“Ermənistanın Baş naziri Nikol Paşinyanın noyabrın 23-də Minskdə keçiriləcək KTMT sammitində iştirakdan imtina etməsi və İrəvana Qərb silahlarının tədarükü “eyni zəncirin halqalarıdır”.

YALAN.info bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə News.ru-nun sualını cavablandırarkən deyib.

Onun fikrincə, “iki stulda oturmaq” heç kimə xeyir verməyib. “Biz Ermənistan rəhbərliyinin son bəyanatlarını və addımlarını, o cümlədən baş nazir Nikol Paşinyanın KTMT Kollektiv Təhlükəsizlik Şurasının Minskdə keçiriləcək sessiyasında iştirakdan imtinasını, cənab Qriqoryanın (Ermənistan Təhlükəsizlik Şurasının katibi – Red.) “Avropa inteqrasiyası” və ya “bloklara qoşulmayan Ermənistan” barədə bəyanatlarını, respublikaya Qərb silahlarının tədarükünün genişləndirilməsi, İrəvanın Kiyev rejimi ilə qəfil “dostluğu”nu bir zəncirin halqaları kimi nəzərdən keçiririk”, – Zaxarova bildirib.

Diplomat qeyd edib ki, Moskva İrəvana Roma Əsasnaməsini ratifikasiya etmədən BCM mexanizmlərindən istifadə etməyi təklif edib, lakin erməni tərəfi kompromis yollarına məhəl qoymayıb. O, bu cür hərəkətlərin Ermənistanın əsarətə düşməsinə səbəb ola biləcəyini vurğulayıb. Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Əsasnaməsini ratifikasiya edərkən Ermənistan müstəsna olaraq siyasi motivləri rəhbər tutub.

“Bütün xəbərdarlıqlara rəğmən, özəlliklə də Qərbin BCM vasitəsilə ölkəmizin rəhbərliyinə və məmurlarına qarşı başlatdığı anti-Rusiya siyasəti fonunda İrəvan sırf siyasi motivlərlə sənədi ratifikasiya etmək qərarına gəlib. Əgər İrəvan öz əlləri ilə yaradılmış problemlərin həllində maraqlıdırsa, o zaman, fikrimizcə, bunun üçün Ermənistan hüquq sistemi çərçivəsində imkanlar var”, – Zaxarova bildirib.

Zaxarova yada salıb ki, Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin oktyabrın 9-da verdiyi müsahibədə Beynəlxalq Cinayət Məhkəməsinin qaydalarının Roma Statutunu ratifikasiya etmədən də ölkələrin BCM-ə müraciət etməyə imkan verdiyinə diqqət çəkib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın