçın dəhlizinə alternativ yolun tikintisi razılaşdırılmış marşrut üzrə artıq uzun aylardır ki, gedir və Ermənistan tərəfi bu yol ilə bağlı yetərincə məlumatlıdır.

Əgər Ermənistan tərəfi üçtərəfli bəyanatın başqa müddəaları kimi bu öhdəliyin də həyata keçirilməsini müxtəlif bəhanələrlə ləngitmək məqsədini güdürsə, bu bir daha Ermənistanın qeyri-konstruktiv və üçtərəfli bəyanatların və başqa anlaşmaların yerinə yetirilməsinə münasibətdə pozucu çalışmalarının bariz nümunəsidir.

Bölgədə sülh və sabitliyin təmin olunması, habelə münaqişə sonrası normallaşma üçün üçtərəfli bəyanatların tam yerinə yetirilməsi önəmlidir. Azərbaycan, öz tərəfindən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir və Ermənistan tərəfinin də bu öhdəliklərə əməl etməsini qətiyyətlə tələb edir.

Azərbaycanı “aqressiv fəaliyyətdə” ittiham edən Ermənistan XİN-in yadına salırıq ki, hərbi birləşmələri 30 ilə yaxın qonşu dövlətin ərazilərinin işğalını həyata keçirən, işğal siyasətinə son verildikdən sonra hələ də qanunsuz silahlı dəstələrini Azərbaycan ərazilərindən çıxarmayan məhz Ermənistandır. Azərbaycan isə öz ərazilərinin təhlükəsizliyini və bütövlüyünü qanuni əsaslarla təmin edir”, – bəyanatda vurğulanıb.

Yada salaq ki, avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədilib. Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub. Bundan başqa, qanunsuz erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa çalışıb.

Bundan sonra, Azərbaycan Ordusunun bölmələri “Qisas” cavab əməliyyatı keçirib. Əməliyyat nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra başqa önəmli hakim yüksəkliklər nəzarətə götürüb. Əməliyyat çərçivəsində qanunsuz erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.

MƏNBƏAzərbaycan Respublikası Xarici İşlər Nazirliyi
Öncəki xəbərÇin 26 il sonra Tayvan ətrafında ən irimiqyaslı hərbi təlimlərə başlayır
Sonrakı xəbər“Qisas” əməliyyatından sonra Qarabağda və sərhəddə nisbi sakitlikdir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın