Kaspi qəzeti“ndə köşə yazarı Təranə Məhərrəmovanın “İşlə hobbi arasındakı harmoniya – İncə baxış” başlıqlı yazısı yayımlanıb. YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı məqaləni oxucuların diqqətinə çatdırır.

Kanadalı müğənni və prodüser Abel Makkonen 2010-cu illərin sonlarında YouTube-da gizli şəkildə həftəsonu istirahət – weekend haqqında bir neçə mahnı yükləyəndə nəinki özünün “Vikend” (the weekend) kimi, həm də bu sözün dünyaca məşhurlaşacağı ağlına belə gəlməzdi.

Müğənninin həmin mahnılardan ibarət albomu satışda rekord qıranda isə insanlar o musiqilərin sədası altında həyat ritmlərini qurmağa başladılar. Onun iki dəfə “Qremmi” qazanması, “Oskar”a namizəd olması, “Forbes”in dünyanın ən varlı müğənnilərinin reytinq cədvəlində yer alması heç də təsadüfi deyildi. Lirik tenor qərbdən-şərqə, cənubdan-şimala insanlara vikendi necə keçirməyin vacibliyini anlatmışdı. Həftə sonlarını maraqlı keçirməyi həyat tərzinə çevirmişdi. İnsanlara gərgin işlə hobbi arasında harmoniya yaratmağı öyrətmişdi. Mahnılar insanları həyata bağlamışdı, yaşamağı anlatmışdı.

The Weeknd – Starboy ft. Daft Punk (Official Video)

Sonradan “Weekend” mövzusunda çoxlu filmlər çəkildi. Dərgilər nəşr olundu. Moda həftələri keçirildi.

Karyeranın gizli silahı

O vaxtdan bəri “həftəsonları”nı səmərəli keçirməyi uğurlu karyeranın gizli silahı adlandıranlar var. Vikendi bütün uğurlu insanların xəyallarını qurmaq üçün lazımlı fürsət hesab edənlər də çoxdur. “Uğur qazanan adamlar istirahət etməyi bilirlər və buna görə də, çox iş görməyi bacarırlar”- deyə “Forbes” insanları puldan çox istirahət haqqında düşünməyə səslədi. Məşhur iş dərgisi ən uğurlu adamların həftəsonları internet, telefon və başqa ünsiyyət vasitələrini unutduğunu, daha çox insanlarla ünsiyyətə üstünlük verdiyini vurğuladı.

Hayd Parkda həftəsonu

Bir neçə il öncə Londonda evində qaldığım 56 yaşlı qaradərili qadının “boyfrendi” ilə şəhər kənarına istirahətə hazırlaşanda “Weekendi necə keçirəcəksən?” sualına məndən maraqla cavab gözləməsi heç yadımdan çıxmır. Muzeylərə baş çəkəcəyimi deyəndə “Bəlkə, Hayd Parkda dincələsən” məsləhətindən vaz keçmədim. Həftəsonunu dünyanın bu məşhur parkında keçirdim.

İki gün boyunca Serpentayn gölünə tamaşa etdim, eyniadlı qalereyanı gəzdim. Hersoq Vellinqton muzeyinə baş çəkdim. Krallıq parkının Kensinqton bağlarıyla sərhədinə qədər gedib çıxdım. Rəngbərəng güllərdən, ətirli ağaclardan, nadir quşlardan intəhasız zövq aldım. Bu, ağlıma gətirməyəcəyim və heç zaman unutmayacağım “vikend” idi.

Adını hələ də xatırladığım Cenni adlı ev sahibi iki gün sonra qayıdanda onun timsalında insanların istirahətlərini sadə yolla, az büdcə ilə necə qurmaqlarının sirrini öyrəndim. “Həftəsonu- weekend- vikend” sözləri də o vaxtdan beynimə taxılıb qaldı. Bu sözü o qədər sevdim ki, səyahət fotolarımın sosial şəbəkələrdəki paylaşımlarımın “həştəq”i oldu.

Hər cibə uyğun

Son illər “həftəsonu”nun bizim ölkəmizdə də çox məşhurlaşdığını müşahidə edirəm. Şəhərkənarı otellərə dincəlməyə gələn insanları görüncə bu düşüncənin get-gedə genişlənməsinə çox sevinirəm. “Bizim otellərdə qiymətlər bahadır” deyənlərin fikirləri ilə də razıyam. Ancaq kənd turizmi də var. Şəhərin hay-küyündən uzaqlaşıb ucqar bir kənddə sadə bir mənzil də kirayələmək olar, bir ağacın altında palaz sərib dincəlmək də. Bir bağda və ya parkda xudmani yer tapıb kitab oxumaq da, musiqi dinləmək də, yürüş etmək də. Yaxın dostla kiçik bir kafenin pəncərəsi ağzında yer edib dərdləşmək də. Yetər ki, gərgin həftə sonundan sonra beynini yükdən təmizləməyin, stressdən uzaqlaşmağın yolunun istirahətdə olduğuna inanasan. Onda xatirə kimi çəkdirdiyin fotonun altına, ya da sadəcə qəlbinə “weekend” yazmaqdan zövq alarsan…

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın