Türkiyə Respublikasının Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan millət vəkili Yusuf Halaçoğlu: “Türkiyə rəhbərliyi Bəşər Əsədlə yenidən eyni masaya oturmalıdır. Suriyada sabitlik bərpa edilmədən İŞİD də bitməz, başqa terror qrupları da”.

“Yaxın Şərqdə çox ciddi qarışıqlıq yaşanmaqdadır. Bu vəziyyət dərhal sona çatdırılmalıdır, əks təqdirdə daha çox terror hadisələrinə şahid ola bilərik”.

Bunları Sputnik-ə açıqlamasında MHP-li millət vəkili Yusuf Halaçoğlu deyib: “İstanbuldakı terroru İŞİD-in törətdiyi bildirilir. Təşkilat qurmuş olduğu saxta xəlifəliyin 2-ci ili münasibətilə bu hücumu törətdiyini açıqlayıb. Xüsusilə də mübarək Ramazan ayında bu ölçüdə qətliama girişməyə ad qoymaq mümkün olmur”, — millət vəkili vurğulayıb.

Onun sözlərinə görə, bu təfəkkürün, vəhşiliyin İslam dini ilə heç bir əlaqəsi yoxdur: “Sivil, günahsız insanların üzərinə “koloşnikov”la güllə yağdırmaq, bombalarla onları partlatmaq bir daha göstərir ki, bunu edənlər insanlıqdan nəsibini almayıblar”.

Y. Halaçoğlu Yaxın Şərqin bu duruma düşməsində başlıca günahkarın Avropa olduğunu bildirib: “Durumun bu yerə çatmasında ən böyük təqsirkar Avropadır, Qərbdir, Avropanın Yaxın Şərq siyasətidir. Regiona sözdə demokratiya və insan haqlarını gətirməyə çalışan Qərb, çox yanlış bir siyasətə girişdi. Və bu gün bölgədə meydana gələn bütün hadisələrin səbəbkarı Qərbdir”.

MHP-li vəkil ard-arda yaşanan terror aktlarından sonra Türkiyə Respublikasının təkbaşına Suriyaya girmə ehtimalını da dəyərləndirib: “Bu o qədər asan bir şey deyil. Ancaq dəqiq bir şey söyləyə bilərəm ki, Türkiyə bu böhranı hansısa şəkildə həll etməyə məcburdur. Başqa çarəsi yoxdur”.

“Nə edirsək edək, bu terror qurumunu ortadan qaldırmağa çalışmaq lazımdır. Əgər lazım gələrsə, Bəşər Əsədlə masaya oturub yenidən Suriyanın bütövlüyünü bərpa etməklə bağlı ciddi addımlar atıla bilər. Çünki Suriya artıq nəzarətdən çıxmış vəziyyətdədir. Bu ölkədə sabitlik bərpa olunmadan, İŞİD də bitməz, başqa terror qrupları da. Dolayısı ilə Türkiyəni yönəldənlər artıq bunu anlamalıdır”, — MHP-li siyasətçi bildirib.

Xatırladaq ki, dünən gecə İstanbul Atatürk hava limanında baş verən terror aktı nəticəsində 41 nəfər ölmüş, 147 nəfər yaralanmışdı. Baş nazir Binəli Yıldırım terrorun özünü “İslam dövləti” adlandıran terror qruplaşması tərəfindən törədildiyini demişdi. Bütün Türkiyəni qana bulayan terror olayına dünya ulduzları da biganə qalmayıb, Enrike İqlesias, İrina Şeyk, Madonna və Donald Tramp Türkiyə Respublikasına dəstək nümayiş etdiriblər.

Öncəki xəbərBaltika-Bakı şirkəti (Xırdalan, Baltika, Əfsanə) pivə istehsalını dayandırır
Sonrakı xəbərQədim Tiflis – Gürcüstanın göydələn və tıxaclar görməyən paytaxt şəhəri
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın