Türkiyədə Fətullah Gülənə yaxınlığı ilə tanınan Samanyolu telekanalı (STV) bu gecədən başlayaraq öz yayımını dayandırır.

ANS PRESS-in məlumatına görə, STV rəhbərliyi Türkiyənin Radio-Televiziya Üst Qurumuna (RTÜK) müraciət edərək bu gecə yayımını dayandıracağını bildirib.

Daha öncə məşhur Samanyolu TV-nin “Türksat” peyki ilə yayımı dayandırılmışdı. Telekanal bundan sonra yayıma quru antennaları vasitəsi ilə davam edirdi.

Telekanalın vəkili Adnan Şəkər bu barədə RTÜK-ə ərizə ilə müraciət edib. Ərizədə telekanala qarşı son iki ildə tətbiq edilən çoxsaylı sanksiyalardan bəhs edilib. Bu sanksiyalar arasında telekanalın müxtəlif yayım platformalarından çıxarılması, peyk və kabel yayımlarının dayandırılması və s. sadalanır.

Fətullah Gülən Pensilvaniyadakı iqamətgahında
Fətullah Gülən Pensilvaniyadakı iqamətgahında

1993-cü ildən fəaliyyətə başlayan STV telekanalı ilahiyyatçı Fətullah Gülənə və nurçu icmasına yaxınlığı ilə tanınırdı. Telekanal 1990-cı illərin sonlarında Azərbaycanda və Orta Asiya respublikalarında öz redaksiyası ilə yayıma başlamışdı.

Telekanal 2002-ci ildən Türkiyənin hakim partiyasına çevrilmiş AKP ilə çox yaxın idi. Lakin 2 il qabaq AKP ilə STV-nin qeyri-rəsmi rəhbəri olan Fətullah Gülənə yaxın qrup arasında qarşıdurma başladı. Bu münasibətlər 17 dekabr 2013-cü ildə mənşəcə azərbaycanlı olan iş adamı Rza Zərrab və bir neçə nazir oğlunun tutulması ilə başlayan rüşvət əməliyyatından sonra daha da kəskinləşdi. 2014-cü ilin yayında prezident seçilmiş Rəcəb Tayyib Ərdoğan kanalın bağlanması üçün rəsmi müraciət etdi.
Türkiyə daxili işlər nazirinin oğlu Barış Gülər həbs edilən zaman
Türkiyə daxili işlər nazirinin oğlu Barış Gülər həbs edilən zaman

Ərdoğan hazırda Amerikada olan Fətullah Gülənə və onun tərəfdarlarına qarşı mütəmadi çıxışlar üvanlayır. Belə çıxışlardan birini o, 30 aprel 2016-cı ildə, yəni STV-nin bağlandığı axşam İstanbulda edib. Türkiyə prezidenti deyib: “Bu ümmətə xəyanət edən kim olursa olsun, bunların üzərinə sonuna qədər gedəcəyik”.

Ərdoğan Fətullah Gülən tərəfdarlarına müraciət edib: “Hələ bu quruluşun içərisində qalmaqda israr edənlər, bax buradan səslənirəm. Ekranların başında bizi izləyənlər, heç qüsura baxmasınlar, başlarına gələcəkləri qəbul edir deməkdir”.

Rza Zərrab Türkiyədə həbs edilən zaman - 17 dekabr 2013-cü il
Rza Zərrab Türkiyədə həbs edilən zaman – 17 dekabr 2013-cü il

AKP-Fətullah Gülən qarşıdurmasının tamamilə indiki Türkiyə hakimiyyətinin qələbəsi ilə başa çatmış saymaq olardı. Amma bu il martın 19-da Rza Zərrabın ABŞ-ın Mayami şəhərində həbs olunmasından sonra AKP təmsilçilərinə qarşı ABŞ-dan ittihamlar gələcəyi gözlənilir. Türkiyənin indiki iqtidarı ilə həddindən yaxın əlaqələrə malik olan Rza Zərrab İrana qarşı ABŞ tərəfindən tətbiq olunan sanksiyaları pozmaqda günahlandırılır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın