Xətai Sənət Mərkəzində Xalq rəssamı Arif Hüseynovun aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyinə həsr edilmiş “Azərbaycan aşıq sənəti” adlı bədii sərgisi açılıb.

Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq təşkil olunan sərgi Milli Məclisin Mədəniyyət komitəsi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar Birliyi, Bakı Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.

Sərginin açılışına həsr olunan tədbirin iştirakçıları öncə Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla anıblar.

Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva sərgi haqqında məlumat verib, bir sıra məsələlərə də toxunub. Milli Məclisin deputatı 200 illiyi keçirilən Dədə Ələsgərin – Aşıq Ələsgərin illərdir erməni işğalında qalan qərib məzarından da danışıb. Deyib ki, işğal edilən torpaqlarımızda ermənilər barbarlıq əməlləri törədiblər: “Təəssüf ki, Aşıq Ələsgərin məzarı da erməni barbarlığının qurbanı olub. Aşıq Ələsgərin varlığı Azərbaycan mədəniyyəti tarixi üçün önəmlidir. Onun yaradıcılığının qorunub təbliğ edilməsi mədəniyyət siyasətinin bir hissəsidir”.

Qənirə Paşayeva xatırladıb ki, Azərbaycanın aşıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına salınıb. Komitə sədri Xalq rəssamı Arif Hüseynovun yaradıcılığı haqqında da danışıb. Bildirib ki, tədbirdə Türkiyədən və Özbəkistandan da qonaqlar iştirak edir. “Bu, aşıq sənətinə verilən önəmdən irəli gəlir, – deyə Qənirə Paşayeva bildirib.

Tədbirdə Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının başçısı, şair-publisist Əkbər Qoşalı bildirib ki, miniatür sənəti XIII əsrdən inkişaf etməyə başlayıb. Xalq rəssamı Arif Hüseynov müasir dövrdə bu sənəti yaşadan sənətkardır. Bugünkü sərgi bunun bariz nümunəsidir.

Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva deyib ki, Arif Hüseynov öz yaradıcılığında ölkə əhəmiyyətli mövzulara toxunur.

Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Səhlab Məmmədov sərginin təşkil edilməsində əməyi keçən hər kəsə təşəkkür edib: “Rəssamlara dəstək olmaq lazımdır. Bu, çox önəmlidir. Aşıq sənəti türk dünyası üçün çox vacibdir”.

“Dədə Ələsgər” İctimai Birliyinin sədri Xətai Ələsgərli isə qeyd edib ki, Aşıq Ələsgərin yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilir: “Hər zaman dövlət ona dəstək olub. Yubileyləri təntənə ilə qeyd olunub. Sərginin təşkilatçılarına təşəkkür edirəm. Bakıda Aşıq Ələsgərin heykəlinin ucaldılması ən böyük arzumuzdur”.

Tədbirdə, həmçinin “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva, Milli Məclisin deputatları Sahib Alıyev, Ülviyyə Həmzəyeva və başqaları çıxış ediblər.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə rəssamın 20 əsəri nümayiş olunub.

Sərgi ilə bağlı hazırlanmış kataloqda Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev “Aşıq sənətimiz rənglərin işığında” sərlövhəli yazısında qeyd edib ki, Xalq rəssamı professor Arif Hüseynovun “Azərbaycan aşıq sənəti” silsiləsini həm də onun bu vaxta qədər incəsənət tariximizdə “ağ ləkə” kimi görünən saz-söz sənəti tarixinə vətəndaş mövqeyinin ifadəsi saymaq olar:

“Əvvəllər də rəssam aşıq sənətinin bədiiləşdirilməsinə maraq göstərib, amma bu epizodik xarakter daşıyıb. Azərbaycan Prezidenti İlham Əliyevin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamından sonra Arif Hüseynovun xalqımızın qopuzlu dünyasına müraciəti davamlı və daha əhatəli olmuşdur. Elə onun ictimailəşdirməyə qərar verdiyi otuza qədər əsər də bunun ifadəsidir… Özündə ənənə ilə müasirliyin qovşağını yaşadan bu lövhələrin hər birində müşahidə olunan vətənpərvərlik ruhunda rəssamın Azərbaycanımıza – onun əvəzolunmaz mənəvi dəyəri olan saza – aşıq sənətinə nəhayətsiz sevgi və ehtiramı duyulmaqdadır”.

“Azərbaycan Aşıq sənəti” adlı sərgi

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın