“Rusiya Azərbaycanın Qarabağa qayıtmaq istəyən ermənilərin hüquqlarının, təhlükəsizliyinin və iqtisadi rifahının təminatı ilə bağlı bəyanatlarını alqışlayır”.

YALAN.info bildirir ki, bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Biz Azərbaycan Prezidenti Administrasiyasının yüksək rütbəli nümayəndəsinin Qarabağa qayıtmaq istəyən ermənilərin hüquqlarının, təhlükəsizliyinin, iqtisadi rifahının təmin edilməsi ilə bağlı son bəyanatlarını alqışlayırıq. Hesab edirəm ki, bu, çox düzgün və vaxtında siqnaldır. Moskva Rusiya sülhməramlı kontingenti də daxil olmaqla, Bakı və İrəvanın barışması üçün prinsipial önəm daşıyaən bu prosesə hər cür kömək edəcək. Biz bu regionun və ərazilərin sakinlərinin geri qayıtmasının qarşısını almaq üçün çoxlu cəhdlər qeydə alırıq”, – Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib.

Onun sözlərinə görə, bəziləri hansısa xəyali təhdidlərlə qorxudulur, başqalarına isə evlərindən heç nə qalmadığı barədə yalan məlumat verilir. “Bu, doğru deyil. Ən azı biz indi fəal şəkildə aparılan bu informasiya kampaniyalarını görürük. Mənə elə gəlir ki, biz Azərbaycan Prezident Administrasiyasının nümayəndəsinin rəsmi bəyanatlarına və Rusiya hökumətin məlumatlarına əsaslanmalıyıq”, – deyə Zaxarova yekunlaşdırıb.

Zaxarova: Qərb regional kommunikasiyaların açılmasına mane olur

Zaxarova qeyd edib ki, Qərb Ukrayna siyasətində iflasa uğradıqdan sonra Ermənistandan “möhkəm yapışıb”. “Ukrayna istiqamətində planları tamamilə iflasa uğrayan Qərb eynilə vəhşicəsinə Ermənistanı qamarlayaraq, onu Rusiyadan qoparmağa çalışır”, – XİN rəsmisi bəyan edib.

Zaxarova vurğulayıb ki, Qərbin məsləhətləri Ermənistana Cənubi Qafqazda kommunikasiyaların açılması işini başa çatdırmağa mane olur. Onun sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistan liderləri Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan tərəfindən başladılan kommunikasiyaların açılması prosesi hələ də başa çatmayıb.

“İyunun 2-də üçtərəfli işçi qrupunun 12-ci toplantısında danışıqlarda önəmli irəliləyiş qeydə alınıb. Özəlliklə Ermənistan və Azərbaycan arasında dəmir yolu əlaqəsinin bərpası və təşkili ilə bağlı ümumi anlaşma əldə edilib”, – deyə o bildirib. “Ancaq yenə də nə isə Ermənistan rəhbərliyinə kağız üzərindəkiləri sona çatdırmağa mane olur. Biz buna nəyin mane olduğunu çox yaxşı bilirik – bu, Ermənistandakı indiki rəhbərliyin qərbli dostlarının “yaxşı” məsləhətləridir”, – Zaxarova əlavə edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın