Qurban Qurbanovun baş məşqçi olduğu komanda II turda Kiprdə “Omoniya”nın qonağı olub. Nikosiyadakı GSP stadionunda oynanılan və şotlandiyalı FIFA referisi Bobbi Maddenin yönəltdiyi görüş “Qarabağ”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, UEFA Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunda keçirilən “Omoniya” (Kipr) – “Qarabağ” qarşılaşması üçün heyətlər aşağıdakı kimi olub:

“Omoniya”: 40. Fabiano, 15. Tomaş Huboçan, 22. Adam Lanq, 2. Paris Psaltis, 17. Yan Leçyaks, 19. Fouad Baçirou, 16. Xordi Qomes (k), 21. Marinos Tzioni, 20. Panagiotis Zaxariu, 13. Fotis Papulis, 80. Andronikos Kakulli

Ehtiyat oyunçular: 23. Fransis Uzoho, 74. Kaçper Çorazka, 4. Abdullahi Şehu, 5. Kiko, 6. Ektor Yuste, 8. İyayi Atiemven, 11. Erik Butyak, 18. Mixal Duris, 30. Nikolaos Panagiotu, 44. Marko Skepoviç, 75. Loyzos Loyzu, 76. Çaralampos Çaralampus

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 81. Kevin Medina, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 2. Qara Qarayev, 6. Patrik Andrade, 19. Filip Ozobiç, 20. Kadi Borqes, 10. Abdullah Zubir, 25. İbrahima Vadji

Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 4. Rahil Məmmədov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 17. Qaspar Panadero, 22. Musa Qurbanlı, 28. Hüseyn Hüseynzadə, 29. Marko Veşoviç, 77. Ramil Şeydayev, 83. Nihad Quliyev

Qarşılıqlı hücumlarla başlayan oyunda ən real qol vəziyyəti 22-ci dəqiqəyə təsadüf edib. Öncə Ağdam təmsilçisinin heyətində Abdullah Zubirin zərbəsini qapıçı çətinliklə dəf edib, ardınca isə Toral Bayramovun iti cinah ötürməsindən sonra “Omoniya”nın müdafiəçisi Adam Lonq az qala avtoqol müəllifi olacaqdı. Onun topa tərs toxunuşundan sonra qapı dirəyi hesabın açılmasına mane olub. Meydan sahiblərinin buna cavabı yetərincə təhlükəli olub. Ancaq Kevin Medina son anda rəqib oyunçunun fərqlənməsinə imkan verməyib. Oyunda hesab 40-cı dəqiqədə açılıb. Nikosiya təmsilçisinin heyətində Yan Letsyaks standart vəziyyət zamanı topu başla qapıdan keçirib. İlk yarı “Omoniya”nın minimal hesablı üstünlüyü ilə sona çatıb.

Fasilədən sonra təzyiqi artıran “Qarabağ” bunun bəhrəsini 52-ci dəqiqədə görüb. Sol cinahda topu qəbul edən Kadi Borges uzaq məsafədən güclü zərbə ilə baxımlı qol atıb. Bundan sonra stadionda qalmaqal yaşanıb. Braziliyalı yarımmüdafiəçi qolu qeyd etmək üçün meydanın kənarına gedib. Bu zaman yerli azarkeşlər meydana su şüşələri atıblar. Az sonra meydanda yenidən gərginlik baş verib. Zubir özünə qarşı kobudluqdan sonra Takis Zaxariuya etirazını bildirib. O isə öz növbəsində “Qarabağ”ın futbolçusuna sərt qarşılıq verib. Nəticədə referi Zaxariunu sarı vərəqə ilə cəzalandırıb.

73-cü dəqiqədə isə “köhlən atlar” 2-ci topu “Omoniya”nın qapısından keçirib. Meydana ikinci yarıda İbrahima Vadjinin yerinə girən Ramil Şeydayev adını tabloya yazdırıb. Ardınca “Qarabağ”ın kapitanı Maksim Medvedev fərqlənib. Cərimə meydançasında əllə oyundan sonra təyin olunan penaltini qola çevirən müdafiəçi komandasının üstünlüyünü artırıb. Qarşılaşmada son nöqtəni isə əsas vaxta artırılmış 4-cü dəqiqədə Kadi Borges qoyub.

Bu nəticədən sonra xallarını 4-ə çatdıran “Qarabağ” İsveçrə “Bazel”indən daha çox qol vurduğuna görə 1-ci yeri tutur. Yeri gəlmişkən, H qrupunun başqa qarşılaşmasında “Bazel” evdə Qazaxıstan “Kayrat”ını 4:2 hesabı ilə məğlub edib.

UEFA Conference League | MD2 | Omonia – Qarabağ – 1:4

Ağdam təmsilçisi III turda Qazaxıstan “Kayrat”ını qəbul edəcək.

Qurban Qurbanov: “Hesab bizi aldatmamalıdır”

“Doğurdan da bizim üçün önəmli oyun idi. İlk oyundan qrupa yaxşı nəticə ilə başlamaq istəyirdik. Birinci qarşılaşma Bakıda İsveçrə “Bazel”inə qarşı oldu. Oyunumuz pis alınmadı. Kipr səfərində isə 3 xal qazanmaq çox önəmli idi”.

Bunları “Report”a açıqlamasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Kiprdə “Omoniya”nı 4:1 hesabı ilə məğlub etdikləri oyundan sonra Bakıdakı qarşılama zamanı deyib.

49 yaşlı mütəxəssis “Bazel”lə görüşdəki istəyi Nikosiyada da göstərmək niyyətində olduqlarını bildirib: “Bu, mənim üçün çox önəmli idi. Nəticə öz yerində, futbolçular demək olar ki, 90 dəqiqə oyundan qopmadılar və bütün fikirləri, diqqətləri görüşdə idi. Bir neçə epizodda rəqibin də üstünlüyünü nəzərə almaq gərəkdir. “Omoniya” evdə və öz azarkeşlərinin önündə oynayırdı. Bizim bəzi texniki səhvlərimiz oldu. Qələbə ilə birlikdə yaxşı oyun göstərdik. Hər epizodda, təkbətək mübarizələrdə futbolçular bir-birini sığartaladı. Sürətli hücumlarda da özlərini ən yaxşı tərəfdən göstərməyi bacardılar. İlk yarıdan sonra 0:1 hesabı ilə məğlub durumda idik, ancaq sonda qələbə qazana bildik”.

Qurbanov rəqibin oyun keyfiyyətləri haqqında da danışıb: “Onların çempionatdakı və I turda Qazaxıstan “Kayrat”ı ilə görüşlərini izləmişdik. Rəqibin fərqli sistemlərdə oynaması məni narahat edirdi. Ön xətdə və cinahlarda çox sürətli oyunçuları var. Buna görə narahat idim. Ancaq müdafiəçilərimiz rəqib hücumlarının qarışını ala bildilər. Hesab bizi aldatmamalıdr. Bəzən hesab komandaları, futbolçuları və məşqçiləri aldadır. “Omoniya” qrupda istənilən rəqibə qalib gələcək gücdədir. Çünki özlərinə məxsus oyun üslubları var və əks-hücumları həddindən artıq sürətlidir. Düşünürəm ki, yaxşı komanda üzərində yaxşı qələbə qazandıq”.

Təcrübəli baş məşqçi futbolçuların fiziki hazırlıqlarının normal olduğunu diqqətə çatdırıb: “Sıx qrafik olanda oyunları eyni tempdə keçirmək futbolçular üçün asan deyil. Bəzən futbolçulardan və bizdən asılı olmayan səbəblərə görə oyunçular oyuna yorğun çıxır. İki gün sonra Premyer Liqada “Qəbələ” ilə oyunumuz var. Demək olar ki, qarşılaşmaya kimi heç üç sutka vaxtımız olmayacaq. Bu da futbolçu üçün çox azdır. Həm də bütün gecəni yol gəlmişik. Oyunun yorğunluğunu bərpa etmək asandır, nəinki yol yorğunluğunu. Dəfələrlə belə situasiyalara düşmüşük. Çalışırıq ki, ən yaxşısını edərək futbolçuların bərpa olunmasına yardım edək. Daha diqqətli olsaq bu hazırlıqla futbolçular daha yaxşı idman forması əldə edəcəklər”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın