Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bundan başqa, qanunsuz erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa çalışıb.

Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra başqa önəmli hakim yüksəkliklər nəzarətə götürüb. İndi bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür.

Əməliyyat çərçivəsində qanunsuz erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.

Yada salaq ki, Azərbaycan Respublikası dəfələrlə bildirmişdir ki, üçtərəfli bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır. Həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə labüddür.

İndi Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutaraq bundan sonra ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacaq və əks cavab tədbirləri daha da sarsıdıcı olacaq.

Onu da bildirək ki, Ermənistan hökuməti hadisə ilə bağlı heç bir açıqlama verməyib. Ermənistan mediasında yayılan xəbərlərə görə, Ermənistan ordusunun dörd hərbçisi ölüb, daha 15-i yaralanıb. Yaralılardan birinin durumunun ağır olduğu bildirilir.

Azərbaycan Ordusu “Qisas” əməliyyatı keçirib

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın