Ötən cümə günü Kosovo və Albaniya hökumətləri arasında 14 müqavilənin imzalanması ilə önəmli görüş keçirilib.
YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, iki ölkənin baş nazirlərinin birgə görüşündən sonra açıqlama verən Albaniya hökumətinin başçısı Edi Rama ölkəsi və Kosovonun birləşməsinə “Hə” səsi verəcəyini bildirib.
Serbiya mətbuatı baş nazirin açıqlamasına manşetlərdə yer verib. Serb mətbuatı Albaniya və Kosovonun birləşəcəyi qərarının verildiyi, ancaq bunun nə vaxt baş verəcəyinin bilinmədiyini yazıb.
Rama isə birləşmə ilə bağlı referendumda “Hə” səsini verəcəyini bildirib: “Bu, belə də olacaq. Nə vaxt, necə bilmirəm, amma bir gün olacaq”. Kosovo Baş naziri Albin Kurti də milli birliyin hər iki tərəfin ümumi maraqlarını əks etdirdiyini bildirib.
Danışıqlarda ilk dəfə ölkəsini təmsil edən Kosovo Baş naziri Albin Kurti, “Bugünkü görüş Kosovo və Albaniyanın Kosovonun şimal qonşusunu (Serbiya) kənarda qoyaraq planlar qura və razılığa gələ biləcəyini təsdiqlədi” və buna məhəl qoymayaraq addım ata biləcəklərini bildirib. Serbiya iki ölkənin birləşməsinin “Böyük Balkan müharibəsi”nə səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq etsə də, Albaniya və Kosovo Serbiyanın reaksiyalarına baxmayaraq “tarixi arzularının” gerçəkləşə biləcəyini düşünür.
Müqavilə çərçivəsində iki ölkə arasında polisin təmin etdiyi sərhəd nəzarətinə son qoyulub. Əvəzində artıq sərhəd nəzarəti kameralar vasitəsilə təmin ediləcək. Razılaşdırılmış məsələlər arasında iki ölkə arasında hökumətlərarası katibliyin yaradılması, gömrük prosedurlarında və malların ölkəyə giriş-çıxışında qarşılıqlı rahatlığın təmin edilməsi, müvəqqəti yaşamaq üçün icazələrin alınması prosedurlarının və şərtlərinin asanlaşdırılması, infrastruktur və enerji sahəsində əməkdaşlıq, universitetlərdə ekvivalentlik daxildir.