Rusiya Ermənistanla, ümumiyyətlə, heç nəyi müzakirə etmir: sadəcə gözlənilən proseslərlə bağlı məlumat verir. Bu, sadə bir həqiqətdir. Əgər gərək bilsələr, informasiya ilə təmin edəcəklər, zərurət görməsələr, onu da etməyəcəklər.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, mövzu ilə bağlı “Kaspi” qəzetində maraqlı araşdırma yazısı yayımlanıb. Həmin araşdırmanı diqqətinizə çatdırırıq.
 
Ermənistanın baş naziri Nikol Paşinyan belə getsə, Moskvaya qısa zaman ərzində ən çox səfər edən əcnəbi lider kimi tarixə düşəcək. Nəzərə alsaq ki, bir neçə gündən sonra yenə Rusiyaya səfər edəcək, o zaman Nikolun bu statusu qazanmaq şansı artır. Müxalifətdə olarkən erməni prezidentlərini Rusiyanın vassalına çevrilməkdə ittiham edən baş nazir indi az qala Moskvanın yolunu “su yolu”na çevirib. 44 günlük İkinci Qarabağ Müharibəsi əvvəlki rusofob Nikolu tamam dəyişib. Rus politoloqlardan birinin çox maraqlı formada ifadə etdiyi kimi, bu səfərin baş tutması ilə indi İrəvanda bayramdır. Axı onların lideri Moskvada qəbul edilib.

Kimin üçün “məhsuldar”, kimin üçünsə…

Hər iki tərəf səfərlə bağlı sadəcə “məhsuldar görüş keçdi və ikitərəfli münasibətlər müzakirə olundu” deməklə kifayətləndilər. Lakin şübhəsiz ki, danışıqlarda əsas müzakirə mövzusu Qarabağ məsələsi, güzəştli qaz və b. olub. Erməni mediasında dərc olunan materiallarda birmənalı olaraq Ermənistanın sülh razılaşmasına hazırlanmasının diqqət mərkəzində olduğu vurğulanır.

Məsələn, Ermənistanın İslahatçılar Partiyasının sədri Vahan Babayan deyir ki, Moskvada çox cəld şəkildə Paşinyanı imzalanmalı olanı imzalamağa məcbur ediblər. Onun sözlərinə görə, Ermənistanın bugünkü fəaliyyəti müharibəyə yenidən başlamağa əsaslanmamalıdır. Erməni politoloq Ervand Bozoyan isə Putin-Paşinyan görüşünü şərh edərkən deyib ki, Vladimir Putinin Nikol Paşinyanla əsas müzakirə mövzusu üçtərəfli bəyanatların icrası, demarkasiya və delimitasiya məsələləri, o cümlədən Türkiyənin təklif etdiyi “3+3” formatıdır. Bozoyan bildirib ki, sülh sazişinin görüşdə müzakirə edildiyini düşünmür: “İndi çoxsaylı çətin suallar var və onların həlli üçün zaman lazımdır. Əsas demarkasiya və delimitasiya, kommunikasiyaların açılması və Qarabağın “statusu”dur”.

“Paşinyan siqnal aldı – Zəngəzur dəhlizi…”

“Kremldəki danışıqlar zamanı Paşinyan Putindən Zəngəzur nəqliyyat dəhlizinin ən qısa müddətdə açılmasının lazım olduğuna dair açıq bir siqnal aldı”, – deyə rusiyalı politoloq İqor Korotçenko özünün telegram kanalında yazıb. O, Paşinyanın Moskva səfərini şərh edərkən “Bu gün ermənilərin bayramıdır, Paşinyan Moskvaya gəldi” yazıb. Onun sözlərinə görə, Rusiya ilə dost olmaq istəyən Ermənistan ondan güzəştli qaz almaq istəyir. Axı qarşıdan qış gəlir və ermənilərin yalnız odunu var, resursu yoxdur. Və qaz da kasıb erməniləri qızdıracaq.

“Bu, sadə bir həqiqətdir”

“Ermənistanla, ümumiyyətlə, heç nəyi müzakirə etmirlər: sadəcə gözlənilən proseslər barədə məlumat verirlər”. Bu sözlər isə Putin-Paşinyan görüşünü şərh edən siyasi texnoloq Karen Koçaryana məxsusdur. Onun qənaətincə, Paşinyanı Moskvaya çağırmaqda da məqsəd, sadəcə, onu məlumatlandırmaqdır. “Bu, sadə bir həqiqətdir. Əgər lazım bilsələr, informasiya ilə təmin edəcəklər, zərurət görməsələr, etməyəcəklər”.

Silahı pulsuz istəyəcək

Pandemiya Ermənistan iqtisadiyyatına ciddi zərbə vurdu. Açıqlanmasa da, görüşün əsas mövzularından biri qaz qiymətləri olub. “Qazprom” üçün Ermənistan bazarı prinsipial deyil. O, çox kiçikdir. O ki qaldı Rusiyadan silah alınması məsələsinə – ekspertlər hesab edir ki, Rusiyanın Ermənistana silah ixracı ilə bağlı iki problemi var. Azərbaycanla baş tutan münaqişə göstərdi ki, ermənilər zəif döyüşçüdür və Rusiya silahı onların əlində antireklama çevrilir. Ən əsası odur ki, erməni xəzinəsində pul yoxdur. Yəni İrəvan Moskvadan silahı pulsuz istəyəcək.

Sülh razılaşmasında 3 bənd?

Ermənistanın “Qolos Armenii” nəşri isə maraqlı bir məsələyə toxunub. Qəzetə açıqlamasında Fransanın Ermənistana yeni təyin olunan səfiri Ann Lyuo bildirib ki, Fransa Rusiya və ABŞ-la birlikdə Qarabağla bağlı uzunmüddətli saziş üzərində iş aparır. “Bəli, bu faktdır ki, 44 günlük müharibə regionda qüvvələr balansını dəyişib. Qarabağ məsələsində həm erməni baş nazir, həm də prezident İlham Əliyevin ümumi məqsədi var – bu məsələyə son qoymaq. Düzdür, hər iki lider bu məsələnin həllini fərqli görsələr də, hədəf birdir. Həmsədrlər də, ola bilsin, mövqeləri yaxınlaşdırsınlar”. Fransız səfir sülh razılaşmasında üç bəndin olacağını mümkün sayır. Birincisi, tərəflər ərazi bütövlüyünü tanıyır, beynəlxalq kommunikasiyaların açılmasına razılaşır. Ardınca da sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlanılır. Və bu zaman hər iki dövlət SSRİ dağılan zaman qüvvədə olmuş inzibati bölgünü əsas götürəcəklər.

Paşinyan parlamentə deyəcək ki…

N.Paşinyan da bunu parlamentə təqdim edəndə bildirəcək ki, razılaşmaya məcbur qalaraq imza atıb. Belə ki, ondan əvvəlki hakimiyyət 2010-cu ildə “İnzibati bölgü haqqında” qanunu qəbul edib. İkinci bənd təhlükəsizlik bölgəsində yaşayan insanların hüquqlar ilə bağlı ola bilər. Bu məsələnin həlli üçün isə Minsk qrupunun himayəsi altında ikitərəfli komissiya yaradılır. Paşinyanın buna da sözü var. 1999-cu ildə Robert Koçaryan ATƏT-in Budapeşt sammitində qəbul edilən sənədə imza atıb.

Üçüncü məsələ Rusiya sülhməramlı kontingentinin mandatı ilə bağlı olacaq. Bunu da qanunverici orqana təqdim edərkən Paşinyan 1996-ci ildə qəbul edilmiş Rusiya ilə Ermənistan arasındakı dostluq və strateji əməkdaşlığa söykənəcək. 
 
Beləliklə, böyük ehtimalla, məsələyə yaxın vaxtlarda aydınlıq gələcək. Güman etmək olar ki, Paşinyan ölkəsi üçün çıxış yolunun olduğunu anlayıb və bu yol da mövcud reallıqla barışmaqdır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın