Ermənistan Respublikasının Prezidenti Armen Sarkisyanın istefasının əsas səbəbləri bilinib. Sarkisyan istefasına bir neçə önəmli faktorun səbəb olduğunu açıqlayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Ermənistan mətbuatının məlumatına görə, Armen Sarkisyan bununla bağlı bəyanatında bildirib ki, vəzifəsindən istefaya getməsinə səbəb səlahiyyətlərinin məhdud olmasıdır.

“Bu önəmli qərarı (prezident olmaq təklifi – red.) qəbul edərkən mənə (2018-ci ildə – red.) verilən təklifdən çıxış etdim. Təklifə görə, yeni prezident institutu xarici, iqtisadi, investisiya siyasətinə, diasporla əlaqələrə, o cümlədən milli maraqların müdafiəsinə, beynəlxalq arenaya, yeni elm və təhsil və yüksək texnologiya mühiti yaratmağa təsir alətləri olacaqdı.

Bir müddət sonra 2018-ci ilin aprel-may hadisələri oldu. Sual yarana bilər ki, mən niyə həmin anda işdən çıxmadım? Cavab aydındır, çünki mən respublika Prezidenti kimi məsuliyyəti öz üzərimə götürmüşəm.

Daxili parçalanmanın daha da dərinləşməsinə, son dərəcə mənfi nəticələrə səbəb ola biləcək toqquşmalara yol verməmək üçün əlimdən gələni etməyə borclu idim. Çalışmışam ki, uzun illər zəhmətim nəticəsində əldə etdiyim nüfuzdan, əlaqələrimdən istifadə edim, beynəlxalq siyasi və iqtisadi potensialımdan güclü, sabit dövlət qurmaq üçün istifadə edim.

Yenə sual yarana bilər ki, niyə prezident bizi indiki milli böhrana aparan siyasi hadisələrə təsir edə bilmədi? Səbəb yenə də göz qabağındadır – müvafiq alətlərin olmamasıdır ki, istənilən dövlət məmuruna yalnız bir sənəd – Konstitusiya verilir. Potensial problemlərimizdən bəziləri mövcud Əsas Qanundan qaynaqlanır”, – Prezident deyib.

“Bizdə paradoksal vəziyyət yaranıb – prezident dövlətçiliyin qarantı olmalıdır, əslində heç bir real aləti yoxdur. Konstitusiya həm də bir qurumun başqa qurumdan üstünlüyünü təmin edir, tarixi Vətənin dövlət qurumlarının idarə olunmasında tanınmış diaspor mütəxəssislərinin iştirakına maneələr yaradır və b.”, – Armen Sarkisyan vurğulayıb.

Yada salaq ki, Armen Sarkisyan 2018-ci ildə Ermənistan prezidenti seçilib. Onun bu posta namizədliyi həmin dövrdə dövlət başçısı olan Serş Sarkisyan irəli sürmüşdü. İndi  ölkə prezidenti vəzifəsini növbədənkənar seçkilərə qədər Ermənistan Milli Assambleyasının (Parlamentinin) sədri Alen Simonyan yerinə yetirəcək.

Onu da bildirək ki, Ermənistan konstitusiyasına görə, növbədənkənar prezident seçkiləri uyğun olaraq ən geci 25 və 35 gündən gec olmayaraq keçirilir. Prezident parlament tərəfindən yeddi il müddətinə seçilir. Eyni şəxs yalnız bir dəfə prezident seçilə bilər. Deputatların toplam sayının azı dörddə birinin namizəd irəli sürmək hüququ var. Konstitusiyaya görə, prezident istefa ərizəsini parlamentə təqdim edir. İstefa elan olunduğu andan qəbul edilmiş sayılır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın