“Sülhün olması üçün (Ermənistanla Azərbaycan arasında – Red.) hər şey edəcəyəm”.

YALAN.info bildirir ki, bununla bağlı Ermənistan parlamentinin spikeri Alen Simonyan özünün “Telegram” kanalında yazıb.

O, brifinq zamanı səsləndirdiyi “vaxt gələcək ki, ermənilərlə azərbaycanlılar yan-yana yaşayacaqlar” fikirləri ilə bağlı mediada bir sıra rəylər oxuduğunu bildirib. Spiker bununla bağlı yeni heç nə deyilmədiyini, iki qonşu dövlətin rifahı üçün ən yaxşı yolun sülh şəraitində yaşamaq və bir-biri ilə ticarət etmək olduğunu vurğulayıb.

“Uzun qanlı müharibələrdən sonra dinc həyatın bir çox örnəkləri var və bunun başqa alternativi yoxdur. Ancaq rəylər tamamilə fərqli bir şey haqqında idi. Önəmli heç nə yox idi, yalnız təhqir və qəzəb. Mən azərbaycanlılarla yanaşı yaşamaq istəməyən insanların kim olduğunu anlamağa çalışdım və təəccüblü heç nə aşkarlamadım.

Söyüş söyən gənc anaları, vizaj-makiyaj-tatuaj edən xanımları, siyasətlə məşğul olanları bir kənara qoysaq, məlum olur ki, onların çoxu Rusiyada, məsələn, Stavropolda yaşayır və ermənilərin azərbaycanlılarla yanaşı yaşamasını istəmir. Onlar hətta rus hərfləri ilə yazırlar (öz aləmlərində ermənicə). Hətta çox vaxt rus və erməni dillərini əla bilmək o erməninin nə demək istədiyini tam başa düşməyə kömək etmir. Onların kiçik bir hissəsi ABŞ-də yaşayır və təbii ki, azərbaycanlılarla çiyin-çiyinə yaşamaq istəmir. Onlar da mənim dediklərimi qəbuledilməz sayırlar. Qarğış və söyüşlərin möhtəşəmliyi ilə seçilən maraqlı bir tip də var. Əminliklə deyə bilərəm ki, qarğışlar nə qədər möhtəşəmdirsə, onlar Ermənistandan bir o qədər uzaqda yaşayırlar”, – deyə spiker bildirib.

Bununla belə, Simonyan gileylənmədiyini, qəzəblənmədiyini vurğulayıb. “Əksinə, öyrəşsinlər, dinləsinlər, bilsinlər ki, mən hər şeyi edəcəyəm ki, sülh olsun”, – Simonyan sözlərini yekunlaşdırıb.

Alen Simonyan: “Ermənistan üçün Qarabağ məsələsi yoxdur”

“İrəvan üçün Qarabağ məsələsi yoxdur. Ermənistan tərkibində Qarabağın olduğu Azərbaycanın ərazi bütövlüyünü tanıyıb”.

Ermənistan mediasının məlumatına görə, bununla bağlı ölkə parlamentinin spikeri Alen Simonyan brifinqdə bəyan edib. “Qarabağ məsələsi həll olunubmu nə deməkdir? Qarabağ məsələsinin həllinin və ya həll edilməməsinin mahiyyəti nədir? Ermənistanda indi belə bir məsələ yoxdur. Ermənistan Qarabağın da tərkibində olduğu Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir. Yəqin ki, son ilyarım ərzində biz bu barədə səkkiz dəfə danışmışıq”, – deyə parlamentin spikeri vurğulayıb.

O əlavə edib ki, indi Ermənistan üçün əsas məsələ Azərbaycanla sülh müqaviləsinin imzalanmasıdır.

Milli Məclis Ermənistan parlamentinin spikerinin son açıqlamasına münasibət bildirib

Azərbaycan Respublikası Milli Məclisinin Ermənistan parlamentinin spikeri Alen Simonyanın 2023-cü il 28 noyabr tarixli açıqlamasına münasibət bildirib. Bununla bağlı Milli Məclis məlumat yayıb.

Bildirilib ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan noyabrın 28-də jurnalistlərə açıqlamasında növbəti dəfə regionda mövcud olan reallıqları təhrif edərək, həqiqətdən uzaq fikirlər səsləndirib. Ermənistan parlamenti spikerinin bu müsahibəsi Ermənistan rəhbərliyinin “absurd iddialar” növbəsinə dayandığını aşkar şəkildə göstərməklə yanaşı, xarici havadarlarının gözünə girmək uğrunda yarışdığına da dəlalət edir. Son səsləndirilən fikirlərə başqa cür açıqlama vermək mümkün deyil.

Qeyd edilib ki, Simonyan Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 30 illik işğalı faktını yaddaşlardan silmək və Ermənistan tarixinin bu qara ləkəsini beynəlxalq ictimaiyyətin gündəmindən çıxarmaq “arzusu”nu gələcəyə baxış adı altında pərdələməyə çalışır.

Yaxşı olardı ki, Simonyan Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlının öz doğma torpaqlarından qaçqın və məcburi köçkün düşməsinə, Xocalı Soyqırımının törədilməsinə, işğal dövründə doqquz şəhər və yüzlərlə kəndin darmadağın edilməsinə görə üzr istəyərək, gələcək haqda danışmağa başlasın. Təəssüf ki, bu baş verməyəcək.

İşğal olunmuş torpaqlarda və Ermənistan ərazisində azərbaycanlılara məxsus yüzlərlə tarixi, mədəni və dini abidələri yerlə-yeksan edən, abidələrin və yaşayış yerlərinin adlarını dəyişərək, saxta tarix yazan monoetnik Ermənistanın parlamentinin spikerinin müxtəlif etnik qrupların mehriban və dinc şəkildə birgə yaşadığı, tarixi və mədəni irsinin dövlət səviyyəsində mühafizə edildiyi Azərbaycanı öz arşını ilə ölçməsi, əslində onun həqiqi simasını ifşa edir.

Simonyanın Qazax rayonunun yeddi kəndinin və Kərkinin hələ də Ermənistanın işğalı altında qalmasına primitiv düşüncə tərzi ilə hüquqi don geyindirməyə çalışması, əksinə, Azərbaycanı işğalda ittiham etməsi isə xəstə təfəkkürün təzahüründən başqa bir şey deyil.

Vurğulanıb ki, Ermənistan rəhbərliyinin “Azərbaycanın müharibəyə hazırlaşması”, “sülh danışıqlarından imtina etməsi” kimi beynəlxalq ictimaiyyəti aldatmağa yönəlik yalanları təkrarlamağa nə dərəcədə alışdığı artıq bir faktdır. Simonyanın bir daha yadına salmaq istərdik ki, məhz Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra beynəlxalq hüququn prinsipləri əsasında Ermənistanla sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə çıxış edib.

Ötən üç il boyunca Ermənistan öz siyasi və hərbi təxribatları ilə sülh prosesini əngəlləməyə çalışıb. İndi bölgədə uzunmüddətli sülhün bərqərar olması üçün tarixi şans yaranıb. Azərbaycan hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında Ermənistanla sülhə hazır olduğunu dəfələrlə bəyan edib. Belə bir məqamda isə Ermənistan sülh müqaviləsinin mətni üzrə Azərbaycanın təkliflərinə cavabını uzun müddət gecikdirməklə, danışıqlar prosesini uzatmağa çalışır.

“Bir daha qeyd edirik ki, Azərbaycan regionda davamlı sülhün tərəfdarıdır və Ermənistanla münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsinin imzalanmasını dəstəkləyir. Biz inanırıq ki, sülh müqaviləsinin imzalanması üçün hazırda geniş imkanlar vardır. Ona görə də, Ermənistan tərəfini bu cür təxribatçı və həqiqətdən uzaq bəyanatlar səsləndirməkdən çəkinməyə və sülhə töhfə verməyə çağırırıq”, – deyə açıqlamada verğulanıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın